Taxılçılıqdakı bərbad vəziyyət kənd təsərrüfatının digər sahələrini də iflic edib
İnkişaf edən ölkənin yumurta problemi
Vahid Məhərrəmov: «Tələbatı ödəmə üçün hər il Azərbaycanda 3 milyard ədəddən artıq yumurta istehsal olunmalıdır, amma istesal bu gün üç dəfə azdır»
Azərbaycanda ötən il ümumilikdə 5,884 milyon ton taxıl məhsulundan istifadə edilib. 2013-cü ilin ərzaq balansına dair açıqlanan məlumata görə, ilin əvvəlində ölkəmizdə 1,414 milyon tondan artıq taxıl ehtiyatı olub. Eksperss qəzetində gedən məlumata görə, ötən il əlavə olaraq 2,858 min tondan artıq taxıl istehsal edilib və 1,611 min ton taxıl məhsulları idxalı həyata keçirilib. Nəticədə 2013-cü ildə ümumi taxıl ehtiyatlarının həcmi 5,884 milyon tonu ötüb. Rəsmi statistikaya görə, ötən il yaradılan 5,884 milyon ton ehtiyatın 216,9 min tonu toxum üçün istifadə edilib, təxminən 300 min ton taxıl isə itkiyə gedib. Yerdə qalan taxılın 2,2 milyon tonu sənaye ehtiyacları üçün, 1,441 milyon tonu mal-qara və quş yemi üçün, 100 min tonu ərzaq üçün istifadə edilib. Statistika göstərir ki, Azərbaycanın taxıla olan illik tələbatı itkilər də nəzərə alınarsa 3,8-4 milyon tondur.
Yalnız heyvandarlığa yarayan taxıl
Yerli istehsal bunun 70-72 faizini ödəyir. Ölkəmizdə istehsal edilən taxılın yarıya qədəri yalnız heyvan yemi üçün istifadə olunur. Daha çox taxıl isə sənaye ehtiyaclarına yönəldilir.
2013-cü ildə 1,623 milyon ton və ya 2012-ci ilə nisbətən 210 min tondan artıq taxıl qalığı yaradılıb. Taxıl ehtiyatlarının 74 faizindən çoxu buğda ehtiyatlarından ibarətdir. Ötən il buğda ehtiyatlarının 1,845 milyon tonu yerli istehsal, 1,451 milyon tonu idxal hesabına yaradılıb. Bunlardan başqa 2013-cü ilin əvvəlində ölkəmizdə 1,067 milyon ton buğda qalığı yaranmışdı. Bütün göstəricilər nəzərə alınarsa 2013-cü ildə 4,364 milyon ton buğda ehtiyatı yaradılıb.
Yaradılan buğda ehtiyatının isə 2,041 milyon tonu sənaye ehtiyacları üçün, 591,5 min tonu mal-qara və quş yemi üçün, 88 min tonu ərzaq üçün istifadə edilib. Toxum üçün 142,2 min ton buğda saxlanılıb, 271,623 min ton isə itkiyə gedib.
Beləliklə, ötən il 3,133 milyon ton buğda istifadəyə yönəldilib. 2013-cü ilin sonunda ölkəmizdə 1,229 milyon ton və ya 2012-ci ilin sonuna nisbətən 162 min ton çox buğda qalığı yaranıb.
Açıqlanan statistik rəqəmlər bir sıra suallar doğurmamış deyil. Ən başlıca sual isə Azərbaycanda istehsal olunan taxılın yarısının nəyə görə məhz heyvandarlıq üçün yararlı olmasıyla bağlıdır.
Başqa statistik rəqəmlər də narahatlıq doğurur. Belə ki, digər əsas bitkiçilik məhsulları üzrə göstəricilərə diqqət yetirdikdə görürük ki, Azərbaycan özünü kartof, tərəvəz, o cümlədən quru soğan, bostan məhsulları, meyvə və üzümlə təmin edir. Heyvandarlıq məhsulları üzrə isə yerli istehsal hesabına təminat 100 faiz deyil.
«Yalnız yumurtaya olan tələbat ödənir, o da kağız üzərində»
Ötən il Azərbaycanda 992,7 min ton kartof istehsal edilib. Onun 196 min tonu toxum üçün saxlanılıb, 54 min tonu ixrac edilib, 64,3 min tonu itkiyə gedib. Heyvan yemi üçün 36,8 min tonu, ərzaq üçün istehlaka 692 min tonu yönəldilib.
2013-cü ildə 78 min tondan artıq kartof idxal edilib.
Ötən il heyvandarlıq məhsullarından mal əti və ət məhsullarına tələbat 146 min ton olub. Yerli istehsal bunun 122 min tonunu təmin edib, xaricdən isə 20,7 min ton mal əti gətirilib.
Ölkəmizdə qoyun və keçi ətinə illik tələbat 77,7 min ton olub. Yerli istehsal bunun 76,7 min tonunu təmin edib. Quş ətinə tələbat 110 min tonu ötüb. Yerli istehsal 97,45 min ton təşkil edib.
Süd və süd məhsullarına illik tələbat 2,3 milyon tondur. Yerli istehsal bunun 1,82 milyon tonunu, idxal 573 min tonunu təmin edib.
Azərbaycanda 51 min ton balıq və balıq məhsulları istehsal edilsə də yerli tələbat 70 min ton olub. Buna görə də ötən il xaricdən 20 min tondan artıq balıq və balıq məhsulları alınıb.
Ölkəmiz heyvandarlıq məhsullarından yalnız yumurta ilə özünü 100 faiz təmin edə bilib.
«SSRİ vaxtı da taxıl məhsullarımız yemçiliyə xidmət edirdi»
Ölkədə istehsal olunan tıxılın yarısının yemlik üçün yararlı olmasına aydınlıq gətirən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi ki, ölkədə taxıl istehsalı müstəqillik dövrünə qədəm qoyulandan qaydasına salınmayıb. Sovet dövründə də Azərbaycanın istehsal etdiyi taxıl məhsulları yemçilikdə istifadə olunduğunu deyən V.Məhərrəmov bildirdi ki, Azərbaycan ərzaq buğdasına olan tələbatını özü ödəməyi üzərinə öhdəlik götürsə də, müvafiq addımlar atılmayıb: «Azərbaycan gərək ərzaq buğdası standartına uyğun buğda istehsal etsin. Bunun olmamasının bir neçə səbəbi var. Birinci səbəb bizim fermerlərin aqro-texniki qaydalara tam əməl etməməsidir. Bu da onunla bağlıdır ki, fermerlərin bu istiqamətdə bilgisi kifayət qədər deyil. Eyni zamanda texniki avadanlıqların çatışmamazlıqları da özünü göstərir. Səpinin apırlmasına baxmayaraq suvarmanın vaxtında edilməməsi də bitkinin normal qidalanmamasına gətirib çıxarır. Nəticədə bitki məhsul formalaşdıra bilmir».
V.Məhərrəmovun sözlərinə görə, torpağa da lazım olan qida maddələri verilmir. Lazımı qida maddələri ya üzvü, ya da mineral gübrə kimi verilməlidir. Hazırda torpağa üzvü gübrə ümuiyyətlə verilmir. Mineral gübrə isə tələb olunandan qat-qat az, 5-6 faiz civarında verilir. Ekspert vurğuladı ki, ölkədəki əkin sahələri nəzərə alınarsa hər il torpağa bir milyon ton mineral gübrə verilməlidir: «Tələb olunan gübrənin bitkiyə verilməməsi lazım olan buğda standartının alınmasını çətinləşdirir. Digər tərəfdən Azərbaycanda istehsal olunan buğda siniflərə ayrılmır. Əslində istehsal olunan buğda keyfiyyətinə görə siniflərə ayrılmalıdır. Bizim apardığımız araşdırmalar göstərir ki, qazaxıstandan gətirdiyimiz buğda o da ərzaq standartlarına uyğun deyil. O daha çox dördüncü sinif buğdaya aiddir. Amma heç olmasa bunun hansı sinif olduğunu bilirik. Amma Azərbaycanda biçimdən sonra əldə olunan məhsul bunkerdən çıxandan sonra təmizlənməli və siniflərə ayrılmalıdır. Amma bu baş vermir. Ona görə bu məhsuldan ərzaq buğdası kimi istifadə etmək olmaz. Bu buğdadan heyvandarlıqda istifadə olunması da nəticə verməyəcək. Məhz bu üzdən heyvandarlıqda çəki alınması prosesi ləng gedir».
Heyvandarlığın inkişafdan qalma səbəbi nədir?
Heyvandarlıqda da məhsuldarlığın aşağı olmasının əsas səbəbinin ölkədə lazımı yem bazasının mövcud olmamasıyla əlaqələndirən V.Məhərrəmov bildirdi ki, hesablamaya görə ölkənin ətə, südə, yumurtaya olan tələbatını ödəmən üçün 8 milyon ton yem vahidi lazımdır. Ancaq bu gün Azərbaycanın yem vahidi iki milyon ton civarındadır. Bu da özünü heyvandarlığın məhsuldarlığında göstərir. Azərbaycan olan iki milyon yem vahidi yalnız mal-qaranın fiziki durumunu təmin etməyə yetir. Ekspertin sözlərinə görə, ona görə Azərbaycanda məhsuldarlıq olduqca aşağıdır. Bir inəkdən 3-4 litr süd sağılır. Halbuki biz yem potensialımızı artıra bilsək, qonşu ölkələrdəki kimi hər inəkdən 10 litrdən çox süd ala bilərik: «Mal-qaranın saxlanma qaydası belədir ki, əgər zəngin yem bazası olarsa, məhsul artımına nail olmaq olar. Hazırda belə bir statistik məlumat verilir ki, guya biz yumurtaya olan tələbatı ödəyirik. Əslində bu tələbat ödənilmir. Hər il Azərbaycanda 3 milyard ədəddən artıq yumurta istehsal olunmalıdır. Amma istesal bu gün üç dəfə azdır. Bu əhalinin yumurtaya olan tələbatını fizioloji normaya uyğun ödəmir».
Adambaşına bir ilə 20 kq balıq düşməlidir, amma…
V.Məhərrəmovun sözlərinə görə, ölkənin balıqçılığa olan tələbatın 70 faizini ödəməsi ilə bağlı göstəricilər də reallıqdan uzaqdır. Çünki normal halda adambaşına 20 kq balıq götürülməlidir. Amma Azərbaycanda bu göstərici iki dəfə az götürülür. Azərbaycanda minimum normanın 10 kq götürülməsi 70 faizlik statistikaya səbəb olub: «Azərbaycanın istifadə etdiyi normalar yanlışdır. Minimum norma bütün dünyada insanın ölməməsi üçün götürülür. Bundan aşağı göstərici yolverilməzdir. Sivil ölkələrdə bu göstərici 20-30 kq arası götürülür. Adambaşına ət norması isə 80-84 kiloqramdır. Kartof normasını Azərbaycan 44 kq götürdüyü halda, dünyada bu göstərici 120 kq-dır. Yəni Azərbaycanda götürülən minimum normaya uyğun hesablama tələbatın ödənildiyi təsəvvürünü yaradır. Bu isə yanlışdır».
Hikmət