Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında millət vəkili Ilyas Ismayılov ölüm hökmünün bərpa edilməsini istəyib. Onun sözlərinə görə, ölüm hökmünün ləğvi doğru addım olmayıb və şəxsiyyət əleyhinə cinayətlərdə bu cəza saxlanılmalıdır. I.Ismayılov hesab edir ki, ölüm cəzasının bərpasına ehtiyac var və bu, cinayətlərin sayının azalmasına təsir göstərə bilər. Lakin bununla bağlı fikir birmənalı deyil.
«Məhkəmə sistemi müstəqil, cəza sistemi isə real olmalıdır»
Hüquqşünas Əyyub Kərimov deputatın fikrini paylaşmadığını deyir: “Deyə bilmərəm Ilyas Ismayılov hansı əsasları gətirib deyir ki, ölüm hökmü şəxsiyyət əleyhinə cinayətlərin sayını azaldacaq. Ortaya statistika qoyulmalıdır ki, ölüm hökmü olanda cinayətkarlığın səviyyəsi necə idi”.
Ölüm cəzasının bərpasına ehtiyac görmədiyini deyən ekspert məhkəmə sistemində islahatlara ehtiyac olduğunu deyir: “Məhkəmə sistemi müstəqil, cəza sistemi isə real olmalıdır. Onda cinayətkarlığa qarşı real mübarizə aparıla bilər. Ölüm hökmünü bərpa etmək məqsədəuyğun deyil”.
«Bu, insanların ədalətsiz olaraq nəinki azadlıqdan məhrum etmə, hətta öldürülməsinə gətirib çıxaracaq»
Hüquqşünas Əlövsət Əliyev də deputatın təklifi ilə razı deyil. Onun fikrincə, aparılmış təcrübələr, elmi əsaslandırmalar göstərir ki, ölüm hökmünün bərpa edilməsi, yaxud mövcud olmaması cinayətkarlığın qarşısının alınması baxımından heç bir rol oynamır: “Əgər Ilyas Ismayılov baş prokuror olduğu dövrdəki işləri əsaslı şəkildə ortaya çıxarıb ictimaiyyətə təqdim etsə də ki, doğrudan da ölüm hökmünün qüvvədə olduğu müddətdə Azərbaycanda şəxsiyyət əleyhinə olan xüsusilə ağır cinayətlərin sayı indikindən daha az idi, onda bəlkə də bu barədə düşünmək olardı. Amma cinayətlərin elmi araşdırmaları göstərir ki, cəzanın ağır olması heç vaxt cinayətlərin azalmasına təsir göstərmir”.
Ekspertin sözlərinə görə, yalnız cəzanın effektli olması cinayətlərin azalmasına, yaxud da eyni şəxslər tərəfindən təkrar törədilməsinə təsir göstərə bilər. Bu səbəbdən də cəzanın effektliyinin üzərində düşünmək lazımdır: “Bu gün Azərbaycanda cəza siyasəti effektli deyil. Insanların azadlıqdan məhrum edilməsi onların islah olunmasına gətirib çıxarmır. Amma hesab etmirəm ki, bu təklifin əhəmiyyəti olacaq. Hətta parlament belə qərar qəbul etsə belə, bu, mənim üçün şübhəli qalacaq. Çünki cəzanın ağır olması, ölüm hökmünün tətbiq olunması Azərbaycanda cinayətkarlığın azalmasına səbəb ola bilməz”.
Ə.Əliyev ölüm hökmünün bərpa edilməsinin Azərbaycanın imicinə zərər gətirəcəyini də qeyd etdi. Çünki beynəlxalq təşkilatlar qarşısında ölüm hökmünün ləğv olunması ilə bağlı bir vaxtlar öhdəliklər götürüb və bunu icra edib.
Ekspert həmçinin vaxtilə ölüm hökmünə məhkum edilmiş şəxslərin barəsində sonradan hökmlərin dəyişdirildiyini, onlara daha yüngül cəza verildiyini xatırlatdı. Bu şəxslərin böyük əksəriyyəti indi azadlıqdadır: “Bugünkü reallıqdan baxanda görürsən ki, həmin şəxslərin əməlində heç cinayət tərkibi də olmayıb. Onda siyasi düşüncəsinə görə barəsində ölüm hökmü çıxarılmış şəxslərlə bağlı qərarlar dərhal icra ediləcək. Bu da insanların ədalətsiz olaraq nəinki azadlıqdan məhrum etmə, hətta öldürülməsinə gətirib çıxaracaq. Ona görə bunu normal hesab etmirəm”.
Fizzə