Qansızlığa susan insanlıq

Kimsə durub bu məsələni başqa səmtə yönləndirməsin. Məsələnin içində siyasi düşmənçilikmi var, dini düşmənçilikmi, milli düşmənçilikmi, lənətə gəlsin hamısı! Görünən reallıq budur – Fələstində gerçək bir insanlıq dramı yaşanır. Israil kimsəni vecinə almadan, kimsəyə hesab vermədən, kimsədən utanıb-çəkinmədən bələkdəki körpələrin qanını içir, həm də gözünü qırpmadan, tükü tərpənmədən, su içən kimi içir.. Dünyanın da gözü kor, qulağı kar, dili lal olub sanki…  

Illər öncə növbəti belə bombardmanların birində Qəzzaya atılacaq raketlərin üzərinə nifrət dolu şüarlar yazan gənc yəhudi qızlarının fotoları yayılmışdı. O zaman “insanlıq bu qədərmi öldü?”- deyə heyrətlənmişdim öz-özümə. Nələr baş verib o gündən bəri dünyanın gözləri baxa-baxa! Bu gün Suriyada, Iraqda, Çində, Myanmarda çirkin oyunların qurbanı olan insanlar kimin vicdanını ağrıdır ki? Çoxları kimi mənim də bir milli, dini, siyasi təəssübkeşliyim olmamış deyil. Amma bu dəhşətin, bu qaniçənliyin insanlığa nə dəxli var, Allah eşqinə? Bu bir insanlıqdan çıxma, yolunu azma, şüursuzlaşma və qansızlaşma faciəsidir, sadəcə.

Hələ bu nəymiş ki? Günün ən dəhşətli mesajı Israilin ifrat sağçı qadın millət vəkiliÿAyelet Şakeddən gəlib. Ölkəsinin Qəzzaya düzənlədiyi əməliyyatlara dəstək verən Şakked: “Hamısı bizim düşmənimizdir və onların qanı bizim əlimizlə tökülməlidir. Bu, öldürülən terroristlərin anaları üçün də keçərlidir. Anaların oğullarının arxasından getməsi də ədalətli olar. Onlar da ölməli və evləri yıxılmalıdır ki, bir daha terrorist yetişdirə bilməsinlər”.

Bu, bir şovinist yəhudi qadının sözləridir, doğru. Amma bu vəhşət saçan sözlərə ilk kəskin etirazını bildirən də elə bir yəhudi jurnalistdir. Qadın millət vəkilinin sözlərindən dəhşətə gələn yazar Mira Bar Hillel bu rəzalət qarşısında öz vətəndaşlıq pasportunu yandırmağı düşündüyünü açıqlayıb. O, Hillel Şakkedin söylədiklərini faşist çağırışlarına bənzədərək, yazır ki, 1939-cu ildə Polşa işğal olunanda faşistlər onun xalasını da yəhudi olduğuna görə üç uşağıyla bərabər qətlə yetiriblər. Yazar qeyd edir ki, faşistlərin o zamankı düşüncələri ilə qadın millət vəkilinin düşüncələrində heç bir fərq yoxdur.

Doğrudur. Heç insanlığa münasibətdə hazırkı Israil hökuməti ilə Hitler hökumətini də çox şey ayırmır. Jurnalist Hillel gerçəklərə ədalət gözüylə baxan bir insandır. Axı insan olmağa nə əngəl yaradır ki? Milli kimlikmi, dini inancmı, siyasi baxışmı? Xeyr, heç bir şey. O da bir xristiandı. Portuqaliyalı futbol ulduzu Kristino Ronaldo. Yaxın günlərdə növbəti dəfə şəxsi qazancından fələstinli uşaqlara Ramazan bayramı üçün 2 milyon dollar ayırıb. Bu, şöhrətli futbolçunun fələstinli uşaqlara ilk yardımı deyil. O, 2012-ci ildə satışa çıxardığı “Qızıl butsi” mükafatının satışından gələn 1,5 milyon avronu da eyni məqsəd üçün bağışlamışdı.

Bəli, insan olmaq üçün heç nə əngəl deyil. Tam olaraq Hillel və Ronaldo kimi. Amma dərd başqadır, yer üzündə belə insanlar azlıqda qaldığı vaxta qədər bu fəlakətlər sona çatmayacaq, axan qanlar dayanmayacaq, atılan silahlar susmayacaq. Yer üzünün milyardları çevrəsində, yaxınında, uzağında baş verən bu qansızlıqlara “dur” deməyincə heç nə dəyişməyəcək. Biz susduqca, dünyanın vicdanı susacaq. Biz susduqca, insanlıq susacaq. Lakin bir gün o susqunluğun acı sonu dönüb bizim başımızda da çatlaya bilər. “Haqsızlıq qarşısında susan dilsiz şeytan” olmağın bir hesabı yoxmu, sanırsınız?