Azərbaycanın 7 rayonu alver predmetinə çevrilib

«Qərb Qarabağ problemini həll etməklə regionu nəzarəti altına almağa çalışır»

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo getdikcə daha təhlükəli hal alır. Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “twitter” səhifəsində yazıb.

Amerikalı həmsədr qeyd edib: “Dağlıq Qarabağ münaqişəsində sülh istiqamətində növbəti addımları müzakirə etmək məqsədilə ATƏT-in həmsədrləri ilə görüşmək üçün bu gün Vaşinqtonu tərk edirəm”.

C.Uorlik görüşün vaxtı və yeri barədə əlavə məlumat verməyib. Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), Fransadan olan yeni həmsədr Pyer Andryö və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik mayın 31-də Azərbaycanda səfərdə olublar. Azərbaycan rəhbərliyi ilə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Uorlikin açıqlamasına Azərbaycan tərəfindən reaksiya gəlib. Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret aydın məsələlər ortadadır. Bunların həll edilməsi üçün prinsiplər aydındır. Və Azərbaycan dəfələrlə bildirib ki, problemin həllini hazırda durduğu nöqtədən irəliyə aparmaq üçün müzakirələrə hazırdır. 

A.Əzimov bildirib ki, bu müzakirələrdə Azərbaycanın təklif etdiyi məsələlər aydındır: “Öncə konkret tədbirlərin – işğal olunmuş ərazilərin boşaldılmasının gündəliyi, xronoloji sırası və ona paralel olaraq digər tədbirlərin görülməsi, qoşunların işğal olunmuş ərazilərdən geri çəkilməsi ilə torpaqların Azərbaycanın nəzarətinə alınması, yerli hakimiyyət orqanlarının bərpa edilməsi, təmizləmə işlərinin aparılması vacibdir. Ondan sonra orada normal həyat sürmək üçün şəraitin yaradılması məsələləri ilə bağlı olan addımların bir növ sülh planına daxil edilməsini mümkün hesab edərdik”.

Nazir müavininin sözlərinə görə, bu cür sülh hərəkətləri, addımlar şəraiti normallaşmaya yönəldə bilər: “Gələcək mərhələlərdə Azərbaycan əhalisi Dağlıq Qarabağa qayıtdıqdan sonra iki icmanın bir-biri ilə birgə yaşamasını yenidən öyrənməyə başlayacaqlar, əməkdaşlıq qurulacaq və o mərhələlərdən sonrakı siyası məsələlərin müzakirəsi mümkün olacaq. Əgər Ceyms Uorlik bunu nəzərdə tutursa, mən onunla razıyam”.

Hazırda müşahidə olunan odur ki, Rusiya ilə ABŞ Qarabağ probleminin həllində aktivlik nümayiş etdirirlər. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, hər iki tərəf Qarabağ ətrafındakı 7 rayonu danışıqlarda alver predmetinə çevirib. Bəs hazırda cərəyan edən tendensiya sülhə nail olunması baxımından nə vəd edir? Bu cür yol ilə əldə olunan sülh nə dərəcədə dayanıqlı ola bilər?

Vəfa Quluzadə: «ABŞ Rusiyanın Ukraynadakı uğursuzluğunu Cənubi Qafqazda kompensasiya edəcəyindən narahatdır»

Politoloq Vəfa Quluzadənin fikrincə, ABŞ Rusiyanın Ukraynadakı uğursuzluğunu Cənubi Qafqazda kompensasiya edəcəyindən narahatdır. Çünki Rusiya Ukraynada böyük uğursuzluğa düçar olub. Rusiyanın hazırda Ukraynanı tam formada itirdiyini deyən V.Quluzadə qeyd etdi ki, Putinin  bu ölkədə yürütdüyü siyasət tam məğlubiyyətə uğrayıb: «Cənubi Qafqazda Ermənistanın yeganə dayağı Ermənistandır. Rusiya çox arzu edir ki, Azərbaycan bu istiqamətdə Ermənistana qoşulsun. O zaman Gürcüstan regionda təklənmiş olacaq. Rusiyanın bu cür siyasət yürüdə biləcəyindən Qərb narahat olur. Rusiya cənubi Qafqazdan əl çəkmək istəmir. Amma Gürcüstan və Azərbaycan hazırda Rusiyanın nəzarətində deyil. Rusiya Azərbaycanı hər hansı bir yol ilə özünə tabe etdikdən sonra Gürcüstanı da yıxa bilər. Qərb bunu gözəl bilir. Amma Qərb regionda yalnız səfirlərin bəyanatları ilə kifayətlənərsə Putin bölgədə əmin addımlar ata bilər».

7 rayonun alver predmetinə çevrilməsi nə vəd edir?

Rusiyanın Qarabağ ətrafındakı rayonları vaxtı ilə məhz bir zamanlar alver predmetinə çevirmək üçün işğal etdiyini deyən V.Quluzadə bildirdi ki, 22 ildir ki, Rusiya münaqişənin həllinə imkan vermir. Ermənistanla Azərbaycanın sülhə yaxınlaşan zaman Rusiyanın bu təşəbbüsü əngələdiyini xatırladan V.Quluzadə vurğuladı ki, Rusiya işğal altında olan torpaqların geri qaytarılması müqabilində Azərbaycanın müstəqilliyini tələb edir: «Rusiya sülhməramlılarının Azərbaycanın işğal altında olan ərazilərə yerləşdirilməsi təşəbbbüsünün gündəmə gəlməsi hazırda təsadüfi deyil. Rusiyanın irəli sürdüyü siyasət, Azərbaycana işğal altında olan torpaqların geri qaytarılması üçün təklif etdiyi qiymət budur. Azərbaycan isə bu qiymətlə heç cür razılaşa bilməz. Amma rusiya düşünür ki, Azərbaycanı bu təkliflərə razılaşmağa məcbur etmək mümkündür. Ona görə Qərb Rusiyanın bu siyasətinə qarşı qabaqlayıcı addımlar atmalıdır».

Maraqlıdır ki, hazırda hakimiyyət təmsilçilərinin səsləndirdiyi maraqlı fikirlərdən biri də buldur ki, Qərbin Rusiyanın hazırda yürütdüyü Qarabağ siyasətinə qarşılıq verməsi çətindir. V.Quluzadə hesab edir ki, bu bir görüntüdür. Çünki SSRİ çökəndən sonra Qərb qarşısına qoyduğu bütün məqsədlərə çatıb. Buna misal olaraq Yuqoslaviyanın sıradan çıxarılmasını, keçmiş sovet ölkələrindən üçünün Avropa Birliyinə daxil olmasını, Gürcüstanın Rusiyanın tam nəzarətindən çıxarılmasını göstərmək olar: «Qərbin yürütdüyü siyasətin dinamikasına baxsaq görərik ki, Qərb Rusiyadan qat-qat güclüdür və qarşısına qoyduğu məqsədlərə nail olur: «Amma istərdik ki, Qərb Qarabağ problemini ciddi fəsad, müharibə olmadan beynəlxalq hüquq normalarına əsasən həll etsin. Hazırda Azərbaycanın işğal altında olan torpaqları məsələsi gündəmə gəlib. Uorlikin açıqlaması bunu sübut edir. Çünki Qərb Qarabağ probleminin çözülməmiş qalmasından narahatdır. Qərb Qarabağ problemini həll etməklə regionu nəzarəti altına almağa çalışır».

Xəyal