Onu indi nə qədərimiz xatırlayırıq?
Sizi bilmirəm, amma son vaxtlar o, mənim tez-tez yadıma düşür. Faina bizim bu ölkədə azadlıq, ədalət uğrunda verdiyimiz çoxsaylı qurbanlardan biridir. Bəzən “ölümünün səbəbi müəmmalıdır” deyirlər. Amma əslində, ortada heç bir müəmma-filan yoxdur. Fainanı bu rejimin həbsxanasında acından öldürdülər.
7 il əvvəl növbəti haqsız həbsindən sonra kamerasında ölüm aclığına başlamışdı. Çox keçmədən isə onun həmin kameradan cansız bədəni çıxdı.
Fainanın adını 90-cı illərin sonu, 2000-ci illərin əvvəlində tez-tez eşitmək olardı. Etiraz aksiyalarını onsuz təsəvvür etmək mümkün deyildi. Emosiyası, çılğınlığı, prinsipiallığı ilə seçildiyi üçün rejimin aqressiya və qəzəbindən ən böyük pay da elə ona düşürdü.
Döyülməsi, işgəncə görməsi, həbs edilməsi get-gedə adiləşmişdi.
Fainanı birinci dəfə 2002-ci ildə xuliqanlıq ittihamı ilə həbs etdilər (ikinci dəfə isə o “narkoman” elan ediləcəkdi, bu artıq başlanğıc idi: sonradan ictimai-siyasi fəalları həbs etmək üçün həmin ittiham adi hal alacaqdı). Lakin onun həbsinə əsas səbəb kimi sabiq spiker Rəsul Quliyevin müdafiəsi üçün keçirilən kütləvi aksiyalarda fəal iştirakı göstərilirdi. Bu həmin Rəsul Quliyevdir ki, indi ABŞ-da oturub Şah Ismayılın Iran, yoxsa Azərbaycan şahı olması barədə polemikalar açır, gah tarixçiliyə, gah yazıçılığa iddia edir. Uzaq tarixə baş vurarkən isə ən yaxın tarixi – Faina fenomenini unudur. Həmin Faina ki, keçmiş spikerin uğrunda olmazın məşəqqətlər görmüşdü.
Daha bir acınacaqlı hal: Fainanın uzun illər üzvü olduğu partiyanın sədri isə hazırda hər şeyi unudub ancaq Eynşteyni səhv çıxarmaqla, nisbilik nəzəriyyəsini “darmadağın” etməklə məşğuldur.
Ilk həbsindən iki il sonra, 2004-cü il mayın 10-da Faina beynəlxalq ictimaiyyətin çoxsaylı tələblərindən sonra “törətmədiyi cinayətə” görə çəkdiyi cəzanın qalan hissəsindən azad edildi – əfv olundu.
“AŞ PA-nın Azərbaycan hökumətini ittiham etməsini gərəksiz sayıram. AŞ PA Amerikanın marionetkasıdır. Gedin Buşu mühakimə edin” – o, bu sözləri Avropa Şurasının onu siyasi məhbus kimi tanımasına qarşılıq olaraq demişdi.
Bu o vaxtlar idi ki, hələ “kürü diplomatiyası” barədə heç kim danışmırdı. Çavuşoğluları, Aqramuntları isə biz çox sonralar tanıyacaqdıq.
Yeri gəlmişkən, Azərbaycanla bağlı on illərdir əskiyi olmayan siyasi məhbus siyahılarında bu günədək yalnız bir qadın adı olub – Fainanın adı.
Indi isə bu ad unudulub, prosesə yeni qoşulanların çoxu üçün heç bir anlam ifadə etmir, əvvəlkilər üçünsə yaddır artıq.
Əminəm ki, belə olacağını Faina da bilirdi. Bilirdi ki, başına bir iş gəlsə, nəinki onu xatırlayan, heç təkbaşına böyütdüyü (yanlış xatırlamıramsa, Faina həyat yolddaşından ayrılmışdı) yeganə övladının sonrakı taleyi ilə belə, maraqlanan da olmayacaq.
Axı bunu bizə kim qadağan edir? Sağ qalsa, Fainanın yenidən önündə gedəcəyi mitinqlər, aksiyalar edə bilmirik, meydan daralıb, resurslar tükədilib, bu öz yerində. Bəs adları mübarizəmizlə assosiasiya olunan insanları xatırlamağa, onların örnək ömürlərini gəncliyi anlatmağa nə mane olur? Ömrünü ədalətli cəmiyyət, azad, hüquqi dövlət qurmağa həsr edən, bu yolda olmazın məşəqqətlər çəkən, qurban gedən insanlara ehtiram borcumuz deyilmi?
Biz həyatını mübarizəyə kökləyənləri, bu yolda canını əsirgəməyənləri unutduqca, onları sanki heç vaxt olmayıblarmış kimi yaddaşımızdan sildikcə, bir çox naqisliklər də daha çox adiləşməyə başlayır, məsələn, əqidə dönüklükləri, prinsiplər naminə qətiyyətsizliklər, dəyərləri asanca çeynəyib keçmək.
Əlbəttə, Fainanı, Fainaları unutmamaq o demək deyil ki, daha kimsə sınmayacaq, əyilməyəcək, dönüklük etməyəcək.
Amma Faina və Fainalar xatırlandıqca onlar ən azından belə bir ehtirama heç vaxt layiq bilinməyəcəklərinin ağrısını yaşayacaqlar. Hər nə qədər gizlətməyə çalışsalar da.
Ən əsası: Fainanı, Fainaları xatırlamaq rejimin cinayətlərini unutmamaq və unutdurmamaq üçün lazımdır.