İlk siqnallar

Son günlərdə ölkədə məzhəblərarası çatışmanın iki səs-küylü, gələcəklə bağlı xoş olmayan siqnallar verən, əndişələrə və təlaşlara yol açan örnəyini yaşadıq. Biri Sabirabadda, digəri Müşfiqabadda. Təfərrüatlara varmayacam, hər halda baş verənlərdən çoxunuzun xəbəri var. Xəbəri olmayanları isə xəbərdar etmək mənasızdır. Əgər onlar ölkələrində baş verən bu qədər təhlükəli hadisələrdən də zamanında xəbər tuta bilmirlərsə, bu, artıq oksigen israfçılığından başqa bir şey deyil.

***

Əliyevlər hakimiyyəti tez-tez Bakıda “mədəniyyətlərarası dialoq” tədbirləri keçirir, xeyli xarici qonağı yığıb gətirirlər, bu tədbirlərlə Azərbaycanı dünyaya fərqli, onun hazırkı gerçək durumu, idarəçiliyi ilə uyuşmayan imicdə təqdim etmək istəyirlər. Necə deyərlər, “puluna minnət”. Ulu öndərlərinin sözü olmasın, “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Pulun varsa, lap qarışqadan fil düzəldərsən, heç düzəltməyə ehtiyac yoxdur, elə qarışqanı göstərib deyərsən ki, bu fildir, qurtarar gedər, Aqramunt, Çavuşoğlu-zad da baxıb deyər ki, əsl Hindistan fili Azərbaycandadır, burada doğulur, böyüyür, yaşayır və heç vaxt ölmür. Morninqstar həmin filin bəzi vətəndaşların bostanına girib qarpız-yemişi tapdamasından narahat olar və s. və i.a.

Mövzudan uzaqlaşmayaq. Vaxtaşırı “mədəniyyətlərarası dialoq”un keçirildiyi ölkədə məzhəblərarası çatışmaların ayaq səsləri eşidilir. Qınayanın, lənətləyənin biri bir qəpik. Təcili, önləyici tədbirlər görülməzsə, Sabirabadda və Müşfiqabadda yaşananların Azərbaycana daha böyük təhlükələr vəd etdiyindən danışanların sayı-hesabı yoxdur.

Əksəriyyət nəticəyə odaqlanıb. Səbəblər barədə danışanlar isə, demək olar, yoxdur. Ya da var – amma barmaqla sayılacaq qədər azdır.

***

Səbəblərə keçməmişdən əvvəl kiçik bir haşiyə.

Biz indiyədək onunla təsəlli tapırdıq ki, Azərbaycan bir gəlişmiş, çağdaş dünya ölkəsi olmasa da, hər halda Əfqanıstan da deyil. Bunu da XIX yüzilin ortalarından başlayan, XX əsrin ilk onilliklərinədək davam edən maarifçi dalğanın xidməti sayırdıq. Ilk Cümhuriyyətin də burada payı inkar edilə bilməz.

Indi ortaya çıxan mənzərə isə ürəkləri dağlayır.

Axundovların, Haqverdiyevlərin, Zərdabilərin, Mirzə Cəlillərin, Üzeyir bəylərin min cür məhrumiyyətlər, məşqəqqətlər hesabına başa gələn həmin xidmətləri də havaya uçmağa başlayır.

Azərbaycanın barı Əfqanıstan-filan olmadığına dair təsəllimiz də təhlükə altına düşür.

Əlbəttə, hələ ki, situasiya tam faciəvi həddə çatmayıb. Amma bunun quşqularını yaşamaq belə çox əzablı, iztirablıdır. Insanın qəlbi sızlayır. Görün, 25 il əvvəl nələrə ümid edirdik, amma indi hansı qorxuları yaşayırıq.

Niyə belə olmalı idi axı, niyə, niyə, niyə?..

***

Səbəblərə gəlincə, Amerika açmağa ehtiyac yoxdur. Ağlı başında olan hər kəsə hər şey gün kimi aydındır.  

Azərbaycanın yanlış idarəçiliyinə baxdıqda bu günlər hələ yaxşı günlərimizdir. 

Əmin olun, bu gedişlə görəcək günlər hələ qarşıdadır.

Vətəndaş cəmiyyətindən sürətlə boşaldılan yeri bir gün ekstremist ruhlu, radikal dini baxışlı insanların, qrupların tutacağını neçə illərdir yazırıq.

Azərbaycanın qəti, birmənalı şəkildə bəşəriyyətin tərəqqisinin önünü açan dəyərlərin yanında yer almalı olduğunu deməkdən dilləri, yazmaqdan əlləri qabar olan aydınlar var bu ölkədə.

Çağdaş, azad, modern dünyanın bir parçasına çevrilmək üçün itiriləcək bir saatımızın olmadığı halda itirilmiş 21 il var ortada. 

Yox edilmiş təhsil, dəfn olunmuş elm var.

Irəligörüşlü insanların üzünə qapadılmış, zövqsüzlük, bayağılıq aşılayan, aqrarlıq saçan, beyinləri aşındıran, toplumu kütləşdirən, maarifçilik ruhundan uzaq telekanallar var.

Ən dəhşətlisi: artıq dövlətin ədalətindən ümidini kəsib göylərin ədalətinə, “ilahi ədalət”ə pənah aparan çoxluq var. 

Bütün bunların bir gün hamımızın başında çox pis partlayacağını bilmək, anlamaq o qədərmi çətin idi?

Azərbaycanı müasir dünyanın axışından qoparıb qapalı ölkəyə çevirmək cəhdlərinin, hər cür yenilik və dəyişim çağırışını vətənə xəyanət adlandırıb, düşmən dəyirmanına su tökmək kimi qələmə verib köhnəliyin tör-töküntülərini “milli-mənəvi dəyər”, “öz yolumuz” kimi təqdim edəndə məlum deyildimi bunun sonda hara varacağı? Hansı acı sonluqlara gətirib çıxaracağı?

Korrupsiya səhiyyəni çökdürəndə, insanlar çarəsizlikdən xəstəxana yerinə pirlərə üz tutmağa başlayanda aydın deyildimi hansı təhlükəli yolla getdiyimiz?

Hüququ ayaqlar altına alanda, qanunları kağız parçasına çevirəndə, insanların məhkəmələrə inamını, güvənini sarsıdanda bəlli deyildimi hakimdən ümidini kəsənlərin molladan mədət umacağını, onun açdığı fallardan, yazdığı dualardan imdad diləyəcəyini?

Ekran-efiri cinçıxaranlarla, ələmuçuranlarla, cadugərlərlə doldurub, Zirəddin Rzayevləri, Ilham Mirzəyevləri, görücü Məlahətləri xalqa dəyər kimi sırıyanda, kitabxanaları kababxanalara çevirəndə, fərqli fikir sahiblərini düşmən kimi görəndə bilmək çətin idimi ki, bizi qarşıda hansı günlər gözləyir? Kefli Isgəndərləri ölkədən didərgin salıb, damğalayıb, yamanlayıb Şeyx Nəsrullahların önünü açanda axırı başqa necə olmalıdır? 

Sanki irəligörüşlü, çağdaş ruhlu, dünyəvi ideallara bağlı, bir toplumu gəlişdirən, onu qaranlıq niyyətlərdən aydınlığa sürükləyən dəyərlərin tərəfdarı insanlarımız çox imiş kimi, onların da çoxunu şərləyib ya dəmir barmaqlıqlar ardına doldurmağın, ya da ölkədən qovmağın məntiqi sonluğudur gəldiyimiz nöqtə.

Haradansa beş-on nəfər qara kürü azarkeşini yığıb gətirib hansısa hotelin konfrans zalına dolduraraq adını “Mədəniyyətlərarası dialoq” qoymaqla deyil ki. Nə vaxtdan halva-halva deməklə ağız şirin olub ki, indi də olsun.   

Ölkəni doğru, ədalətli, sivil, demokratik yoldan aparmadıqdan sonra o “mədəniyyətlərarası dialoq” ölkəsində məzhəblərarası savaş bax beləcə qaçılmaza çevrilir. Qorxulanlar başa gəlir. “Olmaz” deyilənlər olmağa başlayır.

Bəli, Sabirabadda, Müşfiqabadda yaşananlar ilk siqnallardır. Ilk və ciddi siqnallardır həm də.

Hər kəs payına düşən dərsi alsın!

Bu ölkəyi bundan artıq yazıq etməyək.