Həsən ağanın futbolçu qohumları

Bu yazım işıq üzü görəndə artıq futbol üzrə yeni dünya çempionunun adı da bəlli olacaq – Almaniya, yaxud da Argentina öz ölkəsini sözün əsl mənasında xoşbəxt edəcək.

A hərfi ilə başlanan digər bir ölkə olan vətənimiz Azərbaycanın bu möhtəşəm futbol bayramındakı yeganə təsəllisi… çempionatın keçirildiyi stadionların birində bayrağımızın görünməsi oldu. Təsəvvür edirsinizmi, bu kədəri (!) şəhrçi tamaşaçılara elə bir şəkildə təqdim edirdi ki, sanki meydanda oynayan komandalardan biri Azərbaycandır. 

Bizə bu xoşbəxtlik nəsib olacaqmı? Nə vaxtsa yığmamız dünyanın bu ali futbol yarışında oynayacaq 32 komandadan biri olacaqmı?…

Nəzəri cəhətdən bu mümkündür, orada sahəsi və büdcəsi Azərbaycandan bir neçə dəfə kiçik olan ən azı beş-altı ölkə var idi. 

Praktiki cəhətdən isə…

Totalitar bir ölkə olan Azərbaycanda futbolun inkişafı digər sahələrdəki inkişafdan heç nə ilə fərqlənmir. Düzdür, hökumət hər il büdcədən yollara, regionlara, təsərrüfatın ayrı-ayrı sahələrinə, səhiyyəyə, müdafiə və təhlükəsizlik məsələlərinə olduğu kimi, futbola ildə milyonlarla vəsait ayırır. Lakin hamımıza məlum olan bir şəkildə vəsait elə bir şəkildə mənimsənilir ki, həmin sahələr nəinki inkişaf edir, hətta mən deyərdim ki, orada vəziyyət daha da ağırlaşır. 

Nəticədə futbol üzrə milli komandamızın on-on beş il bundan əvvəlki uğurları ilə fəxr edirik, dərman və müalicənin vaxtilə 4-5 dəfə ucuz olmasını, təhsildəki rüşvətin illər öncə daha düşük olmasını həsrətlə xatırlayırıq. Daha keçmişə yəni Əliyevlərsiz keçirdiyimiz qısa bir dövrü xatırlayanda isə, sözün əsl mənasında dəli oluruq. Qayıdaq futbola…

Bayrağımızın Brazilyada dalğalanmasından ekstaz halına gəlmiş şəhrçiyə bir az qulaq verdim. Azərbaycan futbolu haqda danışırdı. Təxminən on-on iki il öncə Bakıda oynanan Azərbaycan-Italiya matçından danışırdı. Həmin oyuna mən də baxmışıdm. Prezident Ilham Əliyev və UEFA rəhbəri, dünyaca ünlü futbolçu Mişel Platini də stadionda idi. Təbii ki, yığmamız həmin oyunu uduzdu. Sual oluna bilər, şəhrçi hansı əlamətdar olaydan danışırdı? Deyim siz də bilin, amma söz verin ki, əsəbiləşməyəcəksiniz..

Şəhrçi yığmamızın o vaxt meydanda olan üzvü Aslan Kərimovun məhşur Alessandro Del Pyero ilə “münaqişəsindən” danışırdı. Məsələ belə olub, Aslan Kərimov Del Pyeronu yerə yıxıb, o da yıxıldığı yerdən qalxmağa tələsmirmiş. Aslan da onu ayağa qaldırmağa cəhd edərək, ingiliscə deyib ki, adam kişi olar, qalx oyunu davam etdir, təpik o qədər də ağır deyildi. Bax belə, əziz oxucu…

Illər öncə mən bir idman yazarının “Real” Madridin ovaxtkı prezidenti Filarentino Peresə yazdığı… açıq məktubu oxumuşdum…

Azərbaycanlı yazar… kral klubunun prezidentini çox ağır bir şəkildə ittiham edir, onu istefaya çağırırdı… Bəli, əziz oxucu, biz özümüzə umac ova bilmədiyimiz yerdə başqasına əriştə kəsirik. Gülməli, eyni zamanda kədərlidir, deyilmi?..

Təxminən on ildir ki, ölkə futbolu Rövnəq Abdullayevə(!) tapşırılıb. O da öz növbəsində bu sahəni Elxan Məmmədov başda olmaqla, futbolla yaxından-uzaqdan əlaqəsi olmayan bir qrup naşıya həvalə edib. Nəticə göz qabağındadır. 

Bu yaxınlarda mətbuatda ötənlərin məhşur futbolçusu Isgəndər Cavadovun millimizi ABŞ ilə səfər oyununa aparan təyyarədən geri dönməsi haqda yazdı. Yazılanlara inansaq, məsələ belə olub – məhşur futbolçu AFFA rəsmilərinin qohum-əqrəbasının biznes-klassda, özünün isə adi sərnişin qoltuğunda getməsini hörmətsizlik kimi qəbul edib. Düz də edib… 

Bax, bu nəinki Azərbaycan futbolunun, bütövlükdə totalitar rejimin bir fraqmentidir. Ölkə qohumbazlıq, tayfabazlıq qanunları ilə idarə olunur. 

Bu gün Isgəndər Cavadov, Iqor Ponomoryov, Maşallah Əhmədov kimi Azərbaycan futbolunun görkəmli simaları “oyundankənar” vəziyyətdədir. Onların yerini futboldan bixəbər Həsən ağanın qohumları tutub. Oxşar vəziyyət həyatımızın hər sahəsini bürüyüb.

Sizi inandırıram ki, futbolda vəziyyət stadiondakı tabloda əks olunmasaydı, milli komandamızda bir dənə də təsadüfi oyunçu olmayacaqdı. Komandanın bütövlükdə rejim məmurlarının qohum-əqrəbasından komplektləşdirilməsi qaçılmaz olacaqdı… 

Hesabın tabloda əks olunmadığı bütün sahələrdə vəziyyət belədir…