Mürəbbə festivalında məğlubiyyətimiz

Dünən yuxudan oyananda hamı Braziliyadan danışırdı. Elə bil Putin bu dəfə Krıma yox, Rioya qoşun yeritmişdi. Amma əyləncəli idi; futbol azarkeşi deyiləm, buna baxmayaraq, o cür gözlənilməz hesablar kimə desən maraqlı gəlir. “Facebook”da isə bu münasibətlə yaradıcı statuslar yazmağa növbə vardı, birdən də gözüm öz oğlumun yazdığına rast gəldi.

Gecə oyun zamanı yazıb: “Qələt (səhv) eləyir o ölkə ki, demokratiyası ilə yox, futbol komandası ilə öyünür. Al payını!”

Çox sevindim, çünki burada mənim tərbiyəmin izi vardı. Mən ona Braziliyada xalqın dünya çempionatına etiraz etməsini danışmışdım. Özü də həm ictimai prosesləri, həm mətbuatı, həm sosial medianı izləyir və yaşı o qədər çox olmasa da, idmandan daha vacib olan hədəfləri artıq dərk edir.

Mən ona demişdim: oğlum, futbolu sevirsən, etirazım yoxdur, amma aldanma, oradakı qələbələr heç bir ölkənin yaralarını sağaltmır. Futbol və ya başqa bir idman heç bir ölkəni xoşbəxt edə bilməz. Xüsusən də azadlıqlar və demokratiya əldə etməyən ölkələr üçün bu idman uğurlu olduqda belə asanlıqla hiyləyə xidmət edə bilir.

Tutaq ki, tərsinə olardı, Braziliya Almaniyanı 7:1 udardı. Onda yazacaqdınızmı ki, Almaniya faciəsi? Almaniyanın çox vecinədir elə bu. Amma indi “Braziliya faciəsi deyirsiniz” bir məğlubiyyətə. Braziliyanı futbolla aldatmağın sonu o oldu ki, xalqın min bir dərdinin üstünə biri də gəldi. Dütdülü bir məğlubiyyət faciəyə çevrilib. Guya indiyədək əldə etdiyi qələbələri Braziliyanı xoşbəxt etmişdi. 

Xoşbəxt etsəydi, xalq meydanlara çıxıb bu çempionata pul xərcləməyə etiraz edərdimi? O pullarla heç olmasa ictimai nəqliyyatın abırlı hala salınmasını tələb edərdimi? Bir sözlə, futbol nəinki Braziliyanı xoşbəxt edib, heç onun ictimai nəqliyyatını normal vəziyyətə gətirməyib. Əksinə, ölkəni xərcə salıb…

Ona görə də, bu parlaq oyun futboldan çox, həqiqət anı idi. Siyasət anı idi. Fəlsəfə anı idi. Gülməlidir həm də, azadlığı olmayan xalqlara, insanlara top üzərindəki məharət nə verə bilər. Top qələbəsi nəyinə gərək onun? 

Biz demokratiyadan yoxsul bir xalq kimi bunu hamıdan yaxşı anlamalıyıq. Korrupsioner hakimiyyətimizin idman yarışlarına verdiyi önəm, idmana çəkdiyi böyük xərclər bizə bunu anlatmalı idi. Xaricdən gətirilmiş idmançılarla milli komandalar yaratmaq isə bizi qəzəbləndirməli idi. Amma hələ də bunu vətənpərvərlik sayanlar, “bizə qələbə lazımdır” deyənlər qədərincə çoxdur. Mahnı festivalları, yemək yarışları, mürəbbə çempionatı və s. gülməşəkər tədbirlərə beynəlxalq status verib, pullarımızı xərcləmək gərək bizi ayağa qaldıraydı. Bu nə hoqqadır bizə qarşı? Bu nə hiylədir?

Indi hamı Skolariyə – Braziliya yığmasının baş məşqçisinə gülür. Amma bu adama əl çalırdınız Braziliyanı çempion edəndə. Halbuki bilməlisiniz: Luis Felipe Skolari puldan ötrü əli qana batmış bir diktatorun xidmətində olub. Ola bilsin Özbəkistan sizə uzaq bir ölkədir. Mənə uzaq deyil. Əndican qırğını ilə öz xalqının qanına susayan Islam Kərimov özbəkləri aldatmağın bir yolunu da onlara futbol tamaşası qurmaqda görür. Böyük pullar yatırdır Daşkənd klubu “Bunedkor”a (köhnə “Kuruvçi”yə). Skolari də böyük pullara Kərimovun klubuna məşqçi getmişdi. Qanlı Kərimov özbəkləri və vətəni necə sevdiyini nümayiş etdirirdi bu tip adamların köməyi ilə.

Bu misal, bu yazı, bu fikirlər idmana qarşı deyil, futbola qarşı deyil. Hər şeydən öncə idmandan və futboldan hiylə kimi istifadə edənlərə qarşıdır. Aldanmayın. 

Bu misal, bu yazı, bu fikirlər aldanmamağa çağırışdır. Azadlıqlar və demokratiya daha öncədir. Mürəbbə festivalında məğlub olmağımız nəinki faciə deyil, heç ciddi problem də deyil. Amma saxta seçki keçirilən, korrupsiyada boğulan ölkənin futbol üzrə dünya çempionu olması da heç bir yaranı sağaltmır. 

Mən futbolu sevən oğluma demişdim bu sözləri. Bir sözüm yox sevginə, oğlum, amma bir şeyi yaddan çıxarma. Braziliya futbol dahisi sayılır ölkə olaraq. Fəqət bir nəfər almanın daha yaxşı yaşaması üçün köçüb bu ölkəyə getdiyini təsəvvür edə bilməzsən. Braziliyalılar isə Almaniyaya köçmək şansına cənnətə düşmək imkanı kimi baxardı.ÿ 

Ümid edirəm, oğlum bunun səbəbini unutmadan futbola baxacaq hər zaman.