
Azərbaycanın rəsmi strukturlarının elan etdiyi rəqəmlər yenə bəzi suallar yaradır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel ayları ərzində xarici ölkələrlə 9,9 milyard dollarlıq ticarət, o sıradan 7,2 milyard dollarlıq ixrac, 2,7 milyard dollarlıq idxal əməliyyatları aparılıb. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərin hər zaman olduğu kimi reallığı əks etdirmədiyini demək olar. Bunun üçün rəqəmlərə nəzər salaq. Idxal olunmuş malların 32,7 faizi maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, 9,2 faizi nəqliyyat vasitələri, 0,9 faizi mebel, 9,7 faizi qara metallar və onlardan hazırlanan məmulatlar, 2,5 faizi əczaçılıq məmulatları, 12,4 faizi yeyinti məhsulları, 4,3 faizi tütün və tütün məmulatları, 1,4 faizi sement və s. olub. Ümumilikdə 4 ay ərzində Azərbaycana təxminən 4800-dən çox çeşiddə mal idxal olunub.
Siyahıda əsas diqqət çəkən məqam yeyinti məhsulları və əczaçılıq məmulatları ilə bağlıdır. 2,7 milyardlıq idxalda 2,5 faiz 67 milyon 500 min dollar deməkdir. Dörd ay ərzində Azərbaycana cəmi 67 milyon 500 min dollarlıq əczaçılıq məmulatlarının gətirildiyi inandırıcı görünmür. Çünki Azərbaycan dərman istehsal etmir. DSK-nın açıqladığı rəqəmin reallığı əks etdirmədiyini görmək üçün ölkədə apteklərdə və xəstəxanalarda kiçik müşahidə aparmaq yetərlidir. Xəstəxanalarda vətəndaşlara yazılan ən sadə reseptdə dərmanların qiyməti 50 manatdan az tutmur.
Qeyd edək ki, rəsmi məlumata görə, Azərbaycanda 800-ə yaxın aptekin fəaliyyət göstərdiyi deyilir. Lakin qeyri-rəsmi məlumata görə, təkcə paytaxtda 3000-ə yaxın aptek, ümumilikdə ölkədə isə 5000 minə yaxın aptek var. Bunların hər birində gündə orta hesabla yüz manatlıq dərman satılsa, bu, günə 500 min, aya 15 milyon manat, dörd ayda isə 60 milyon manat deməkdir. Belə olan halda dörd ayda ölkəyə cəmi 67 milyon 500 min dollarlıq əczaçılıq məmulatlarının gətirildiyi real görünmür. Bu da ənənəvi olaraq Dövlət Statistika Komitəsinin məlumatlarının reallığı əks etdirmədiyini, yəni xarici ticarət dövriyyəsi ilə bağlı rəqəmlərin azaldıldığını deməyə əsas verir.
Digər şübhə doğuran məqam ölkəyə idxal edilən yeyinti məhsulları ilə bağlıdır. 2 milyard 700 milyon dollarlıq idxalın 12,4 faizi 334 milyon 800 min manat edir. Dörd aya ölkəyə bu qədər ərzaq məhsulunun gətirildiyi inandırıcı deyil. Çünki Azərbaycan 80 faiz ərzaq idxalından asılıdır. Deməli, burda da DSK-nın rəqəmləri az göstərib. Bu isə bir daha idxal əməliyyatlarında maxinasiyalara yol verildiyini təsdiqləyir.
Realda bu rəqəmlər daha yüksək olmalıdır. Amma bütün sahələrdəki kimi gömrükdə olan korrupsiya və rüşvət buna imkan vermir.
Samir Əliyev: «Dəqiq məlumatlar ictimaiyyətə açıqlanarsa, o zaman biz reallıqda ölkədə idxalın üstünlük təşkil etdiyini görərik»
Azərbaycanda ixracın idxaldan çox olmasının səbəbinin neft amili ilə bağlı olduğunu deyən iqtisadçı Samir Əliyev bildirdi ki, neft faktoru kənara qoyularsa, o zaman idxalın ixracdan çox olduğu ortaya çıxar. Eyni zamanda hazırda idxalın ixraca nisbətdə artım tempi yaşadığını söyləyən S.Əliyev vurğuladı ki, amma bu artımın fonunda rəsmi statistik rəqəmlərdə artım müşahidə etmirik: «Azərbaycanın gömrük sistemi şəffaflıqdan çox uzaqdır. Məlumatlar reallığı tam əks etdirmir. Amma bütün mal qrupları üzrə dəqiq məlumatlar ictimaiyyətə açıqlanarsa, o zaman biz reallıqda ölkədə idxalın üstünlük təşkil etdiyini görərik. Bu özünü daha çox qeyri-ərzaq məhsullarında göstərir. Heç kimə sirr deyil ki, ölkədə hər ötən il dərman məhsullarına təlabat artır, apteklərin sayı çoxalır. Amma statistikaya baxdığımız zaman bu artımı görmürük. Bunun da bir səbəbi var statistik məlumatlar tam şəkildə reallığı əks etdirmir».
S.Əliyevin fikrincə, ölkəyə idxal edilən məhsulların rəsmi statistikaya salınması gömrük rüsumunun tutulması ilə nəticələnəcək. Bunun baş verməməsi üçünsə həmin məhsullar ölkəyə qeyri-rəsmi daxil edilir.
Xəyal


