«Azərbaycan Rusiya və Belarusla silah alverindən imtina etsə, bu ölkələrə daha böyük zərbə vurar»
Xəbər verildiyi kimi, 2014-cü il oktyabrın 1-dən Gömrük Ittifaqının ərazisindən idxal edilən mallara əlavə tələblər tətbiq ediləcək. Həmin tarixdən etibarən Gömrük Ittifaqının gömrük ərazisinə dəmiryol nəqliyyatı vasitəsilə daxil olan mallarla bağlı məcburi ilkin məlumatlandırma tələbi qüvvəyə minəcək.
Qəbul edilmiş müvafiq qərara görə, Gömrük Ittifaqının vahid gömrük ərazisi ilə daşıyıcı, o sıradan gömrük daşıyıcısı onların GI-nin gömrük sərhədini keçənədək iki saat ərzində bu barədə ilkin məlumat verməlidir.
Bu qadağanın Azərbaycana hansı təsirlərin olacağı gözlənilir?
Iqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, bu tələb xəbərdarlıq kimi qəbul olunmalıdır. Çünki bu prosedur o qədər də çətin deyil. Gömrük Ittifaqına üzv olmayan ölkələr üçün xəbərdarlıqdır ki, gələcəkdə bu tip əngəllər daha da kəskinləşəcək. Quruma daxil olan ölkələrdə ticarət əlaqələri qurmaq istəyən ölkələr ya Gömrük Ittifaqına üzvlük haqqında qərar verməlidirlər, ya da bu barədə daha ciddi danışıqlara başlamalıdırlar. Ona görə də bu addımı bir xəbərdarlıq kimi qəbul etmək olar.
Ekspert Azərbaycanın bu təzyiqlərə davam gətirə biləcəyini də qeyd etdi: “Azərbaycanın Gömrük Ittifaqına üzv olan ölkələrdən əsasən Rusiya ilə ticarət əlaqələri var. Qazaxıstandan ən çox aldığımız məhsul taxıldır. Rusiyadan və Belarusdan ən çox aldığımız məhsul silahdır. Yəni bizim onlara cavab vermək üçün kifayət qədər əlimizdə imkanlar var. Azərbaycanın ən çox satdığı məhsul kənd təsərrüfatı məhsullarıdır. Bunlar da ən azı digər bazarlarda, Ukrayna kimi böyük bazarda özünə yer tapa bilər. Amma Azərbaycan Rusiya və Belarusla silah alverindən imtina etsə, bu ölkələrə daha böyük zərbə vurar. Çünki onlar bu əməkdaşlıqdan bizdən daha çox pul qazanırlar. Ona görə bu mənada Azərbaycanın vəziyyəti digər ölkələrə nisbətən yaxşıdır və bu təzyiqlərə davam gətirə bilər. Ancaq söhbət ondan gedir ki, Azərbaycan hakimiyyəti bu təzyiqlərə sona qədər davam gətirə biləcək, ya yox. Yaxud bu təzyiqlər təkcə iqtisadi məsələlərlə məhdudlaşacaqmı. Burda bəzi suallar açıq qalır”.
Fizzə


