Reklam saatında görüşmək arzusu ilə

Bu yaxınlarda U.Çörçil haqda sənədli filmə baxdım. Çox maraqlı idi. Bütün həyatı siqar, viski və bir də siyasətlə keçib. Həm də möhkəmcə yazıb, gözəl üslubu və dili olub. Güman, sonuncu olmasaydı, ona Nobel mükafatı verməz və adını da bu sıradaca əbədiləşdirməzdilər. Olsun. Buna sözüm yox. Mənə təsir edən onun müharibə ərəfəsində parlamentdəki çıxışı oldu: “Mən Sizə ağrı, göz yaşı və bir də itkidən başqa heç nə vəd etməyəcəm”.

Bilirsiniz, bu həqiqəti demək, dilə gətirmək bəzən illərlə ümid verməkdən çox yaxşı olur. Insanlar bəzən eyni ünvana illərlə bir məqsədi bilmək üçün üz tuturlar və bu da həqiqəti bilmək olur. Bir çox hallarda insanlara həqiqəti bilməkdən özgə bir şey lazım olmur. Həqiqəti demək mümkün olmayanda insanların ayağına “ümid” adlı bir qandal vururlar ki, uzağa gedə bilməsin. Sonra da həmin ümid patoloji bir tələbata çevrilir, insanlar onu elə hey eşitmək, eşitmək istəyirlər.

Yəməndə insanlar hələ etiraz edir, Liviyada döyüşür, Suriyada itki verir! Biz isə hər rastımıza çıxan müxalifət adamından intizarla bir söz soruşuruq: “Bir dəyişiklik olacaqmı?” Onlar da bütün ümid arsenalını işə salıb bizə nəsə xoş bir söz demək istəyirlər. Bir çox hallarda özümüz də bunu bilirik. Amma onu başqa adamın dilindən eşitmək, başqa adamın təsdiqində dinləmək nəsə bir ayrı cür təsir edir bizlərə! Bəlkə də insanın psixologiyası belədir, insan belə, bu cür yaranıb. Nə etmək olar?
Bir dəfə Moskvada seminarda bir epizod baş verdi. Məruzəçi çıxışına başlayandan az sonra insanlar bir-bir zalı tərk  etməyə başladılar. Görünür, çıxış maraqlı deyildi. Zalda cəmi bir neçə adam qaldı. Seminarın rəhbəri zalı seyr edərək “Azsaylı tamaşaçılar qaldı” dedi. Mən zala baxdım və gördüm ki, həqiqətən elə tamaşaçılar – tələbələr qalıb. Indi siyasət də bu hala gəlib. Yox, mən özünü fəda edən, etiraz edən, hər bir aksiyaya böyük qələbə ümidilə qoşulan insanlara əsla tamaşaçı demək istəmirəm, onlar dünyanın ən tərifli sözlərinə layiqdirlər. Cəmiyyətin böyük bir kəsimi tamaşaçıdır – bəla burasındadır! Onlar dəyişiklik istəyirmi? Bəli, istəyir, özü də çox! Amma bu dəyişikliyi onların əvəzinə başqaları etməlidir – onlar belə düşünür!

Onlara həqiqəti deməyin də mənası yoxdur. Özlərini elə aparırlar ki, sanki bir neçə saatlığa icazə alıblar ki, görsünlər nə var, nə yox?! Ziyalılar da özlərini qəribə aparırlar. Bir vaxt müxalifəti birləşdirməyə böyük “əmək” sərf edirdilər. Indi müxalifət birdir, yekdildir, onlar isə yoxdur və sanki qeyb olublar. Tapmaca budur. Və bu tapmacanın da cavabı budur ki, bu ölkədə hamı özünün reklamı ilə məşğuldur. Reklamsa hər saat və hər an olmur, onun üçün ayrılan vaxtlarda olur. Görünür, hələ vaxtı deyil.
Bəli, real vəziyyət belədir. Indi nə edək? Ağıllı cavabsa budur ki, reallığı dəyişək! Amma necə? Reallığı bir adam, bir qrup dəyişmir, hətta o, ən böyük fədakar əmələ hazır olsa belə! Məgər bir qadının bu qədər fədakarlıq göstərməsi və ya bir uşağın “Azadlıq! Azadlıq!” qışqırması qəhrəmanlıq deyilmi? Amma reallıq böyük hesabla dəyişirmi? Təəssüf, hələ dəyişmir! Amma dəyişəcək, özü də mütləq!

Marksizm klassiklərinin sözünü qəribçiliyə salmaq olmaz. “Yuxarı”lar əvvəlki kimi idarə edə bilməyəndə islahatlara başlayırlar. Indi hələ ki, idarə edirlər, ona görə də islahat-filan yoxdur. “Aşağılar” əvvəlki kimi idarə olunmaq istəmədikdə isə kütləvi etirazlara başlayırlar. Hələ ki, elə bir kütləvi etiraz yoxdur, deməli “aşağılar”ın səbr kasası hələ dolmayıb. Hə, “aşağı”ların səbr kasası daşanda başqa cür olur. “Yuxarı”ların inamındasa bir çat əmələ gəlib. Hə, onlar əvvəlki əminliklə idarə etmir və danışmırlar. Korrupsiyaya qarşı mübarizə-filan da bunun göstəricisidir. Amma çat hələ dərinləşməyib, hələ var…

Kiçik sözardı

U.Çörçilin bir fikri də var: “Mən çox anlaşılmaz bir işlə – siyasət ilə məşğul oluram”. Doğrudan da maraqlı etirafdır. Indi bizlər də çox anlaşılmaz bir işə – siyasətə qarışmışıq. Ha çalışırsan, bir şey anlayasan, alınmır ki, alınmır! Hə, çox qəlizdir, çox!..