Siyasi məhbus, Müsavat başqanının müavini Tofiq Yaqublu AXC-nin 25 illik yubileyi münasibətilə təbrik məktubu yollayıb. Onun məktubunu “Azadlıq”a ailəsi çatdırıb. Məktubda deyilir:
“AXC-nin yubileyi təkcə onun hüquqi və mənəvi varisi AXCP-nin üzvlərinin deyil, vətəni sevən, vicdanlı və normal düşünməyi bacaran bütün ölkə vətəndaşlarının bayramıdır. Fəxr edirəm ki, bu milli təşkilat yarandığı gündən onun sıralarına qoşulub, vətənimizin istiqlalı və ərazi bütövlüyü uğrunda mübarizə aparmışam.
AXC böyük Məhəmməd Əmin Rəsulzadə, onun əqidədaşlarının başlatdıqları millət və istiqlal savaşını qaldığı yerdən davam etdirdi. Əbülfəz Elçibəyin rəhbərliyi altında AXC Azərbaycanı yenidən istiqlala qovuşdurdu. Bu gün AXC-nin mənəvi və hüquqi varisi olan AXCP, çağdaş Azərbaycan tarixinin ən nüfuzlu, əqidəli və dönməz siyasi liderlərindən biri olan, hörmətli Əli Kərimlinin rəhbərliyi altında ölkəmizin demokratikləşməsi uğrunda mübarizənin son mərhələsində qəhrəmancasına çarpışır. Hakimiyyətin bitib-tükənməyən represiyaları, təxribatları, hətta diversiyaları nəinki bu təşkilatın əzmini sındıra bilir, əksinə onun daha da mətinləşməsinə səbəb olur.
Əziz cəbhəçilər, sizi bu yubiley bayramınız münasibəti ilə ürəkdən təbrik edirəm. Fürsətdən istifadə edərək, həbsdə olduğum müddətdə mənə və digər siyasi məhbuslara verdiyiniz hər cür dəstəyə görə sonsuz minnətdarlığımı bildirirəm.
Bir məsələni də qeyd etmək istəyirəm. Düşünürəm ki, sağlam məntiqin və ictimai-siyasi zərurətin diqtəsi altında həm Müsavat Partiyası, həm də AXCP özündə güc taparaq, iqtidarın işinə çox yarayan mənasız çəkişmələrə son qoyacaqlar və bu mənfur rejimə qarşı daha effektli mübarizə aparacaqlar.
Bir daha sizləri təbrik edir və apardığınız şanlı mübarizədə qələbə arzulayıram.
Hörmətlə, Tofiq Yaqublu
Şəki qazamatı. 13.07.2014”.


