YAP hökumətinin keçmiş üzvü Abbas Abbasovun SSRI arzuları barədə çıxışı Moskvadan yayıldığı gün bizim hakimiyyət azadlıq və müstəqillik davası aparan bir gəncin – Şahin Novruzlunun əfv ərizəsini yaydı. Qəzəb və gülüş burada bir-birinə qarışır…
Budur sizin mahiyyətiniz!
“Istiqlal” ordeni verdiyiniz Abbas Abbasov Azərbaycanın müstəqilliyinə təhdid aşılayır, təxminən müstəqillik yaşında olan və onun qədrini bildiyi üçün məhbəsə düşən Şahin Novruzlunu isə repressiya məngənəsində sıxıb ərizə yazdırırsınız. Görün nə günə qalmısınız, görün hansı günlərə gəlmisiniz. Az qala məktəbli yaşında olan bir yeniyetmənin ərizəsinə ümid bağlayırsınız, onun ərizəsi ilə güzəran qurmağa, sərvət toplamağa davam edirsiniz. Apardığınız siyasətin məğzi budur…
Hiylə və gücünüz elə budur və gücünüzü yalnız azərbaycanlılara göstərirsiniz. Bəh-bəh! Siz qəhrəmansınız, yenilməzsiniz!
Ətrafınıza yığdıqlarınız da gülür və sevinir bu ərizələrə! Gülsünlər, sevinsinlər, dostlardan birinin dediyi kimi, onlar sevinməlidirlər, çünki öz köləliklərinə haqq qazandıra bilirlər bu kimi hallarda. Təsəlli tapırlar öz durumlarına və əməllərinə görə.
Amma iş ondadır ki, ətrafınızın və hamınızın mahiyyəti elə Abbas Abbasovun mahiyyətindən fərqlənmir. Abbas Abbasovla Zahid Orucun, Oqtay Əsədovun, Çingiz Qənizadənin, ya bir başqasının fərqi nədir? Yaxud sizin digər nazirlər və məmurlar Abbas Abbasovdan guya yaxşıdırmı? Abbas Abbasov ideya adamı, solçu, kommunist olduğu üçün SSRI sevgisini bəyan etmir. Rusiya onun üçün himayəli biznes və pul mənbəyidir. Sizlər də pula görə danışmırsınızmı? Sizlər də pula görə Azərbaycanı yalan və talan meydanına çevirmisiniz.
Abbas Abbasovun oğlunu deputat edən də sizsiniz. Xalq seçməyib onu. Elə sizi də xalq seçməyib. Xalqı elə günə salmısınız ki, Abbas Abbasovdan fərqli olaraq səmimi şəkildə SSRI xiffəti çəkənlər gün-gündən artır.
Qayıdaq yenə də ərizə mövzusuna. “Azadlıq” radiosu həbsdə olan gənc fəal ÿOrxan Eyyubzadənin anası Rəhimə xanımın müsahibəsini təzəcə yayıb. Anadan soruşublar: “Həbsdə olan bəzi NIDA-çılar onlara əfv üçün prezidentə müraciət yazmalarının təklif olunduğunu deyirlər. Onlardan bir neçəsi belə müraciət yazıb da. Orxana necə, belə təkliflər olurmu?”
Məhbus anası deyib:
– Bəli, Orxana da təklif ediblər. Deyiblər ki, nə qədər istəsən pul da verərik, gəl, müraciət yaz, keç bizim tərəfə. O da soruşub ki, sizin tərəf nəyə deyirsiniz? Deyib ki, mən heç vaxt satılmaram. Sındırmaq üçün hər cür oyundan çıxırlar.
Görürsünüzmü, burada da pul söhbəti var. Hədədən, hiylədən öncə də ən əziz bildiklərini təklif edirlər. Sonra da basqılar davam edir. Baxın, ana oğlunun durumu barədə suala necə cavab verib: “Necə olacaq? Yataqdan qaldırıb gətirmişdilər. Yaxşı deyil, baş ağrıları var, xəstədir, böyrəklərində ciddi problemlər var. Polisdə döyüləndən sonra xəstəliyi ağırlaşıb. Dəfələrlə müraciət etsə də, həkim çağırmırlar. Saxlandığı kameradan da şikayətlənir. Deyir, 4 nəfərlik kameraya yeddi nəfər salıblar. Bir tərəfdən isti, bir tərəfdən hava çatmır, digər tərəfdən xəstəlik. Dediyinə görə, tez-tez gəlib kameranı yoxlayır, boş yerə incidir, əşyalarını yoxlayırlar. Digər kameralar aylarla yoxlanılmır. Bunu qəsdən edirlər ki, bezdirsinlər. Görüşdə danışmağa imkan vermədilər. Əslində, görüşə 2 saat ayırmışdılar. Heç 15 dəqiqə keçmədi, yenicə söhbətə başlamışdıq, nəzarətçi gəlib dedi ki, vaxt bitdi. Heç bir izahat vermədən Orxanı kameraya apardılar. Dedilər, əmr belədir”.
Əmriniz elə budur! Əmriniz odur ki, ölkənin bütün gəncləri Aydın Abbasov və Zahid Oruc kimi olsun.
Aydın Abbasov deputat, günahsız gənc isə əfv “diləyən” dustaq
•