Təzə söhbəti eşitmisiniz də yəqin? Bir neçə gündür mətbuatda dövlətin ucuz ev tikəcəyi, gənc ailələrə paylayacağı haqqında məlumatlar dolaşır, 25 il ərzində ayda 60 AZN ödəməklə mənzil sahibi olmağın mümkünlüyündən yazılır. Sonra bu, “dövlətin gənclərə qayğısı” kimi izah edilir.
Əvvəla, sual yaranır: bəs necə oldu sizin “uğurlu ipoteka siyasəti”niz? Əgər o doğrudan da, uğurla həyata keçirilirdisə bu təzə komediyaya nə ehtiyac vardı?
Ikincisi, yaptokratlar indiyədək nəyi ucuz tikib ki, indi də durub gənclərə ucuz ev tiksinlər? Bunun büdcəni talamaq üçün yeni tələ olmadığını hardan bilək? Əgər bunların nəyisə belə ucuz tikmək mərifətləri varsa, niyə dünyanın az qala ən bahalı yollarından tutmuş, yeraltı keçidlərinə, körpülərinədək hamısı bu ölkədə inşa olunur? Niyə Yaponiya səfirliyi 2008-ci ildə Şəkinin Dərəcənnət kəndində tikilən məktəbə vur-tut 87,958 min dollar xərclədiyi halda, bundan bir il əvvəl yapçılar Qubanın Xınalıq kəndindəki məktəbin hər sinif otağının tikintisinə bundan çox – 86,6 min manat, ümumilikdə isə 1 milyon 300 min manat vəsait xərcləyir?
Üçüncüsü, niyə bu ölkədə hamı mütləq dövlətin əlinə baxmağa məhkumdur? Ev sahibi olmaq istəyən də, babat müalicəyə ehtiyacı olan da niyə hakimiyyətdən mərhəmət ummalıdır? Onun sədəqəsinə, fitrə-zəkatına möhtac qalmalıdır? Niyə milyard manatlarla ölçülən neft, qaz pullarının əvəzində hələ də bu ölkənin vətəndaşı ələ baxır, bunların səxavətindən mədət umur? Bəs niyə onun əməyinin, alın tərinin qarşılığı ən elementar həyat şərtlərinin öhdəsindən gəlməyə kifayət deyil?
Bəli, ölkədə hər sahədə və hər mənada bir ələbaxımlılıq siyasəti həyata keçirilir. Elə bir vəziyyət yaranıb – yaradılıb ki, hamı özünü hakimiyyəti qəsb etmiş bu bir ovuc adamın girovu kimi hiss etsin. Aldığı nəfəsə görə də özünü bunlara borclu saysın.
Budur, hardasa bir il öncə şərləyərək həbsə atdıqları, bir neçə gün əvvəl isə üzvü olduğu NIDA Vətəndaş Hərəkatından və üzvü olmadığı, bəli, bəli, hətta üzvü olmadığı AXCP-dən istefa ərizəsi yazdırdıqları bir gənc siyasi məhbus haqqında 5 illik həbs qərarını 2 illə əvəz etdilər. Növbəti dəfə öz ədalətsizliklərini “mərhəmətləri” ilə örtmək nümunəsi göstərdilər. Sonra da utanmadan deyirlər, gənclərin ayda 60 manat ödəməklə evi olacaq.
Bəs gənclərin qüruru? Onların bəlkə də evləri olacaq, amma qürurları sındırılacaq, qəlbləri incidiləcəksə, əqidələri əlindən alınacaqsa, hətta həqiqətən lap havayı ev bağışlasan, bu nə qədər insanidir, nə qədər vicdanidir? Gənclərin evləri olacaq, amma doğru söz demək haqları, sərbəst toplaşmaq azadlıqları, seçib-seçilmək hüquqları olmayacaqsa, bunun bir anlamı, mənası qalacaqmı?
***
Bir uçuq koma sahibi olmaq belə, insan üçün böyük xoşbəxtlikdir. Bunu həyatı özgə qapılarında, kirayələrdə keçənlər daha yaxşı anlayar. Amma evin ola-ola özünü yaşadığın ölkədə kirayənişin kimi hiss etməkdən də böyük bədbəxtlik yoxdur. Elə bir ölkədə yaşamaq ki, sən “ya bizim kimi düşünərək, bizim iradəmizə və istəyimizə tabe olaraq yaşayacaqsan, ya da cəhənnəmə qədər yolun var” tələbi, təhdidi ilə qarşı-qarşıyasan, hər an arxandan təpik vurub qova bilərlər – bundan böyük fəlakət, bundan dəhşətli ağrı ola bilərmi? Belə bir ölkədə evin, işin olsa belə, nə qədər xoşbəxt ola bilərsən ki?
Unutmayın: yetim-yesirin göz yaşı, məzlumların alın təri üzərində birilərinin dəbdəbəli saraylar ucaltdığı ölkədə sızlayan bir vicdanı, düşünən bir beyni, ağrıyan bir ürəyi sahib olduğu heç nə mutlu edə bilməz: nə doğma ev, nə sevdiyi iş, nə sevgilisinin gözəl bir sözü, nə övladının şirin bir gülüşü. Ədaləti olmayan ölkədə bütün sevinclər nisbidir, hətta min bir əziyyətlə koma sahibi olmağın da sevinci! Çünki Hacıbalanın və buldozerlərin nə vaxt o komanın ətrafında peyda olacağını proqnozlaşdıra bilməzsən.
***
Bəli, könül istər ki, Azərbaycanda hamının isti, işıqlı evi olsun, amma bundan daha önəmlisi – gərək əvvəlcə Azərbaycan hamının evi olsun. Hamı özünü bu evin sahibi kimi hiss etsin, qonağı, kirayənişini deyil.
Sonra…
Sonrası asandır: hətta bir toyuq hininə sığınıb da xoşbəxt yaşamaq mümkündür.