Elxan Şahinoğlu: «Müəyyən ölkələr istəyərdi ki, Ərdoğanın yerinə başqa namizəd olsun və Türkiyəyə yeni nəfəs gəlsin»
Türkiyədə gələn ay keçiriləcək prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının namizədi, hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğanın şanslarının daha çox olduğunu deyilsə də, bəzi amillərin Ərdoğana mane olacağını iddia edənlər də var. Bu zaman daha ölkə xaricindən gələn təsirlər nəzərdə tutulur. İstənilən halda Türkiyədə seçkilərə əsasən daxili amillərin necə təsir edəcəyi müzakirə predmeti olsa da, xarici amillər də yaddan çıxarılmamalıdır.
Yada salaq ki, bu günlərdə İngiltərənin “The Financial Times” baş nazir Rəcəb Tayyib Ərdoğanı Türkiyə üçün təhlükə kimi qiymətləndirib. Məqalədə bildirilir ki, baş nazirin hər şeyi nəzarətə almaq istəyi Türkiyənin rifahına təhlükə yaradır.
Onu da qeyd etmək lazımdır ki, hakimiyyətdə olduğu illərdə Ərdoğanın Qərb ölkələri ilə münasibətlərində ara-sıra soyuqluq yaşanıb. Bütün bunlar prezident seçkilərinin nəticəsinə necə təsir göstərəcək?
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu beynəlxalq aləmin də Ərdoğandan yorğunluğunun olduğunu deyir. Çünki 10 ildən artıqdır hakimiyyətdə olan Ərdoğan zaman-zaman bəzən obyektiv, bəzən də subyektiv səbəblərdən müəyyən ölkələrlə münasibətləri gərginləşdirib. Eyni zamanda bəzi qeyri-adekvat addımları da beynəlxalq aləmdə qəzəb doğurub. Bu səbəbdən də müəyyən dairələr, müəyyən ölkələr istəyərdi ki, Ərdoğanın yerinə başqa namizəd olsun və Türkiyəyə yeni nəfəs gəlsin. Türkiyə həmin dövlətlərlə münasibətləri yeniləsin. Amma bu həmin dövlətlərin istəyindən də asılı deyil: «Hər dəfə Ərdoğan müəyyən qalmaqallarla üzləşir və belə təsəvvür yaranır ki, bu qalmaqallar onun reytinqinə mənfi təsir edəcək. Amma hər dəfə bunların əksinə olaraq Ərdoğan qələbə qazanır. Bu də beynəlxalq aləmin, yaxud hansısa xarici dövlətlərin planlarını pozur. İndi də prezident seçkisi öncəsi belədir».
Ekspert bəzi qüvvələrin digər namizədin qalib gəlməsini arzuladığı da istisna etmir. Amma bu onların istəkləri xaricindədir. Əgər Türkiyə xalqı yenə Ərdoğana üstünlük verəcəksə, bu dövlətlər yenə də Ərdoğanla əməkdaşlığı davam etdirməyə məcburdular.
Fizzə


