Saqqalı çoxaldan korrupsiya

Yenə də kiminsə saqqalını qırxıblar. Bu dəfə nə oyundur, bilmirik, amma yenə də vəhhabi saqqalından söhbət gedir. Vəhhabilər də doğrudan da var. Tək vəhhabilər deyil, Suriyaya döyüşməyə gedənlər də var, Irana bağlı olanlar da, “nurçu”lar da, başqaları da. Baxın, elə saqqal qırxmaq da təzə olay deyil bizdə. Son günlər videosu yayılmış Sabirabad nümunəsindən kənara çıxsaq, polis orqanları buna daim əl atır. Illərdir saqqal qırxırlar, amma saqqal da azalmır. Əksinə, artır.

Hələ də eyni sualla üz-üzəyik. Bizim cəmiyyətdə bu yeni təmayüllər haradan yaranır? Niyə gənclər vəhhabilərə qoşulur? Nədən Suriyaya döyüşməyə gedirlər? Niyə “nurçu” olurlar, niyə gözləmədiyimiz halda fərqli və həm də xeyli əngəlli, dərəli-təpəli yollara baş vururlar?

Bunların hamısına qapı mövhumatdandır. Bəs niyə aydınlıq çağında bizim insanlarımız mövhumata qapılır? Necə etmək olar ki, hətta inanclı adamlar mövhumata qapılmasınlar, irtica niyyətli dindar missiyalara qoşulmasınlar?ÿ

Anlamaq çətin deyil. Bu, insanın yaşadığı cəmiyyətlə hədsiz bağlıdır. Insana normal iş yeri açmaq lazımdır. Saxta rəqəmlərlə işsizlik aradan qalxmaz. Ona normal təhsil vermək lazımdır. Ona ədalətli cəmiyyətdə yaşamaq imkanı yaratmaq gərəkdir. Ona dünyanın üz tutduğu mütərəqqiliklərə yol açmaq lazımdır. Ona dünyanın müxtəlifliyini görmək imkanı gərəkdir. O, ədalətin mövcud olduğu cəmiyyətdə normal yaşaya bildikdə, sıxıntılardan qurtulduqda, başqalarının və özünün faciə içində olmadığını gördükdə, hətta inanclı olduqda özünü mövhumatdan qoruya biləcək. Üstəlik, hiss etməlidir ki, nə o kimisə təqib edə bilər, nə də onu və onun dini inancı təqib edilə bilməz, əksinə, qorunur…ÿ

Nə vaxtsa bunlara nail olmaq çox mürəkkəb görünürdü. Insan oğlu həm bu problemə görə, həm də başqa problemlərə görə necə bir cəmiyyət qurmaq haqda fikirləşirdi. Hətta maarifçilik də vəziyyəti dəyişdirmədi. Nəhayət, anlaşıldı ki, problemlər təkcə insanların düşüncəsi ilə bağlı deyil, yeni ictimai qaydalara uyğun yeni cəmiyyət qurmaq lazımdır. Ədalətli, hamının bərabər olduğu, hamının haqlarının qorunduğu rifahlı cəmiyyət. Belə bir model tapıldı. Demokratik və dünyəvi respublika quruluşu. Bu da inkişafı, rifahı təmin etdi. Insan sıxıntılardan maksimum dərəcədə qurtuldu. Elə biz də mücərrəd anlayışlarla, bəlli insan qrupları ilə döyüşmək əvəzinə, sadəcə, demokratik bir toplum qurmalıyıq.ÿ

Birincisi, insanlara azadlıqları verəcəksən və onları dövlət olaraq qoruyacaqsan. Ikincisi, demokratiyanın köməyi ilə cəmiyyətə hər cür bəla gətirən problemləri aradan qaldıracaqsan. Baxın, korrupsiya nə edir cəmiyyətdə. Təhsili dağıdır. Mədəni həyatı məhv edir, keyfiyyətli səhiyyə xidmətini əlçatmaz edir. Sosial problemlərin həllinə imkan vermir. Korrupsiya ədaləti də məhv edir – məhkəmələri zülmxanaya çevirir. Cəmiyyət korrupsiya sistemi ilə əlacsız duruma düşür, inkişafdan qalır və belə bir vaxtda insan mövhumatın təsirinə yuvarlanacaq dərəcədə zəifləyir.

Bəli, korrupsiya və onun siyasi qaynağı olan irtica rejimi saqqalı artıran başlıca səbəbdir. Hərdən oxuyanda ki, polis hardasa kiminsə saqqalını qırxıb, düşünməliyik ki, bu, saqqal qırxımı yox, saqqal biçimidir. Korrupsioner polis rejimi əməllərinin yetirdiyi, bitirdiyi zəmini biçir. Özü artırır o saqqalları.