Azərbaycan Fransa görüşündən niyə imtina etdi?
Bir neçə gün əvvəl ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycan prezidentlərini döyüşkən ritorikadan çəkinməyə və “mümkün qədər tez zamanda” Parisdə görüşməklə bağlı Fransa rəhbərinin dəvətini qəbul etməyə çağırmışdı. Bu çatrış siyasi ekspertlər tərəfindən birmənalı qarşılanmamışdı. Çünki Fransa prezidenti Fransua Olland bir müddət əvvəl Bakı və Yevanda olarkən münaqişə tərəflərinə problemin həlli ilə bağlı konkret təkliflər vermişdi. Həmin təkliflərin birgə müzakirəsi və mövqeyin öyrənilməsi isə məhz Paris görüşünə saxlanmışdı. Amma baş verən proseslərin fonunda Azərbaycan tərəfinin sərgilədiyi mövqe maraq doğurur.
Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev ABŞ-dan verilən bu bəyanatı şərh edərkən deyib ki, Azərbaycan «danışıqlar xatirinə görüş keçirmir». «Biz münaqişənin diplomatik şəkildə həll edilməsinin və danışıqların tərəfdarıyıq. Amma danışıqlar xatirinə görüş keçirmirik», bu sözləri E.Abdullayev «BBC Azərbaycan»a açıqlamasında deyib.
Bu arada Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Fransa prezidenti Fransua Ollandın Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə planlaşdırılan növbəti görüşü baradə onlara heç bir tapşırığın verilmədiyini açıqlayıb. “Dəqiq tarixini bilmirəm. Fransa prezidenti belə bir təşəbbüslə çıxış edib. Ancaq hələlik heç bir detallar yoxdur. Mənim bundan hələlik xəbərim yoxdur. Biz rəsmi olaraq məlumat almamışıq”, deyə o vurğulayıb.
Maraqlıdır ki, ilk dəfədir ki, Azərbaycan tərəfindən bu cür addım atılır. Azərbaycan tərəfinin Fransadakı görüşdən imtina etməsinin səbəbi nədir?
Vəfa Quluzadə: «Rusiyanın regionda yürütdüyü siyasət Ermənistanın danışıqlar prosesində real addımlar atmayacağını deməyə əsas verir»
Politoloq Vəfa Quluzadənin fikrincə, Fransa görüşünün həqiqətən də sıradan bir görüş olma ehtimalı çoxdur. Çünki hazırda Rusiyanın regionda yürütdüyü siyasət Ermənistanın danışıqlar prosesində real addımlar atmayacağını deməyə əsas verir: «Əgər Azərbaycan əmin olsa ki, Ermənistanın münaqişənin həlli ilə bağlı mövqeyində bir dəyişiklik ola bilər o zaman proses daha da canlanar. Çünki hazırda Ermənistanın yürütdüyü siyasət tam şəkildə Rusiya ilə razılaşdırılır. Rusiyanın hazırda yürütdüyü aqressiv xarici siyasətin isə hədəfləri bəllidir. Rusiya hazırda problemdən bir təsir vasitəsi kimi istifadə olunur. Belə bir niyyətin ortada olduğu halda görüşün harada keçirilməsindən asılı olmayaraq nəticə dəyişməyəcək. Bu günə kimi keçirilən görüşlərin də ona görə səmərəsi olmayıb ki, Rusiya hansı addımları atmalı olduğunu Ermənistana diqqtə edir».
V.Quluzadə onu da bildirdi ki, hazırda Rusiya Azərbaycana Avrasiya İttifaqına daxil olmaqla təzyiq etdiyi və bu istiqamətdə Qarabağ problemindən istifadə etdiyi bir zamanda danışıqlar prosesindən bir şey gözləməyə dəyməz.
Xəyal


