Ukraynada vəziyyətin dəyişməsi Azərbaycana nə vəd edir?
Getdikcə demokratik düşərgəni Ukrayna nümunəsilə də qorxutmaq mümkün olmayacaq. Ukrayna yenidən xalqımızı qorxudan deyil, ruhlandıran faktora çevrilməkdədir.
Rusiyanın Ukraynanı parçalamaq üçün hərəkətə keçdiyi ilk vaxtları xatırlayırsız? Prezident Aparatının təlimatları ilə işləyən bir çox “müstəqil və müxalif” mətbuat orqanları hər gün cəmiyyətdə qorxu yaradırdılar ki, Rusiya aqressiyasının növbəti ünvanı Azərbaycan olacaq. Sonra da öz yaratdıqları hay-küydən belə nəticə çıxarırdılar ki, xarici təhlükə çox realdır. Ona görə də ölkə daxilində azadlıq və demokratiya uğrunda mübarizə aparmaq zərərlidir, Avrointeqrasiyanı isə daha unutmaq lazımdır. Əvəzində “müstəqilliyimizi qorumaq naminə” Ilham Əliyevin ətrafında hamımız sıx-sıx birləşməliyik, birləşməyənlər də dərhal olacaq anti-milli.
Məhz bu kampaniyanın pik vaxtında – 29 martda, Milli Şuranın sessiyasındakı çıxışımda demişdim: “Rusiyanın Ukrayna ərazisinin bir hissəsini işğal etməsi Azərbaycan hakimiyyətinin əlində azadlıqsevərləri qorxutmaq üçün bəhanəyə çevrilib. Hazırda hökumətin idarə etdiyi media Ukraynada baş verənləri şişirdərək, xüsusi təbliğat qurub ki, görün xalqlar azadlıq, Qərbə inteqrasiya istəyəndə başlarına hansı bəlalar gəlir. Xalqımızı da Rusiya müdaxiləsilə qorxudurlar. Bununla əlaqədar demək istəyirəm ki, əvvəla, Azərbaycan xalqı gerçək müstəqillik üçün ödəməli olduğu haqqı ödəyib. Qarabağ məhz ona görə işğal olunub ki, Azərbaycan xalqı gerçək müstəqillik, Qərbə inteqrasiya istəyib. Buna görə Qarabağ və ətraf rayonların işğalı ilə biz müəyyən mənada cəzalanmışıq. Yəni, bizim indi qorxuya düşməyimiz çox gecdir. Biz artıq itirə biləcəyimizi itirmişik.
Ikincisi, Rusiya indi çalışır ki, ciddi siyasi-iqtisadi embarqo və təzyiqlərə məruz qalmadan Krımı özünə birləşdirib, yenidən dünya birliyinin üzvü kimi, fəaliyyətini davam etdirsin. Yəni, Qərb dövlətləri ilə dialoq kəsilməsin, dünyadan təcrid edilməsin, Rusiyanı çökdürə biləcək iqtisadi sanksiyalar tətbiq olunmasın. Rusiya bu cür həssas məqamda digər ölkələrə də təcavüz edib, Qərbin ciddi sanksiyalarına əsaslar yaratmaqda maraqlı ola bilməz. Buna görə də xalqımızı boş yerə qorxutmaq lazım deyil – http://www.youtube.com/watch?v=O4Kc3x6Kuvo
Zaman məni haqlı çıxardı. Rusiya rəhbərliyi anladı ki, Ukraynaya açıq-aşkar ordu yeritmək ağır iqtisadi sanksiyalara səbəb olacaq. Ağır iqtisadi sanksiyalar isə Rusiyanın əvvəlcə iqtisadi, sonra da siyasi çöküşünə səbəb olacaq. Rusiya, hətta Odessa hadisəsindən, Ukraynanın həyata keçirdiyi anti-terror əməliyyatları nəticəsində yüzlərlə etnik rus öldürüldükdən, 100 mindən artıq rus evindən didərgin düşdükdən sonra da Ukraynaya ordu yeritməyə cəsarət etmədi.
Ukrayna ordusu isə bir-birinin ardınca şəhər və qəsəbələrini separatçılardan azad edir. Artıq Donetsk və Luqansk vilayətlərinin ərazisinin 70 faizinə Ukrayna nəzarət edir. Bu gedişlə Şərqi Ukraynadakı rus separatçılarını yaxşı tale gözləmir. Onlar da bunu başa düşürlər. Gah Kremlə yalvarırlar, gah da şantaj edirlər ki, hərbi müdaxilə ilə onlara yardım etsin. Rusiya isə edə bilmir. Növbəti sanksiyalardan ehtiyatlanır.
Indi siz deyin, milyonlarla etnik rusun gələcəyinin, minlərlə rus silahlısının həyatının, Rusiya hakmiyyətinin nüfuzunun taleyi həll olunan münaqişəyə Rusiya rəsmi ordu ilə müdaxilə edə bilmirsə, heç bir səbəbsiz, hətta bəhanəsiz bizim ölkəmizə necə müdaxilə edə bilər?
Yeri gəlmişkən, elə bu səbəblərdəndir ki, Gürcüstan və Moldovanın Avropa Birliyi ilə Assosiasiya sazişi imzalamasını Rusiya çox rahat qəbul etdi. Bizim də eyni addımı atmağımızı təmkinlə qarşılayacaq. Hökumətin növbəti təsəllisi də boşa çıxdı.
Ukrayna isə çətin vəziyyətdən çıxır. Ukraynaya hazırda hansı perspektivlər açıldığından ayrıca yazacam. Indi isə onu qeyd edim ki, bu ölkə demokratikləşmə və Avropaya inteqrasiya sahəsində ciddi uğurlar qazanacaq. Və öz uğurları ilə digər keçmiş Sovet respublikalarını da özlərində demokratiyanı bərqərar etməyə, Avropaya inteqrasiyaya stimullaşdıracaq.


