İyulun 9-da Baş Prokurorluğun mətbuat xidməti rəsmi məlumat yayıb. Qeyd olunur ki, “Debut” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərindən İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırma zamanı bilinib ki, büdcə vəsaiti hesabına müvəkkil kredit təşkilatı kimi “Debut” Kommersiya Bankına 2006-2008-ci illərdə ayrılmış 2 milyon 961 min 500 manat güzəştli krediti bankın vəzifəli şəxsləri mənimsəyib. Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


