Polad Bülbüloğlu Abbas Abbasovla şərikli biznes yaradır

Səfirin açdırdığı bazarı baş nazirin keçmiş müavininə məxsus istixanalar təmin edəcək

Rusiyanın Yekaterinburq şəhərindəki Azərbaycan icması burada böyük meyvə-tərəvəz bazası tikdirir. Bu barədə “Uralinformbüro” agentliyi məlumat yayıb. Xəbərdə deyilir ki, regionun ən böyük bazası həmişə qalmaqallı və kriminal hadisələrlə yadda qalmış 4 saylı tərəvəz bazasının nəzdində tikiləcək.
 
Agentliyin məlumatında o da qeyd edilir ki, artıq Sverdlovsk vilayətinin qubernatoru və Yekaterinburq şəhərinin vitse-meri Viktor Konteyevlə bazanın açılışı ilə bağlı işgüzar söhbətər də olub. Onunla işgüzar söhbət aparan şəxs isə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur. Agentliyin məlumatına görə, səfir bazanın yaradılması üçün şəxsən özü lobbiçilik edib.
 
Bazanın sahibi isə Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlınskidir. Rusiya Azərbaycanlıları Konqresinin yerli qurumuna rəhbərlik edən Şıxlinski isə bu işdə tək deyil.
 
Axar.az-a daxil olan məlumata görə, onun bu işdə şəriki baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovdur. Bazanı meyvə-tərəvəzlə məhz Abbasovun Vorenejdə yerləşən istixanaları təmin edəcək.
 
Abbas Abasovun Voronej vilayətində hektarlarla torpaq sahəsinə malik olması və yüzlərlə tərəvəz yetişdirən istixanalarının olması barədə isə bir müddət əvvəl media xəbər yayıb.