Yaxud, AXC hökuməti Әliyevlərin 21 ildə görə bilmədiyi işlərdən artığını 1 ildə necə gördü
AXC hakimiyyətinin devrilməsindən 1 ay qabaq dövlət katibi təyin olunmuşdum. Cəmi 1 ay bu vəzifədə işləyə bilmişdim ki, hökumətimizə qarşı qiyam başladı. İkinci ayı da işlədim. Amma artıq iş imkanı yox idi. İkinci ay qiyama, dövlət çevrilişinə müqavimət ayı idi. Dövlət katibi təyin olunmazdan qabaq isə Prezident Aparatında şöbə müdiri vəzifəsində çalışırdım. Həm şöbə müdiri, həm də dövlət katibi işlədiyim müddətdə AXC hakimiyyətinin səhvlərini açıq tənqid edirdim. Sonradan cəmiyyətin müəyyən hissəsinin AXC hökumətinə səhv tutduğu bəzi hərəkətləri mən o zaman hökumətdə ola-ola tənqid edirdim. Tənqidlərim səmimiyyətdən doğurdu. Bilirdim ki, AXC hökuməti xalqımıza böyük xidmət göstərir. Amma inanırdım ki, bəzi məmurların, nazirlərin yersiz, avantürist hərəkətlərinin qarşısını qətiyyətlə almaqla bu xidməti daha da təkmilləşdirmək olar.
Hakimiyyətdən devrildikdən sonra da AXC-də islahatlar aparılmasına təkid edirdim. Rəhmətlik Əbülfəz bəylə dəfələrlə müzakirələr aparmışdıq ki, AXC-nin bir illik hakimiyyətinin yaxşı işləri öz yerində, amma müəyyən səhvlərinin də olduğu etiraf edilməlidir. Bu səhvləri AXC ( AXCP)-nin quracağı gələcək hökumətlərin təkrar etməməsi üçün partiyamızda ciddi islahatlar həyata keçirilməlidir. İlk növbədə AXC hökumətində öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməmiş şəxslər hərəkətlərinə görə siyasi məsuliyyət daşımalıdırlar.
Belə də oldu. Həmin şəxslər ya AXC-dən xaric edildilər, ya da AXCP-yə üzv olmalarına imkan verilmədi. Bu məsələlərdəki prinsipial mövqeyimə görə partiya daxilində mənə qarşı qruplaşma da yaranmışdı. Sonradan, Əbülfəz bəy rəhmətə gedəndən sonra partiyamızda müəyyən parçalanma da oldu. Baxmayaraq ki, bu parçalanmadan sonra biz də, bizdən ayrılmış digər qrup cəbhəçilər də özümüzü məhz AXCP adlandırırdıq, ancaq ictimaiyyət, mətbuat bizi islahatçı cəbhəçilər, bizdən ayrılmış qrupu isə klassik cəbhəçilər adlandırırdı. Bu vəziyyət illərlə davam etdi. Nəhayət, cəbhənin o biri hissəsinin adının qarşısına rəsmən “klassiklər” yazıldı. Bu adla da qeydiyyatdan keçdilər. Bizim də “islahatçılar” olduğumuz beləliklə, “unuduldu”. Biz olduq sadəcə, AXCP.
Bunları ona görə xatırlatdım ki, mən də daxil olmaqla bugünkü AXCP rəhbərliyinin AXC-nin 1 illik iqtidarı zamanı görülən nə müsbət işlərdə, nə də yol verilmiş səhvlərdə payımız, rolumuz böyük olub. AXCP-də ciddi nəsil dəyişikliyi baş verib. Bu səbəbdən mən də, indiki AXCP komandası da AXC-nin 1 illik hakimiyyəti ilə bağlı müzakirələrdən kənarda qala bilərdik. Amma AXC iqtidarı ilə bağlı çoxsaylı, qərəzli yalan və böhtanlara cavab olaraq həmin hökumətin 1 il ərzində gördüyü böyük işlərdən yazmaq qərarına gəldim.
Əvvəl istədim ki, 21 ildir AXC-nin 1 illik iqtidarını asıb-kəsənlərə qısaca deyim: “Nə istəyirsiz? Sizin prezident ölkənin qızıl yataqlarını, banklarını, milyardlıq şirkətlərini övladlarına verir, bizim prezident isə təzə ayaqqabı istəyən qızına maaşını almağı gözləməyi məsləhət görürdü”. Başa düşən üçün elə bu, kifayətdir axı. Amma yox, başa düşməyənlər də xeylidir. Ona görə də AXC hakimiyyətinin cəmi 1 il ərzində gördüyü işlərdən yazıram. Xüsusilə gənclər üçün.
Beləliklə, “Gəlmişdiz də, gördük” deyənlər bunları niyə görmədi?
1. Bilirəm, hökumətin həqiqi vətənpərvərlərə divan tutmaq və Qarabağı unutdurmaq siyasəti onunla nəticələnib ki, indi bu mövzu ölkəmizdə nəinki prioritet deyil, heç xeyli adam üçün təəssüf, maraqlı da deyil. Amma mənim üçün Qarabağ mövzusu prioritet olaraq qalır. Ona görə də ilk növbədə AXC hökumətinin Qarabağ siyasəti haqda.
AXC-nin bir illik hakimiyyəti zamanı Qarabağın geri qaytarılması uğrunda hər gün gərgin mübarizə aparılırdı. Bizdən əvvəl ordu yox idi. Savaş gedə-gedə ordu formalaşdırılırdı. Bəli, itki də verirdik, əsgərlərimiz şəhid olurdu. Amma itki vermədən torpaqları işğalçıdan necə təmizləmək olardı ki? Gözümüzün qabağında ukraynalılar vətənlərini qorumaq üçün savaşıb itki vermirlərmi? Həm də biz xalqın uşaqlarını orduya göndərib, qaçıb-gizlənmirdik, şəhid olanların böyük bir hissəsi elə könüllü olaraq cəbhəyə getmiş AXC üzvləri idi. Hər halda şəhidlərin arasında bir nəfər də YAP-çı yox idi. Qarabağın 40%-i artıq düşməndən azad edilmişdi. Laçın və Şuşanın əksər kəndləri geri alınmışdı. Ermənilər Qarabağdan kütləvi şəkildə köçürdülər. Hətta daxili xəyanət və Rusiyanın açıq dəstəyilə (AXC hakimiyyətinin son aylarında) Kəlbəcər işğal olunsa da, hərbi balans bizim xeyrimizə idi. Diplomatik sahədə mövqeyimiz o qədər güclü idi ki, indi də öyündüyümüz BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğalından sonra qətnamə qəbul edərək rayonun qeyd-şərtsiz azad olunmasını tələb etmişdi və ən maraqlısı, Ermənistan bu qətnaməni yerinə yetirəcəyini rəsmən qəbul etmişdi – Kəlbəcərin 2 ay ərzində azad olunmasını nəzərdə tutan yol xəritəsi ilə razılaşmışdı. Təbii ki, iyun qiyamı erməniləri bu öhdəliklərini yerinə yetirməkdən xilas etdi. O zaman müharibədə vasitəçilik missiyasını “üçtərəfli təşəbbüs” adı ilə ABŞ, Rusiya və… təəccüblənməyin, Türkiyə həyata keçirirdi. Bəli, Azərbaycanın hərbi, diplomatik mövqeyi o qədər güclü idi ki, Ermənistan Türkiyənin vasitəçiliyinə razılaşmağa məcbur olmuşdu. Siz bu boşboğazların diplomatik uğurlar haqda nağıllarını qoyun bir tərəfə, 20 il hakimiyyətdə olandan, 100 milyard dollarlıq neft satandan sonra belə YAP hakimiyyəti Türkiyəni həmsədrlər arasına qaytara bilərmi?
2. Azərbaycan hökuməti həmin bir ilin ərzində Rusiya qoşunlarının ölkəmizdən çıxarılmasına nail oldu. Elə bir vaxtda ki, Rusiya qoşunları hələ Berlin və Varşavanı tərk etməmişdi. Bunun nə qədər böyük hadisə olduğunu başa düşmək üçün Rusiyanın 2008-ci ildə Gürcüstanla, bu il isə Ukrayna ilə necə rəftar etdiyini xatırlamaq lazımdır. Bir anlığa təsəvvür edin ki, bizim hökumət Rusiya ordusunu ölkədən çıxarmamışdı. O halda bu ölkənin müstəqilliyi real olardımı?
3. AXC hakimiyyətə gələndə ölkədə ciddi iqtisadi böhran var idi. 3-4 ay idi ki, dövlət vətəndaşlara əmək haqqı verə bilmirdi. Zəruri ərzaq məhsulları əhaliyə talonla verilirdi. İqtisadiyyat hər ay əvvəlki aya nisbətən daha da kiçilirdi. Dövlət rezervi adına cəmi 1.5 milyon dollar ehtiyat var idi. AXC hökuməti əmək haqqı borclarını tezliklə ödədi. Dövlət ehtiyatlarını 101 dəfə artıraraq 156 milyon dollara çatdırdı. Təqribən 4 tona yaxın qızıl və digər qiymətli daşlardan ibarət Ləl-Cəvahirət Fondu yaratdı. Cəmi 3-4 ayın ərzində dövlətin tam nəzarət etdiyi iqtisadi sistemdən bazar iqtisadiyyatına keçidi təmin edəcək iqtisadi islahatların hüquqi bazası yaradıldı. Bu məqsədlə 35 qanun qəbul edildi. Cəmi 10 aya iqtisadi böhran durduruldu. İqtisadiyyatda artım başladı.
4. Bütün dövlət idarələrinin qapıları vətəndaşların üzünə açıq idi. Prezident də daxil olmaqla vəzifəli şəxslər (kiçik istisnalarla) hər gün vətəndaşları qəbul edirdi. Ciddi siyasi islahatlar aparılırdı. Demokratik dövlət quruluşunun hüquqi bazası yaradılırdı. Siyasi partiyalar haqda, ictimai təşkilatlar haqda, mətbuat haqda, həmkarlar ittifaqları haqda və s. demokratik qanunlar qəbul edildi. Sonralar həmin qanunları mürtəceləşdirmək üçün Əliyevlər hakimiyyəti illərlə çalışmalı oldu. Müxalifət partiyalarının nəinki Bakıda, regionlarda da qərargahı var idi. Ana müxalifət partiyası olan AMİP öz qızıl dövrünü yaşayırdı. Parlamentdə müxalifətin iştirakı ilə aparılan müzakirələr televiziyada göstərilirdi. Parlamentdən kənarda da televiziyada müxalifətin iştirakı ilə polemikalar aparılırdı.
5. Məhkəmələrin müstəqilliyi haqda qanun qəbul edilmişdi. Digər hakimiyyət qollarından asılı olmayan müstəqil məhkəmə hakimiyyəti formalaşırdı. İcra hakimiyyəti başçılarının, nazirlərin sərəncamlarının məhkəmələr vasitəsilə ləğv olunması adi hal almışdı. İndi belə bir şeyi təsəvvür edə bilirsinizmi?
6. AXC hökuməti təhsilə xüsusi diqqət yetirirdi. O, ali məktəblərə qəbulda test üsulunu tətbiq etdi. Yalnız bu yolla 60-70-ci illərdə ali məktəblərdə kök salmış təhsil mafiyasının əl-qolunu yığışdırmaq olardı. Amma həmin mafiya da bizdən qisasını aldı. Baxmayaraq ki, müharibə gedən bir ölkədə təhsil işçilərinin əmək haqqı (indiki kimi 10-15% yox) 3 dəfə artırılmışdı, Heydər Əliyev YAP-ı yaratdığını elan etdikdən sonra təhsil mafiyasının gözünə işıq gəldi. “Rüşvətdən anlamayanlardan” canlarını qurtarmaq üçün KQB generalının başına yığışmağa başladılar. Amma AXC hökumətinin təhsil islahatları ardıcıl idi. Bir ilin ərzində dərsliklər yenidən yazıldı. Ən vacibi isə olduqca mütərəqqi təhsil qanunu qəbul edildi. Həmin qanun universitetlərə muxtariyyət verirdi. Təbii ki, sonra gələn hakimiyyət o qanunu əvvəl tətbiq etmədi, sonra da öz standartlarına uyğunlaşdırdı. Yaxşı nəticə göstərən abituriyentlər kütləvi şəkildə və dövlət hesabına Türkiyə universitetlərinə oxumağa göndərilirdi (əvvəlki illərdə ingilis dili yaxşı tədris olunmadığından, o vaxtkı abituriyentlər ingilisdilli ali məktəblərdə oxuya bilməzdilər).
7. Sonradan Əliyevlər hakmiyyətinin uzun illər ərzində öyünəcəyi xarici şirkətlərlə neft müqaviləsi də məhz o zaman hazırlanmışdı. Müqavilə 1993-cü il iyun ayının 30-da imzalanmalı idi. Qiyam imkan vermədi. Qiyamla hakimiyyətə gələnlər isə müqavilənin imzalanmasını əvvəlcə təxirə saldılar, sonra hazır müqaviləni Azərbaycanın əleyhinə xeyli dəyişdilər (bu barədə ayrıca yazaram) və 1994-cü ildə imzaladılar. Uzun illər barəsində boğazdan yuxarı bəlağətli çıxışlar etdikləri Bakı-Ceyhan neft boru kəmərinin çəkilməsi də AXC hökuməti tərəfindən qərarlaşdırılmışdı. 1993-cü ilin martında bu barədə Əbülfəz Elçibəy və Süleyman Dəmirəl razılıq əldə etmişdilər. 9 mart 1993-cü ildə isə prezident Əbülfəz Elçibəyin sərəncamı ilə Bakı-Ceyhan boru kəmərinin müqaviləsinin hazırlanması üzrə işçi qrupu yaradılmışdı.
8. Başa düşürəm ki, feysbuk statusu üçün çox böyük alındı. Ona görə də yazını yekunlaşdırıram. Amma sonda bir məsələni yazmaqla. Əleyhdarlarımızın tez-tez bəhs etdiyi “Gecələr bayıra çıxa bilmirdik, şəhərdə atəş açılırdı. Bakıda əli avtomatlılar gəzirdi” söhbətinə də aydınlıq gətirmək istəyirəm. Qəsdən tarixi təhrif edirlər. Şəhərdə atəş səsləri, müxtəlif silahlı qrupların yaratdığı qorxu mühiti AXC hökumətindən əvvələ və AXC hökumətinin ilk aylarına aid idi. AXC hökuməti ilk 3 ayda həmin qruplaşmaları – qanunsuz silahlı dəstələri əsasən ləgv etdi, əmin-amanlıq bərpa olundu. Silahlı insanlar isə həqiqətən tez-tez gözə dəyirdi. Çünki ölkədə müharibə gedirdi. Həmin silahlılar əsasən ya şəhid olmuş dostlarını dəfn etmək, ya da yaralıları müalicə etdirmək üçün şəhərə gəlirdilər. İndi Ukraynada silahlılar tez-tez gözə dəymir məgər? Müharibə aparan ölkədə başqa necə ola bilər?
Mən yazını burada dayandırıram. Siz istəsəniz, davam edə bilərsiz. Amma hamı insafla desin, müharibə gedən, dövlət institutları formalaşmamış bir ölkədə bir il ərzində bu qədər işləri görmək azdırmı? Sonrakı 21 ildə xalqa bu qədər xidmət göstəriblərmi?



