Azadlığı zəncirləyən insan

Iş belə gətirdi ki, bu dəfə də Hindistanda Racu adlı fillə baş vermiş bir hadisəni yazmalı oldum. Amma bu hadisə ölkə hökumətinin delfinlərə xüsusi status verməsi qədər həyəcanlandırıcı deyil, daha ürəkağrıdıcıdır. Heyvan haqlarının müdafiəçiləri Hindistanda yarım əsrdən bəri əsarət altında yaşayan bir fili azad ediblər. Qərbi London Vəhşi Həyat Dərnəyinin xilas etdiyi Racu adlı fil ayaqları açılıb buraxıldığında göz yaşı töküb. Sahibinin tutub 50 ildir turistləri gəzdirmək üçün zəncirdə saxladığı filin ayağı açıldığı zaman zəncirin açdığı yaralar onun necə baxımsız saxlandığını ortaya çıxarıb. Heyvanın həm də günlərlə ac-susuz qaldığı məlum olub. Heyvanları müdafiə dərnəyinin üzvlərinin yedizdirdiyi və tibbi yardım göstərdiyi Racu təhlükəsiz bir sahəyə aparılaraq, azad buraxılıb. Ümumiyyətlə, bu zəkalı heyvanların uzun illərdir Hindistanda turistləri gəzdirmək və əyləndirmək üçün istismar edilməsi geniş yayılıb.

Əslində, bu xəbəri bir gün əvvəl oxumuşdum. Həqiqətən, ürəyim gizildəmişdi oxuyunca. Bəzən bir adamın qəddar ola biləcəyi qədər qəddar olmasına quruyub qalarsan, sadəcə. Insan oğlundan edilə biləcək daha hansı pislik qaldı ki, yer üzündə? Xəbərlə bağlı düşüncələrim bura qədərdi, xüsusi bir yazı yazmaq niyyətim-filan da yoxdu. Amma səhər-səhər keçmiş vicdan məhbusu, çox sevdiyim Cabbar Savalanlının “yarım əsrlik əsarətdən sonrakı azadlıq” xəbərini FB səhifəsində xüsusi olaraq yazması və bu sonluqdan çox təsirləndim: “Fil uşaqlıqda ən sevdiyim heyvan olub. Uşaq olsaydım, yəqin filin sahibi, o yaramazı şiddətlə lənətləyərdim, necə ki, indi ”bu yaramazı” lənətləyirəm…”

Xatırladım ki, hind filmlərinin qızıl erasını yaşayan bir nəsil olmuşuq biz də. Uşaqlıq illərimizin xatirələri o filmlərin işıqlı cizgiləri ilə doludur. Klubsuz bir kəndin həzin yay axşamlarında, açıq havada izləmişik o filmləri. Indiki alt-üst olmuş dünyanın vahiməli mənzərəsinə baxınca, “nə yaxşı, o məsum, təmiz duyğuların böyütdüyü uşaqlar olmuşuq biz” hissi keçir içimdən. Gerçəkdən də, nə yaxşı, tam o filmlərdəki kimi, sahibini xilas etmək üçün özünü qurban verən filin ölümünə hönkür-hönkür ağlayan saf uşaqlıq dövrünü yaşamaq düşüb payımıza!  

Hər kəsin yaşadığı uşaqlıq dövrünün bütün həyatına yön verdiyinə inanmışam hər zaman. Cabbarın içindəki o saflıq, insanilik və azadlığa vurğunluq da havadan gəlmir. Bu, bir ailənin, çevrənin, “ev”in içində böyüdülən, bəslənən, qidalanan duyğulardır. Insanı istiqamətləndirən, yetişdirən, cilalayan duyğular. Cabbar ilk dəfə həbs olunanda onu böyüdən duyğuların yaşandığı həmin bapbalaca “evi” gözlərimlə gördüm. Onun öz əliylə qurduğu – bayraqdan, azadlıq simvolu statusunu qazanmış fikir adamlarının rəsmlərindən və öz ilginc düşüncələrini qələmə aldığı qeydlərindən ibarət şəxsi guşəsində… 

Hindistanın azadlıq uğrunda bütün həyatını vermiş dava adamı Mahatma Qandi deyirdi: “Hər sabah qalxdığım zaman öz-özümə söz verirəm: ”Dünyada vicdanımdan başqa kimsədən qorxmayacağam. Kimsənin haqsızlığına boyun əyməyəcəyəm. Ədalətsizliyi ədalətlə yıxacağam və müqavimət göstərməkdə israr edildiyi halda da, bütün varlığımla dirənəcəyəm”.

Həqiqətən, azadlıq Tanrının insana bəxş etdiyi ən gözəl duyğu və haqdır. Yarım əsrlik əsarətdən sonra belə, bu haqqa qovuşmaq ən gözəl duyğudur. Nə yazıq ki, bəzən bu duyğunu əsir alınan bir həssas heyvan, ona zəncir vuran qəddar bir insandan daha yaxşı anlayır.