“Avtoritar rejimlərdə ən çətin məsələ ləyaqəti qorumaqdır”

«İnsanlıq ədalətin yanında olmaq, zülmə qarşı divar kimi dayanmaqdır»

Nurəddin Məmmədli: «Məni oğlunun toyuna çağırdığına görə, polis polkovnikini işdən çıxartdılar»

DOSYE: Nurəddin Məmmədli. 1946-cı il aprelin 24-də Gədəbəyin Kiçikqaramurad kəndində anadan olub. Orta məktəbi bu kənddə başa vurandan sonra Azərbaycan Pedaqoji Universitetinin fizika fakültəsində təhsil alıb. Biofizika ixtisası üzrə  Moskvada doktorluq dissertasiyasını müdafiə edəndən sonra 1993-1999-cu illərdə Ali Attestasiya Komissiyasının katibi vəzifəsində çalışıb. Yüzə qədər elmi əsərin, ixtiranın müəllifidir. Əsərləri dünyanın müxtəlif elmi jurnallarında çap olunub. Attestasiya Komissiyasından könüllü şəkildə ayrılan N.Məmmədli siyasi proseslərə qoşulub. Ailəlidir, iki övladı, üç nəvəsi var.
AXCP sədrinin müavini N.Məmmədli bugünlərdə 65 illiyini – yubileyini qeyd edib.

– Nurəddin bəy, necə keçdi bu 65 il?
– Insanlar kimi, onların həyatı da müxtəlifdir. Amma mən həyatımda elə bir özəllik, fərqlilik hiss etmədim. Uşaqlığım müharibədən sonrakı o çətin illərə təsadüf etdi. Özümü dərk edən andan başa düşdüyüm o oldu ki, ətrafımdakı insanlar elmə, savada yüksək qiymət verirlər. Ona görə də ən böyük arzum yaxşı oxumaq, savadlı olmaq, qismət olsa, alim olmaq idi. Ona görə illər ötdükcə bu arzuma yaxınlaşdım. Elmlər namizədi, sonra da doktorluq dissertasiyaları müdafiə etdim. Müəyyən mənada elmi karyera qurdum. Amma təəssüf ki, mənim elmi karyeramın pik nöqtəsi sovet imperiyasının dağılması ilə eyni vaxta təsadüf etdi. O zaman dərk elədim ki, qurmaq və inkişaf etdirmək ölkədəki siyasi rejimdən asılıdır. Biz normal, ədalətli, demokratik cəmiyyət qura bilməsək, elm də, mədəniyyət də, elə insanlıq da yaşam imkanlarını itirəcək. Ona görə də 80-ci illərin sonu 90-cı illərin əvvəllərində nəyi seçmək, hansı yolla getmək məsələsində üstünlüyü siyasətə verdim. Elmlə paralel olaraq siyasətlə məşğul olmağa çalışdım. Bundan sonrakı həyatım cəmiyyət üçün açıq olub. Bu az olmayan həyat təcrübəm nəticəsində gəldiyim ən mühüm nöqtələrdən biri odur ki, totalitar, avtoritar rejimlərdə ən çətin məsələ insan olmaq, öz ləyaqətini, səmimiyyətini, mənəvi keyfiyyətlərini qorumaqdır. Reallığı dərk edən hər bir adam görür ki, Azərbaycanda yaltaqlıq, riyakarlıq, cinayət vəzifə sahibi olmaq və böyük pullara çatmaq üçün vasitələrdir. Çox şükürlər ki, mən bunlardan kənarda olmağa çalışmışam. Bütün həyatım boyu insanlara onların xoşuna gələn sözü yox, doğru bildiyim sözü deməyə çalışmışam. Təəssüflər olsun ki, 20 ildən çoxdur apardığımız bu mücadilə hələ ki, istədiyimiz cəmiyyətin qurulması üçün zəmin yarada bilməyib. Amma bütün bunlarla bərabər bu mübarizəni nəticəsiz mücadilə kimi təsəvvür etmək olmaz.
Bu gün ölkənin gələcəyi və bu müsbət keyfiyyətlərin az-çox qalması həmin o demokratik düşüncəli insanlarımız və bu düşüncənin reallaşması uğrunda aparılan mübarizədən asılıdır. Hesab edirəm ki, bu yolda olan insanlar bütün çətinliklər və məhrumiyyətlərə baxmayaraq, öz həyatları ilə fəxr etmək haqqına malikdilər. Şübhə etmirəm ki, bu mübarizə mütləq nəticə verəcək.

“YAP ideoloqları haqqımızda xoş söz desəydilər, narahat olardıq”

– Hakimiyyət nümayəndələri tez-tez müxalifəti kürsü uğrunda mübarizə aparmaqda ittiham edirlər. Amma məsələn, elə siz çox yaxşı bir vəzifədən könüllü şəkildə imtina edib mübarizəyə qoşulmusunuz. Halbuki elə orada qalıb özünüzə rahat həyat qura bilərdiniz. Bu gün müxalifət sıralarında sizin kimi insanlar heç də az deyil.
– Mənim həyatımla bağlı çox incə bir məqama toxundunuz. Mən Moskvada doktorluq dissertasiyası müdafiə edəndən sonra 20-ci əsr Azərbaycan elminin simvoluna çevrilən məşhur akademikimiz Azad Mirzəcanzadə məni Ali Attestasiya Komissiyasına dəvət etdi. Bir neçə il mən orada haqq-ədalətin bərqərar olması, həqiqi elmin yalançı elmdən fərqləndirilməsi üçün mübarizə apardım. Bu müddət ərzində bir dəfə də olsun rəhmətlik Azad Mirzəcanzadə mənim hər hansı fikrimə, rəyimə qarşı getmədi. Təsəvvür edin ki, Prezident Aparatının ciddi təkidləri ilə mənim Ali Attestasiya Komissiyasından uzaqlaşdırılma məsələm üç dəfə Rəyasət Heyətinin müzakirəsinə təqdim olundu. Hər dəfə də Azad Mirzəcanzadə məsələnin müzakirəsini iclas gedə-gedə gündəlikdən çıxardı. Əgər doğrudan da mən təmtəraq, yüksək status uğrunda mübarizə aparsaydım, bu xəbərdarlıqlardan sonra əqidəmdən dönüb, rahat həyatım üçün hər cür şəraiti təmin edə bilərdim. Bunu seçməmişəm, heç vaxt bu fikrə də gəlməmişəm. Mənim üçün Azərbaycanda vəzifə tutmaqdan daha önəmli olan millətin, xalqın bu əzaba, bu işgəncəyə layiq olmadığı qənaətidir. Hesab edirəm ki, biz şəxsi faciələrimizi ictimai faciədən üstün tutmaqla insanlığımızı, ləyaqətimizi itirmiş oluruq. Bizim bütün şəxsi faciələrimizin qaynaqlandığı əsas sosial-ictimai səbəb bu rejimin mahiyyətindən irəli gəlib. Ona görə biz bu durumu dərk edib, onun uğrunda mübarizə aparmışıq. Kiçik maraqların təsiri altında ləyaqətini şan-şöhrətə, vəzifəyə satan, dünən çox məğrur, möhkəm görünən, amma bu gün mandat uğrunda mübarizədə ləyaqət hissini itirənlər bizim haqqımızda ağıla gələn və gəlməyən böhtanlar atır. Bunlar məni qətiyyən narahat etmir. YAP-ın ideoloqları haqqımızda xoş söz desəydilər, narahat olardıq. Sadəcə olaraq adamı incidən səndən qat-qat aşağı səviyyədə olan, ləyaqətini vəzifəyə, pula satan adamların savadsız, məntiqsiz, insanlığa sığmayan fikirlərinə şərhlər və cavab verməkdir. Görünür, bu da bizim taleyimizdir.

“Məhrumiyyətlərin yaxşı tərəfləri də var”

– Bu gün siyasi proseslərlə maraqlanmayan bir vətəndaşın həyatı ilə sizin həyatınız arasında hansı fərqlər var? O baxımdan ki, mübarizə yolunun cəfası səfasından qat-qat çox olur.
– Buna birinci növbədə müqəddəs dinimizin tələbləri baxımından yanaşmaq istərdim. Bilən bilməyənə borcludur fikrinin kökü də elə Islam dinindən qaynaqlanır. “Quran”da da bildirilir ki, eyni günaha görə alimin cəzası cahilin günahından daha çox olacaq. Ona görə cəmiyyətdə daha böyük statusa malik olanların belə məsələlərə görə cəzası da böyük olacaq. Biz bu məsuliyyəti dərk edib, günahsız bir həyat uğrunda mübarizənin öncülləri olmalıyıq. Əsas o deyil ki, kimsə savadlıdır, başqası savadsız. Əsas odur ki, cəmiyyət yaxşını pisdən ayırır. Mən özümə münasibətdə müxtəlif kateqoriyalı insanlar görürəm. Bunların eləsi var ki, ümumiyyətlə, bu proseslərdən uzaqdır və düşüncəsiz şəkildə opponentlik edirlər ki, iqtidarda da, müxalifət də pisdir, ümumiyyətlə hər şey pisdir. Amma zaman-zaman mən bunlarda bir peşmançılıq hissi də görürəm. Bu adamlar nə qədər həyasız olsalar da, yaxşını pisdən ayıra bilirlər. Məni də yaşadan o yaxşı münasibətdir. Həm dövlət vəzifəsini yerinə yetirən adamlardan, həm mitinqlərdə özünü çox qəddar aparan polislərdən, həm sadə vətəndaşlardan özümə böyük hörmət görürəm. Bu hörmət də bizim indiki halda mübarizəmizi stimullaşdırır, bizə qol-qanad verir, bizə doğru yolda olduğumuzu göstərir. Bütün bu məhrumiyyətlərin yaxşı tərəfləri də var. Bunlar müxalifətdə olan bir insan üçün az deyil.
“Quran”ın ayələrinin birində deyilir ki, zülmkara yardım edənlər cəhənnəm odunda yanacaqlar. Başqa bir yerdə deyilir ki, zülmə qarşı susanlar lal-kar şeytanlardır. Əgər söhbət bütünlükdə bir toplumdan gedirsə, bununla bağlı da ayə var ki, mən öz vəziyyətlərini dəyişmək istəyən qövmlərə yardım edirəm. Yəni, bunların məğzi ondan ibarətdir ki, insanlaşmaq prosesi ədalətin yanında olmaq, zülmə qarşı divar kimi dayanmaqdır. Əgər Allah özü bu adamların cavabını veribsə, mənim ona nəsə əlavə etmək fikrim yoxdur. Insanlar müxtəlifdir və hamıdan eyni şeyi gözləmək də mümkün deyil. Bizim missiyamız o qədər böyük və möhtəşəmdir ki, xırda hisslərin arxasınca getməyə ehtiyac yoxdur. Bizim apardığımız mübarizənin hamını əhatə etməsini gözləmək də düzgün deyil. Tarixdə bəzən ən böyük hadisələri kiçik bir qrup, bəzən bir insan müəyyən edir.

– Dinlə yaxından maraqlanırsınız deyəsən?
– Hər bir insan fəlsəfə, tarix, incəsənət, o cümlədən dinlə maraqlanmalıdır. Mən Islam dininə məxsus heç bir ayini icra etmirəm. Amma təbiətimdə olan tədqiqatçılıq, alimlik mövqeyi məni ətrafımda baş verən hər şeylə maraqlanmağa məcbur edir. Din milyardlarla insanı arxasınca aparan həyat fəlsəfəsidir. Bununla maraqlanmamaq savadsızlıq əlamətidir. Mən dinlə maraqlanıram, nəyin həqiqət, nəyin yanlış olduğunu dərk etməyə çalışıram.

“Qəddar rejimlərdə cəmiyyət daha amansız olur”

– Siyasətin xaricində başqa hansı maraq və məşğuliyyətləriniz var?
– Bu illər ərzində ən böyük maraq dairəm insanlarla bağlıdır. Çünki bəşər tarixi yaranandan bu yana insan zəkasının çox böyük qüdrətə, potensiala malik olduğu sübut olunub. Amma ən çətin şey insanın özü-özünü dərk etməsidir. Son dövrlərdə əsas istəyim insanları dərk etmək, onların psixologiyasını, davranışını və bu davranışlarının düşüncəsinə nə dərəcədə uyğun olmasını müəyyən etməkdir. Cəmiyyətdəki ictimai proseslərdə insanın ruhu məni daha çox maraqlandırır. Bu istiqamətdə ciddi bir şey yazmasam da, bu rəngarəngliyin içində ibrətamiz şeylərə çox rast gəlirəm. Əsas odur ki, rejimlər qəddar, totalitar, avtoritar mahiyyətli olanda insan da öz insanlıq mahiyyətindən çıxır və cəmiyyət daha qəddar, amansız olur. Bu gün, bir gün ərzində on adamın intihar etməsi faktı adiləşib. Son illərdə arvadın əri öldürməsi halları artıb. Əvvəl belə şeyləri çox az hallarda eşidirdik. Bu gün bunların hamısı adiləşib, insan da özgələşib.

Heyif sənə verdiyim bu rəyə…

– Başqa ölkələrin siyasi mühiti ilə az-çox tanışsınız. Bu ölkələrdən hansının siyasətçisi olmaq istərdiniz?
– Əslində mənim ətrafımdan yüzlərlə insan indi Avropanın demokratik ölkələrində yaşayırlar. Onların xeyli hissəsinin ora getməsində mənim də rolum olub. Mən Moskvanın çox məşhur bir ixtisaslaşma şurasında doktorluq müdafiə etmişəm. Çox məşhur akademik Kovalenko mənim opponentim idi. O, çıxışında dedi ki, bir neçə ildən sonra sənin sorağın dünyanın ən məşhur elmi mərkəzlərindən gəlməsə, heyif sənə verdiyim bu rəyə. Mənim dünyanın ən rahat ölkələrində bu işimi davam etdirmək imkanlarım var. Bunu heç vaxt eləməmişəm, fikrim də yoxdur. Mən məsələyə o cür yanaşıram ki, 20-25 il əvvəl müəyyən insanlarla birgə bu xalqı xilas etmək üçün ictimai öhdəçilik götürmüşəm. Bu öhdəçəlikdən qaçıb rahatlıq axtarmaq fərarilikdir. Bu mənim üçün ölümə bərabər bir şeydir. Ona görə mən heç vaxt harasa getmək və oranın xoşbəxtliyi ilə öyünmək fikrində olmamışam. Bu, bizim seçimimiz, həyat tərzimizdir. Bunu dəyişmək fikrim də qətiyyən yoxdur.

– Bu mənada həyat yoldaşınızla fikirləriniz toqquşur, yoxsa…
– Insan müəyyən yolu seçəndə və ətrafındakılar hiss edəndə ki, bunu dəyişmək mümkün deyil, barışma prosesi gedir. Təbii ki, mənim ətrafımdakı hər bir adamın – ailə üzvlərimin, qohumlarımın narahatçılığı var. Bunu danmaq olmaz. Və bu narahatçılığı zaman-zaman hiss etdiriblər. Amma eyni zamanda bir şeyi də yaxşı bilirlər ki, bu, mənim həyat tərzimdir. Bundan uzaqlaşmaq fikrim yoxdur. Bir növ vərdiş edirlər.
Biz çox çətin şəraitdə yaşayır və işləyirik. Bizim ən kiçik səhvimiz böyük problemlərə çevrilə bilər. Hakimiyyət yataq otaqlarımızda kameralar qurub, bizə qarşı hər cür şantajdan, ifrat, eybəcər vasitələrdən istifadə edir. Bu mənada ətrafın sənə sadiq olsa, daha yaxşıdır. Bu, mübarizəni davamlı olaraq sürdürmək imkanları yaradır. Bu mənada mənim heç bir problemim yoxdur. Elə adamlar var ki, onların mənimlə parkda bir yerdə olmaları belə, problem yarada bilər. Belə olanda təkid edirəm ki, məndən uzaq olun, çörəyinizə bais olmaq istəmirəm. Çoxu razılaşmır, əziyyət çəksə də, mənimlə ünsiyyəti davam etdirir. Bunun özü də bizim mübarizə üçün stimuldur. Rayonların birinə gedəndə yolda gördüyüm tələbə yoldaşımın maşından düşüb mənimlə söhbət etməsi onun vəzifədən kənarlaşdırılması ilə nəticələndi. Gəncədə bir polis polkovniki məni oğlunun toyuna dəvət etmişdi. Bunun pis nəticələnəcəyini hiss edib, həmin gün Gəncədə qalmalı olsam da, oradan rayona getdim. O isə səhər toyda elan etmişdi ki, mən filankəsi toya gətirtmişəm, bizim toyda iştirak edəcək. Rayondan qayıtdıqdan sonra eşitdim ki, adamı işdən çıxarıblar. O da yanıma gəlib dedi ki, məni xoşbəxt etmisən, o sistemdən canım qurtardı. Bu, o deməkdir ki, ölkədəki situasiya nə qədər böyük rol oynasa da, hər şey insanın öz seçimindən asılıdır.

Gültəkin Knyazqızı