Vəzirov Heydər Əliyevin onu təriflədiyini bildirir
Sovet Azərbaycanına rəhbərlik etmiş 84 yaşlı eks-diplomat Əbdürrəhman Vəzirov öz siyasi və diplomatik fəaliyyəti ilə bağlı “Mənim diplomatik xidmətim” adlı xatirələr kitabını yazıb. Azərbaycanda ictimaiyyətin geniş nəzərindən yayınan kitabda Ə.Vəzirov öz həyat yoluna işıq salıb və o zamankı sovet rəhbərliyi ilə münasibətlərini, qürbət ölkələrdə səfir kimi çalışarkən keçirdiyi görüşləri, mövcud ictimai-siyasi situasiyanı şərh edib.
Modern.az saytı Azərbaycanın sabiq rəhbərinin xatirələrinin 2-ci hissəsini ixtisarla təqdim edib. Bu hissədə ən maraqlı Heydər Əliyevin Vəzirovu tərifləməsidir. Vəzirov yazır: “Mənim Kəlküttəyə konsul təyin olunmağım Hindistan prezidenti tərəfindən təsdiqləndikdən sonra 1976-cı il 17 iyun gecəsi Dehliyə uçdum. Stüardessadan şampan gətirməsini xahiş etdim – həyat yoldaşımın ad gününü qeyd etdik.
Kəlküttə çoxtərəfli, ekzotik və ən əsası heç kəsi laqeyd qoymayacaq şəhər idi. Yaddaşımda Kəlküttədə keçirdiyim 3 il (1976 iyun – 1979 iyun) işıqlı xatirələrlə zəngindir. Hindistanda 2 iri maliyyə-sənaye qrupu var idi – Tata və Birla. Biz onlara sovet xarici iqtisadi və xarici ticarət təşkilatları ilə əlaqə qurmağa yardım edirdik. Konsul olduğum dövrdə Assam və Meqxalaya ştatlarındakı məşhur qoruqlara səfər yadımda qaldı. Robindranat Taqorun yurdu – Şantininketana səfərim, yerli tələbələrlə görüşüm də xatirimdədir.
Kəlküttəni həyat yoldaşım Irina ilə birlikdə həm kədərli, həm də minnətdarlıq ruhunda tərk edirdik. Və sonra tez-tez həmin vaxtları xatırlayırdım. Yerinə yetirilmiş borc hissi ilə buranı tərk edirdim. Həmin vaxt Hindistanda səfərdə olan Heydər Əliyev səfirlikdə keçirilən günorta yeməyi zamanı mənim şərəfimə badə qaldırdı: “Sən Kəlküttədə qısa vaxtda nə etmisən? Pyotr Vasilyeviç Kuçobin (Mərkəzi Komitənin beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri) Moskvadan bura qədər yol boyu sənin baş konsulluğunun uğurlarından danışırdı”.
Ötən hissədə Heydər Əliyevin Vəzirova müxtəlif vəzifələr təklif etdiyi qeyd olunmuşdu. YAP-dan buna sərt reaksiya gəlmişdi. YAP-çı deputat Aydın Mirzəzadə Vəzirovun səmimi olmadığını iddia etmişdi.


