“ATƏT-də ən çox jurnalist həbs edilən ölkə Azərbaycandır”
Jurnalistlərə qarşı təqiblərə görə Bakıya onlarla etiraz məktubu göndərilib
ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç təşkilatın Daimi Komitəsinə son yarım ildə ATƏT məkanında söz və mətbuat azadlığının pozulması faktları, həmçinin bu faktlara reaksiyası haqda geniş hesabat təqdim edib. “Turan”ın məlumatına görə, hesabatda xüsusən, Miyatoviçin bu istiqamətdə hansı tədbirlər gördüyü bildirilir.
ATƏT-in saytında yerləşdirilən sənədin Azərbaycana həsr edilmiş hissəsində deyilir ki, ötən il dekabrın 11-də “azadxaber.org” saytının redaktoru Nicat Əliyevin həbsilə əlaqədar Azərbaycanın Xarici işlər nazirinə məktub göndərilib.
Noyabrın 22-də blogger Əbdül Əbilovun həbsi, habelə “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilova qarşı təqiblərlə əlaqədar məktub göndərilib.
Bu il mayın 19-da Azərbaycan hakimiyyətindən cavab gəlib ki, Nicat Əliyevin təqsiri “tamamilə sübuta yetirilib” və onun həbsi “facebook”da hakimiyyəti tənqid etməsilə bağlı deyil.
Yanvarın 27-də isə blogger Ömər Məmmədovun həbsilə əlaqədar məktub göndərilib.
Fevralın 24-də Azərbaycan Prezident Administrasiyasından cavab gəlib ki, Ömər Məmmədovun həbsi sosial şəbəkələrdəki fəaliyyətilə bağlı deyil.
Fevralın 6-da küçələrdən qəzet köşklərinin yığışdırılması, vətəndaşların informasiya almaq hüququnun məhdudlaşdırılması, habelə qəzetlərin yayımına əngəllərə dair məktub göndərilib. Aprelin 8-də Bakıdan cavab gəlib ki, köhnə köşklər müasir köşklərlə dəyişdirilir.
Fevralın 25-də Elmar Məmmədyarova istintaq orqanlarının jurnalist Xədicə İsmayılovanı təqib etməsi, ondan informasiya mənbələrini açıqlamaq tələbləri barədə məlumatlara aydınlıq gətirmək xahişilə sorğu göndərilib.
Aprelin 8-də cavab gəlib ki, bu iş üzrə hərəkətlər qanunvericilik çərçivəsində aparılır və İsmayılovanın hüquqları pozulmur.
Aprelin 22-də Azərbaycan hakimiyyətinə jurnalist Rauf Mirqədirovun casusluq ittihamı ilə həbsindən narahatlıq ifadə edilən sorğu göndərilib. Mayın 19-da Bakıdan cavab gəlib ki, bu ittiham dəlillərə əsaslanır.
Mayın 7-də “NİDA” Vətəndaş Hərəkatı fəallarının işi üzrə məhkəmə zamanı polisin bir qrup jurnalisti döyməsilə əlaqədar sorğu göndərilib.
Mayın 15-də jurnalist Pərviz Həşimlinin 8 il azadlıqdan məhrum edilməsinə dair hökmü pisləyən bəyanat yayılıb.
Mayın 14-də iki fransalı jurnalist – Loren Rikar və Emmanuel Baxın materialları və avadanlıqları əllərindən alınaraq, həbs edilməsi və ölkədən çıxarılması faktına görə hiddət ifadə olunub.
Mayın 29-da Əbdül Əbilovun 5,5 il azadlıqdan məhrum edilməsinə dair hökmlə əlaqədar məktub göndərilib və narazılıq ifadə olunub.
“Bu hökmdən sonra Azərbaycanda həbs edilən və hökm gözləyən mətbuat işçilərinin sayı 10 nəfərə çatb. Bu, ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi ofisi yarandığı gündən etibarən ATƏT məkanında ən yüksək göstəricidir. Bu, təhlükəli təmayül, mühitin kəskin şəkildə pisləşməsi və mətbuat azadlığının məhdudlaşdırılmasının göstəricisidir. Bütün bunlar jurnalistlərin qorxudulması və təqibi mühitinin güclənməsinə şərait yaradır”, – deyə Dunya Miyatoviçin hesabatında bildirilir.