«Leyla Yunus özünü girov hesab edir»
Almaniyanın «Neues-deutschland» («Yeni Almaniya») nəşri Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun üzləşdiyi problemlərdən bəhs edən yazı dərc edib. Bernhard Klozenin müəllifi olduğu yazını təqdim edirik:
«Azərbaycanlı hüquq müdafiəçisi Ermənistanla sülh dialoquna görə təqib edilir»
Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə görə hərbi vəziyyətdir. Münaqişənin dinc yolu ilə həllini istəyənlər isə təqib olunur.
«Hər gün həbsimi gözləyirəm. Həyat yoldaşım Arif və mən – xüsusi xidmət orqanlarının girovuyuq. Bizim pasportlarımızı alıblar», – bunu telefonla Azərbaycanda insan hüquqları uğrunda ən tanınmış mübariz Leyla Yunus deyib. Xüsusi xidmət orqanlarının nəzarətində olan Leyla və Arif Yunus ən azı həftədə bir dəfə prokurorluğa çağırılır. «Belə daimi təzyiq və təqib altına yaşamaq çətindir. Dəfələrlə hüquq-mühafizə orqanları məni zorakılıqla hədələyib».
İyulun əvvəlində leyla ATƏT PA-nın Bakıda keçirilən illik sessiyasında iştirak etmək istəyəndə xüsusi xidmət orqanlarının əməkdaşları onu konfransa buraxmayıb.
Sülh və Demokratiya İnstitutunun direktoru olan Leyla Yunus çoxdandır öz ölkəsinin rəhbərliyinin gözündə tikana çevrilib. Onun institutu uzun müddətdir Azərbaycanda insan haqlarının pozulması faktlarını qeydə alır və informasiyanı dünya ictimaiyyətinə çatdırır. Onun Azərbaycanda vəziyyətini ağırlaşdıran əlavə fakt onun xalq diplomatiyası sahəsində işləri, Bakının məlumatına görə Azərbaycan ərazilərinin 20%-i işğal edən ermənilərlə barışığa can atmasıdır. Erməni həmkarları ilə birgə o erməni-Azərbaycan konfransları təşkil edir və sülh uğrunda çalışır. «Mən növbəti müharibə istəmirəm. Erməni və azərbaycanlı uşaqlarının bir birinə nifrət etməsini istəmirəm. Mən nifrət və müharibəyə əsaslanan siyasət istəmirəm», – Yunus sülhə, barışığa can atmasını belə izah edir.
Leyla Yunus heç də həmişə pasifist olmayıb. 90-cı illərin əvvəlində Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ müharibəsi zamanı Müdafiə Nazirliyində Analitik-İnformasiya Deportamentinin rəhbəri olub. Müharibə vaxtı o hər gün mətbuat konfransı keçirir və hərbi əhval-ruhiyəni yüksəldirdi, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri kimi informasiya cəbhəsinin ön sıralarında olub.
Hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşma əldə ediləndən bir neçə ildən sonra onun erməni David Şahnazaryanla əməkdaşlığa başlayıb. O da öz növbəsində müharibə vaxtında Ermənistanın təhlükəsizlik naziri kimi hərbi aparatda aparıcı mövqu tutub. Müharibə dayanandan sonra Yunus və Şahnazaryan erməni-azərbaycanlı konfransları təşkil etməyə, dinc nizamlanmanın mümkünlüyünü müzakirə etməyə başladılar.
Hazırda Azərbaycanda Ermənistanla dialoq axtaran vətəndaş cəmiyyətinin bir çox fəalları repressiyaların qurbanı olub. Aprelin 19-da Türkiyədən deportasiya olunan tanınmış jurnalist Rauf Mirqədirov Bakı hava limanında həbs olunub. Mirqədirov Ermənistanın xeyrinə casusluqda ittiham edilir. Onun cinayəti Leyla Yunusun təşkil etdiyi və qismən Fridrix Ebert adına fondunun maliyyələşdirdiyi erməni-azərbaycanlı diskusiyalarında iştirak etməsidir.
Humanitar Araşdırmalar cəmiyyətinin rəhbəri Əvəz Həsənov «Yeni Almaniya» qəzetinə bildirib ki, bu ilin aprelində hüquq mühafizə orqanları təşkilatın bank hesabını bağlayandan bəri təşkilat artıq fəaliyyət göstərə bilmir.
Bir neçə beynəlxalq təşkilat Bakını tərk edib yaxud görüntüyü üçün qalıb, deyə Həsənov təəssüf edir. Onlar heyətlərini əhəmiyyətli dərəcədə azaldıb və fəaliyyətini demək olar ki, dayandırıb. Bu yaxınlarda Həsənovu gizli polisdə (prokurorluqda) dindiriblər.


