
Fuad Qəhrəmanlı: «Azərbaycan hakimiyyəti davranışı ilə sübut edir ki, ona qarşı səsləndirilən tənqidlərdə beynəlxalq aləm tam haqlıdır»
Azərbaycan hakimiyyətinin Böyük Britaniyadan ard-arda aldığı zərbələr maraqlı görüntüyaradıb. Son günlər hakimiyyət ən ciddi zərbələri məhz bu ölkədən alıb. Ölkə başçısı İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sessiyasında britaniyalı deputat Pol Flinn tərəfindən çətin vəziyyətə salınması, bu ölkənin nüfuzlu nəşrlərində Əliyevlər barədə işfaedici materiallara geniş yer verilməsi və hətta uzun müddətdir Britaniyada iş aparan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun hədəfə gəlməsi buna nümunə ola bilər. Iş o yerə çatıb ki, artıq Taleh Heydərov təsisçisi olduğu Avropa-Azərbaycan Təşkilatını Böyük Britaniyadan Fransaya köçürmək qərarına gəlib. Britaniya mediasında dərc olunan materiallarda Avropa-Azərbaycan Təşkilatınının fəaliyyətini korrupsiya pulları hesabına qurduğu bəyan olunur.
Münasibətlərin gərginləşməsini sübut edən daha bir fakt Böyük Britaniya kraliçasının oğlu, Yorq hersoqu, şahzadə Endryu BP şefi Robert Dadlini Azərbaycana görə saraya çağırılmasıdır. Britaniya mətbuatında daha bir ifşaedici məqalə də «The Daily Mail»dən gəlib. Nəşr Azərbaycanı «ən çox korrupsiyalaşmış rejimlərdən birinin idarə etdiyi ölkə» deyə təqdim edərək, İ.Əliyevi «despot milyarder» adlandırıb.
Böyük Britaniyanın energetika naziri Maykl Fallon Bakıda səfərdə olarkən mühüm açıqlamalar verib. Britaniyanın Tranxəzər lahiyəsini aktiv formada dəstəklədiyini deyən nazir vurğulayıb ki, Qərb bu istiqamətdə hətta Rusiyanın hədələrinə də qarşı qoymağa hazırdır: «Böyük Britaniya həm Transxəzər qaz kəməri, həm də TANAP və TAP layihələrinin gerçəkləşməsi istiqamətində Azərbaycanı dəstəkləyir. Britaniya Transxəzər layihəsinin də tezliklə reallaşmasını istəyir».
Britaniya ilə Azərbaycan arasında yaşananları bu ölkənin energetika naziri Maykd Fallonun qoyduğunu desək yanılmarıq. Fallon Bakıda verdiyi mesajlar zamanı açıq bəyan edib ki, Azərbaycan “Transxəzər” proyektinin reallaşmasında Londonun dəstəyinə arxalana bilər: «Qərb Cənub enerji dəhlizinə mane olmaq və ya fəaliyyətinə əngəl törədilməsi ilə bağlı Rusiyanın cəhdlərinin qarşısını alacaq. Rusiya Ukraynadakı hərəkətlərinə görə sanksiyalara məruz qalıb və bu sanksiyalar genişləndirilə bilər. Bu sanksiyalar ilə Moskvaya çox aydın şəkildə başa saldılar ki, Şərqi Ukraynada eskalasiya üzrə istənilən gələcək addımlar yeni sanksiyalara səbəb ola bilər. Məhz bu cür tərəfdaşdan asılılığı azaltmaq üçün Avropa Rusiyadan enerji asılılığını azaltmaq istəyir. Odur ki, biz alternativ mənbələr və alternativ ixrac yolları axtarırıq».
Baş verənlərdə sual yaradan əsas məqam odur ki, Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlərin korlanması ümumi Qərblə əlaqələrin soyuqlaşmasının fonunda baş verən hadisədir, yoxsa cərəyan edən tendensiyalar başqa mətləblərdən xəbər verir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Azərbaycan hakimiyyəti zaman ötdükcə Qərbi özünə təhdid mənbəyi saymağa başlayıb. Bu da daha çox Qərbdən gələn demokratik təzyiqlərlə bağlıdır. Azərbaycan korrupsioner hakimiyyətin mövcudluğunun Qərb mətbuatında ciddi şəkildə təqdim olunması məqamını qabardan F.Qəhrəmanlı vurğuladı ki, bu üzdən Azərbaycan hakimiyyəti Qərbə münasibətdə daha aqressiv siyasət yürütməkdədir: «Hansı ölkə olmasından asılı olmayaraq əgər Avropa ölkələrindən hansısa biri Azərbaycanın ünvanına sərt tənqidi dilə gətirirsə, təfəürratlara baxmadan hakimiyyət tərəfindən aqressiv siyasət ifadə olunur. Azərbaycan hakimiyyəti özü üçün belə bir prinsip müəyyənləşdirib ki, əgər hər hansı ölkədən Azərbaycanın ünvanına tənqidlər səslənirsə, həmin ölkəyə qarşı ən ağlasığmaz arqumentlərlə, qeyri-real fikirlərlə kampaniya aparılır. Bununla da sanki o mesaj verilməyə çalışılır ki, Azərbaycan hakimiyyəti tənqidlərdən nəticə çıxarmaq fikrində deyil. Azərbaycan hakimiyyəti daxildə olduğu kimi xaricdən gələn tənqidlərə də dözümsüz yanaşır. Bu isə ikitərəfli münasibətlərin pozulmasına gətirib çıxara bilər».
F.Qəhrəmanlının sözlərinə görə, Avropa dəyərlərinin Azərbaycana gəlməsi mövqeyini ifadə edən istənilən Qərb dövləti qərəzli tənqidin hədəfi ola bilər. F.Qəhrəmanlı hesab edir ki, əslində Azərbaycan hakimiyyəti bu davranışı ilə sübut edir ki, ona qarşı səsləndirilən tənqidlərdə beynəlxalq aləm tam haqlıdır: «Beynəlxalq tənqidə bu qədər dözümsüz münasibət varsa, beynəlxalq səviyyədə bu qədər aqressiv davranışlar göstərilirsə, o zaman daxildə vətəndaşa qarşı yönələn münasibət barədə nə demək olar. Bütün bunlar onun simptomudur ki, Azərbaycan hakimiyyəti bu yol ilə tənqidi fikirlərə aqressiv yanaşmasını açıq formada göstərir».
Xəyal


