MDİ-nin bağlanması etirazla qarşılandı

Fuad Qəhrəmanlı: «MDİ-nin fəaliyyətinin dayandırılması Azərbaycanın imicinə növbəti zərbədir»

Leyla Yunus: «Hakimiyyət ölkəni Türkmənistana çevirmək istəyir»

Barəsində bir çox qalmaqallı və ittiham xarakterli məlumatlar yayılan ABŞ-ın Milli Demokratiya Institutunun (MDI) Azərbaycan ofisi bağlanıb. Bu barədə “Vestnik Kavkaza” portalı məlumat yayıb. Məlumata görə, MDI-nin ofisi iyul ayının 2-də bağlanıb.

Qeyd edək ki, MDI Azərbaycanda “ərəb baharı”na dəstək, onun təşkilatçıları olan gənclərə maliyyə dəstəyi verməkdə ittiham olunurdu. MDI-nin Azərbaycanda hakimiyyətə qarşı olan bəzi gənclərin aksiya keçirmələrinə də maddi yardım ayırdığı iddia edilirdi.

Ancaq bugünə qədər bu faktların heç biri təsdiqini tapmayıb və ABŞ hökumət səviyyəsində bildirilib ki, bütün ittihamlar əsassızdır.

Milli Demokratiya Institunun (MDI) Bakıdakı fəaliyyətinin rəsmi olaraq dayandırılması ölkə müxalifəti və vətəndaş cəmiyyətləri tərəfindən ciddi narahatlıqla qarşılanıb. 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “moderator.az”a açıqlamasında sözügedən institutun bağlanmasının səbəblərinə toxunub: “MDI Azərbaycanın daxili siaysətinə qarışmırdı. Daha çox vətəndaş cəmiyyətinin dəstəklənməsi istiqamətində addımlar atırdı. Prezident seçkilərindən sonra həm demokratik müxalifətə, həm də vətəndaş cəmiyyətlərinə qarşı təzyiq kampaniyası başladı. Bu kampaniya çərçivəsində hakimiyyət vətəndaş cəmiyyətini, ümumiyyətlə, sıradan çıxartmaq haqqında düşünür. Son vaxtlar QHT-lərin fəaliyyəti ilə bağlı ciddi təzyiqlər göstərilir. Vətəndaş cəmiyyəti fəalları artıq həbs olunublar. Bu, vətəndaş cəmiyyətini sıradan çıxartmağa xidmət edir. MDI vətəndaş cəmiyyətinin dəstəklənməsi ilə bağlı proqramlar həyata keçirdiyi üçün onu sıradan çıxartmaq planlaşdırılırdı. Bu məqsədlə də dövlət rəsmiləri tərəfindən bu yöndə kampaniya aparılırdı. MDI-nin fəaliyyətinin təftiş edilməsi ilə bağlı fikirlər səslənirdi. Nəticədə MDI Azərbaycandakı fəaliyyətini dayandırmalı oldu”.

F.Qəhrəmanlıının qənaətincə, MDI-nin Bakıda fəaliyyətini dayandırması Azərbaycanın beynəlxalq imicinə də mənfi təsir göstərəcək:

“Hesab edirəm ki, baş verənlər Azərbaycanın demokratik imicinə zərbədir. Bu həm də ölkədə gedən demokratik proseslərin gedişinə vurulan zərbədir. Düşünürəm ki, bundan sonra vətəndaş cəmiyyətlərinə verilən dəstəyin səviyyəsi daha da aşağı düşəcək. Çünki ölkədə vətəndaş cəmiyyətlərinin inkişafına dəstək verən müsəqil təşkilatlar onsuz da yox idi. Sonuncu nümunə MDI idi ki, onun da fəaliyətinə son qoyuldu. Bu, hakimiyyətin irticasının güclənməsinin göstəricisidir. Ancaq MDI-nin fəaliyyətinin dayandırılmasının müxalifətin fəaliyyətinə hər hansı təsiri olmayacaq. Çünki MDI ilə siyasi müxalifət arasında hər hansı bağlılıq və əməkdaşlıq yox idi”.

Hüquq müdafiəçisi Leyla Yunus bildirdi ki, hakimiyyət  növbəti dəfə antidemokratik addım ataraq öz kimliyini ortaya qoydu: “Azərbaycan hakimiyyəti ölkəni Türkmənistana çevirmək istəyir. Həm Qərblə əməkdaşlıq edən QHT-lər sıradan çıxarılır, vətəndaş cəmiyyəti təzyiqlərə məruz qalır, həm də ABŞ-ın, Avropanın burda fəaliyyət göstərən institutları qapadılır. Bundan əvvəl də ”Norveç Insan Haqları Evi” bağlandı. Bu gün Gürcüstanda, Ermənistanda, Rusiyada bu institutlar fəaliyyət göstərir. Ancaq Azərbaycanda müstəqil yerli təşkilatlar və xarici qurumlar olmamalıdır. Bu da hakimiyyətin mahiyyəti ilə bağlıdır”.

Akif