Medianın inkişafına yönələn layihə iqtidarı niyə narahat etməlidir?
USAID-in (ABŞ Beynəlxalq Inkişaf Agentliyi) Azərbaycanda müstəqil medianın inkişafı üçün 2,4 milyon ABŞ dolları məbləğində qrant elan etməsi ciddi rezonans doğurub.
Artıq ABŞ-ın Azərbaycandakı səfirliyindən məsələyə rəsmi münasibət açıqlanıb. Səfirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ABŞ Beynəlxalq Inkişaf Agentliyi – USAID tərəfindən Azərbaycanda müstəqil medianın inkişafı üçün qrantın gizlin elan edilməsi ilə bağlı yayılan məlumatlar tamamilə yanlışdır: “Sözügedən layihə barədə məlumatı USAID öz www.grants.gov saytında yerləşdirib. Bu veb-sayt ictimaiyyət üçün açıqdır. Elan mayın 21-dən iyulun 7-dək ictimaiyyət üçün açıq olub. USAID normalda etdiyi kimi, bu dəfə də layihəyə dair qrant məlumatlarını yerli media daxil olmaqla, hər bir kəs üçün açıq olan www.grants.gov saytında yerləşdirib. Layihə çərçivəsində bu dəfə heç bir təşkilat qrant udmayıb və ya qazanmayıb. Heç bir təşkilata da hansısa maliyyə ayrılmayıb”, deyə səfirlikdən bildirilib.
Səfirliyin məsələyə aydınlıq gətirməsinə baxmayaraq rəsmi mətbuat bu mövzuya xüsusi diqqət ayırıb.
Qeyd edək ki, elanın vaxtının müddəti cəmi bir həftə olub. Rəsmi mətbuat isə bunu qeyri-şəffaflıq kimi qələmə verməyə çalışır. Hakimiyyətə yaxın bütün nəşrlər USAID-in heç kimə çatmayan qrant layihəsində özünə qarşı təhlükə axtarışına başlayıb. Hər zaman iqtidarın maraqlarını dilə gətirən ekspertlər isə USAID-in qrant elanının cəmi bir həftə saytda qalmasının qaranlıq məqamlardan xəbər verdiyini iddia edir.
Əvvəla qrantı heç kimin udmaması artıq bu mövzunun gündəmdən çıxmasına əsas verir. Lakin yalnız özünə sərf edəndə şəffaflığı yada salan hakimiyyət nəşrlərini hətta udulmayan qrant da narahat etməkdədir. Medianın inkişafına yönələn layihə iqtidarı niyə narahat etməlidir? Dövlət başçısı özü də dəfələrlə hakimiyyətin medianın inkişafında maraqlı olduğunu deyib. Düzdür, müstəqil mətbuatı təzyiq altında saxlayan iqtidar təmsilçiləri üçün bu söz xatirinə deyilən söz olaraq qalır. Ancaq Yaxın Şərq ölkələrində demokratik proseslərin bu cür vəsaitlərin hesabına baş qaldırdığını yazan rəsmi mətbuatın diqqət yetirməli olduğu xeyli daha vacib mövzular var.
Son günlər gündəmin ən çox müzakirə olunan mövzuları nəyə görəsə rəsmi mətbuatın diqqətindən qaçıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Gürcüstan DIN-i Azərbaycandan gələrək Türkiyə istiqamətində hərəkət edən yük maşınından 2 ton 790 kiloqram maye heroin aşkar edib. Təxminən 165 milyon dollar dəyərində olan narkotik maddə 93 ədəd 30 litrlik maye sabun çəlləklərində qablaşdırılıb. USAID-in 2,4 mln dollarlıq layihəsinə bu qədər diqqət ayıran rəsmi mətbuat bu məlumatlara diqqət ayırmağı lazım bilməyib.
Hakimiyyəti tənqid edən gənclərin cibinə narkotik atan, həbsxanaya keçirilən kiçik həcmli narkotikləri tuta bilən Azərbaycan hüquq mühafizə orqanlarının 3 ton narkotiki diqqətdən kənarda saxlaması əslində Azərbaycanın nüfuzuna vurulan zərbədir. Ancaq bu, rəsmi mətbuatı narahat etmir. Əsas USAID-in Azərbaycanda müstəqil medianın inkişafı üçün ayırmaq istədiyi qrantdır. Çünki iqtidarı və onun xidmətində olan mətbuatı Azərbaycanın nüfuzundan çox müstəqil mətbuatın inkişafı narahat edir.
Fizzə


