Hər bir insanın dəyərini tarix verdiyi kimi, tarixin dəyərini də insanlar verir. Yaşadığı zamana dəyər qatan, onu salnamələşdirən və dastanlaşdıran həmin dövrün görkəmli şəxsiyyətləridir, əlbəttə ki.
Qədim türk tarixinin incisi olan “Kitabi-Dədə Qorqud”u ilk oxuduğumda qəribə hisslər keçirmişdim. Bir az duyğu, bir az qürur və bir az da kədər vardı o hisslərin arasında. Bu dastan hər şeydən öncə türk xalqının böyük insanları haqqında yazıya alınmış bir epopeyadır. O insanların sevgisini, nifrətini, savaşını, qazancını, itkisini, xülasə, onların yer üzündə var oluşundan yüz illərə uzanan yolunu əks etdirən bir epopeya. Bəzən belə möhtəşəm yüz illər haqqında oxuduğunuz zaman özünüzün necə bir tarix yaşadığınızın belə fərqində olmazsınız…
Yol seçmək bir az da tale yazısına bənzəyir. Bu seçimdə insanın öz qəlbi, öz qərarı, öz imzası olsa belə, mütləq mənada hansısa gözəgörünməz bir qüvvənin onu yönləndirdiyi var. Dediyim kimi, çox gənc yaşlarımda “Kitabi-Dədə Qorqud” dastanını oxuduğum zaman yaxın gələcəyin necə şanlı tarix səhifələrini yazan böyük insanlarla bir sırada yer alacağımı xəyal belə etməmişdim. Bir ideal, bir şərəf simvolu, bir hekayə qəhrəmanı kimi qalmışdı o dastan insanlar ağlımda hər zaman. Amma bir gün qeyri-ixtiyari uzaqlara aparan uzun bir yolun ardında yürüyən gördüm özümü. Qaranlıq tunelin sonundakı işığın arxasınca gedən insanları tanıdım o yolda. Eynən, dastan qəhrəmanlarını xatırladan insanlardan yaranmış uzun-uzun sıralar gedirdi uzaqlara. O dastan qəhrəmanları qədər müdrik, cəsur, igid, dəliqanlı, mərd insanların salnaməsi yazılacaqdı o gündən başlayaraq, yeni tarixin qəhrəmanlıq salnaməsi…
O salnamədə yeni əsrin Azərbaycan tarixi yer alacaqdı, zəfəri, məğlubiyyəti, uğuru, uğursuzluğu, qazancı, itkisi ilə bir arada. Canlar gedəcəkdi, qanlar axacaqdı, qurbanlar veriləcəkdi. Bunlarsız necə ola bilərdi ki, şərəfli bir yolun sonuna qədər ayaqda dayanmaq? Yalıncıq kimiləri də çıxacaqdı arada-sırada. Namərdliyini, arxadan bıçaq saplamağını əsirgəməyəcəkdi fürsət düşəndə. Lakin o şanlı tarixin içində
zaman göməcəkdi onları, qara bir xətt çəkəcəkdi hamısının üzərindən. Bayraq insanlar çıxacaqdı tarixin önünə, yeni zəfər dastanını yazmaq missiyası onların öhdəsində idi çünki…
O qaranlıq tunelin sonundakı işıq Azərbaycanın istiqlal günəşindən yansıyan aydın bir sabah idi. Tarixi dəyişən, zamanın çarxını tərsinə çevirən, “sındırılan qəfəsin tazə gülüstanına” açılan gözəl bir sabah! Həmin dastan insanların təmənnasız sevgisindən, savaş əzmindən, azadlıq arzularından doğulan bir sabah! Arxaik düşüncələri yıxıb keçən, tabuları dağıdan, qoca əjdahanın dişlərini qıran insanlar vardı o tarixin səhnəsində. Və tarix çoxdandı belə şanlı zəfər dastanına səhnə olmamışdı bu qədim məkanda.
Tarixin dəyərini verən insanlardır, bəli. İyirmi beş il bundan öncə zaman maşınının qarşısına çıxıb, tarixin təkərini dəyişən o insanlar da məhz zamanın haqqını verən insanlardı. Böyük bir CƏBHƏDƏ birləşib tarixi yenidən yazmaq o insanların tarix qarşısındakı borcu idi. O, şərəfli bir borc idi. Bir xalqı yenidən doğmağa, yenidən var olmağa, yenidən insanlığın bir parçası olmağa səfərbər edən insanların borcu. Məhz o insanların böyük mübarizəsi sayəsində on illər sonra bu ölkəyə yeni nəfəs gəldi…
Azadlıq mübarizəsi çox zaman aparan yoldur, bəzən uzandıqca uzanar. Amma tarixdə elə bir xalq yoxdur ki, onun inadlı mübarizəsi sonunda qəti zəfərə aparıb çıxarmasın. Bu, bir həqiqət olmasaydı, iyirmi beş ildən bəri eyni CƏBHƏDƏ çiyin-çiyinə səngər savaşı verən insanların yolu bura qədər və bu qədər ləyaqətlə davam edə bilməzdi…