Ramiz Mehdiyev niyə yoxa çıxıb?

«Boz kardinal»ın alınmayan revanşı həm regional, həm də daxili siyasət kontekstində…

Hakimiyyət daxilində qruplaşmaların qabarma-çəkilməsi davam edir. Yaxın adamı Elnur Aslanovun “vurulması”ndan sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bir revanşa cəhd etdi. Amma yenidən yoxa çıxdı.

“Boz kardinal”ın hakimiyyət daxilində vəziyyətinin yaxşı olmamasına dair bir çox məlumatlar yayılıb. Amma bir məsələ də budur ki, Ramiz Mehdiyev faktiki yoxa çıxıb. Onun  boşluğunu “doldurmağa” çalışan Əli Həsənov isə Əli Əsədov-Fuad Ələsgərov cütlüyünün təsiri altında çıxış edir.

Bizim üçün maraqlı olan budur ki, Ramiz Mehdiyev son bir neçə ay ərzində ölkə siyasətinin hansı məqamlarında nəzərə çarpıb? Ramiz Mehdiyevin qısa bir vaxtda geopolitikaya da girişdiyini nəzərə alsaq, onun bu çəkilməsinin təkcə ölkə siyasətilə əlaqəli olmadığını aydın görərik. Deməli, biz akademikin vəziyyətini çətinləşdirən daxili və xarici faktorları gözdən keçirməliyik.

“Facebook”a niyə gəldi, niyə getdi?

Ramiz Mehdiyev Gülər Əhmədova olayından sonra yalnız Şah Ismayıl Xətai haqqında bir məqalə yazmaqla kifayətlənmişdi.  Onun bu cəhdi sosial şəbəkələrdə və mətbuatda ironiya ilə qarşılansa da, o, bundan sonra ilk rəsmi səfərini Irana etdi. Iranla Azərbaycanı birləşdirın dəyər kimi, Şah Ismayıl Xətaidən yazmaq çox maraqlı gediş idi. Amma bunu heç yerdə oxunmayan qəzet və jurnallarda çap etdirmək də kifayət qədər gülüş doğuracaq taktika idi.

Bunun ardınca isə “boz kardinal” “facebook” sosial şəbəkəsində göründü. Özünün rəsmi səhifəsində hökumətin siyasətinə dair materiallar paylaşdı. Illərdir öz yaxın adamlarına “Facebook” gəncliyi məhv edir, boşanmalar, qətllər yaradır” dedizdirən Ramiz Mehdiyevin bu gəlişi səbəbsiz deyildi. O, hanısısa rəqabəti uduzurdu və əlavə resurs axtarışında idi.

Ramiz Mehdiyevin səhifəsini idarə edənlər Ilham Əliyevin  sosial media menecerlərindən daha ağıllı və taktik davranırdılar. Hətta onun paylaşımları da daha çox diqqət görürdü. Görünür, elə buna görə də Ilham Əliyev qoca icraçısını sosial şəbəkələrdə izləməkdən acıqlandı və Ramiz Mehdiyevin səhifəsi bağlandı. Belə xəbərlər yayıldı ki, Ramiz Mehdiyev məhz Ilham Əliyevin qəzəbinin dərinləşməməsi üçün özü sosial mediadan çəkildi. Hətta onun adından başqa bir səhifə də fəaliyyət göstərirdi və bu səhifənin hakimiyyətin hansısa başqa qanadından idarə olunduğu iddia edilirdi. Çünki o səhifədə Ramiz Mehdiyevin üslubu ilə  hakimiyyətin siyasəti ifşa edilirdi.

Adamları da çəkilir…

Rusiya Ukraynada fəallaşanda özünü dərhal meydana atan Mehdiyev yeni yazı ilə çıxış edərək, sağı-solu qılıncladı.  Rusiyanın Azərbaycanda sürətlə fəallaşdığı dövrdə isə Ramiz Mehdiyev yeni revanşa cəhd etdi. Amma naməlum səbəblərdən Ramiz Mehdiyev nə Brüsseldə, nə AŞ PA-da, nə də ATƏT PA-nın 23-cü sessiyasında hakimiyyətə qarşı yönələn tənqidlərə münasibət bildirmədi. Üstəlik, ona yaxın olan siyasətçilərin də bu məsələlərdə passiv olması onu deməyə əsas verir ki, Ramiz Mehdiyev artıq siyasətdən çəkilib. Ən yaxınındakı şəxsi – Elnur Aslanovu qoruya bilməməsi isə Ramiz Mehdiyevin adamlarında belə fikir yaradıb ki, akademik artıq qürubunu yaşayır və hakimiyyətin yönləndirilməsində əvvəlki fiqur  olmamaqla yanaşı, həm də yanında durmaq üçün təhlükəsiz şəxs deyil.

O, şansını itirib…

Ilham Əliyevlə Putinin münasibətlərinin yaxşı olmamasından hər zaman istifadə edən Mehdiyev sonuncu dəfə Kəmaləddin Heydərovla Şoyqunun münasibətlərindən ciddi zərbə aldı. Rusiya ilə gərginləşən münasibətləri məhz Heydərovun yoluna qoyması Mehdiyevin əhəmiyyətini xeyli azaltdı. Narışkinin Azərbaycanla maraqlanması fonunda yeni imkanlar qazanacağını düşünsə də, Ukraynanın Rusiyaya qarşı ciddi revanşı bu ümidi də zəiflətdi.

Görünür, bəxt də imkanlardan qidalanır. Ilham Əliyev isə artıq daha çevik ssenaristlərdən yararlanmaq istəyir. Bu ssenaristlər isə artıq Mehdiyevlə işləmək istəmirlər.

Seymur Həzi