Bu dünyada, bəlkə də, insanı ən çox gözdən salan şey verdiyi sözü tutmamasıdır, yəni vədinə xilaf çıxması. Sözünün ağası olmayan adam, sadəcə, özü özünü rəzil edər. Pis əməl bürünəcək şey deyil ki. Hara getsəniz üzünüzə vurular. Özünüzü o yerə qoymasanız da, kənardan barmaqla göstərərlər, yeri gələndə də səssizcə yerinizdə otuzdurarlar…
Bu, bir az da borc dəftərində olan adınızın altından atdığınız imzanı danmağa bənzəyir. Amma dəftər də, imza da fakt və sübutdur, qaçmağa ayaq yeri qoymaz. Indi bizim siyasi məhbuslar siyahımız da bu borc dəftərinə dönüb. Ölkə rəhbərindən tutmuş, başqa bütün yetkililərə qədər kim kənara ayaq qoysa, həmin borc dəftəri masanın üstünə gəlir. Avropa Şurasına üzv olmağı istəmisən? Istəmisən. Bu qurumun xüsusi qayda-qanunlarına əməl edəcəyinlə bağlı öhdəlik götürmüsən? Götürmüsən. Dünyanın bir parçası olmaq istəyinə dair sənədlərə qol çəkmisən? Çəkmisən. O zaman, imzana hörmət qoy, qardaşım.
Uzun illərdir Azərbaycanda həllini tapmayan “siyasi məhbus” məsələsi hamının canını sıxmağa başlayır deyəsən. Vallah, can sıxmağının da yeri var. Hansı dünyada yaşayırıq ki, insanları üç-dörd bağışlanmaz sərt kəlməsinə görə 5-6 il həbsxanada yatızdırasan? Bir siyasi partiyanın üzvü olduğuna, inanclı olduğuna, gənc həmyaşıdların arasında seçilən fəallardan olduğuna görə 7-8 il cəza alasan? Haqsızlığın hüdudları daha hara qədər uzanıb gedə bilər ki?
Son on gündə bu məsələ ilə bağlı Azərbaycanın ünvanına səslənən kəskin tənqidləri və tələbləri nəzərə alsaq, “siyasi məhbus” siyahısının hələ ciddi şəkildə gündəmdə saxlanacağına ümid edə bilərik. Amma heç şübhəsiz, bütün məhbus ailələri ümidlənməkdən daha irəli gedib, bu məsələnin qısa zamanda qəti həll olunacağına inanmaq istəyir. Deməsi asandır, amma söhbət onlarla günahsız insanın taleyindən və onların gözü yolda qalan, dustaqxana yollarında əzab çəkən ailələrindən gedir.
Bakıya səfəri zamanı bu məsələlərə ciddi mövqe göstərən nüfuzlu şəxslərdən biri də amerikalı konqresmen Kristofer Smit olub. O, ölkə prezidentinə siyasi məhbusların konkret siyahısını verdiyini, SMDT-nin həbsdə olan rəhbəri Anar Məmmədlinin məsələsini şəxsən danışdığını deyib. Smit həm də insan haqları ilə bağlı köklü problemləri olan ölkələrin rəhbərlərinə qarşı sanksiya sənədləri hazırlayan şəxslərdən biridir. Həmin şəxslər sırasında Azərbaycan məmurlarının adı olmasa da, ölkəmizə başqa növ sanksiyaların tətbiq edilmə təhlükəsi var. Kristofer Smit açıq şəkildə “hüquqların pozulduğu ölkələrlə ticarət sövdələşmələri bağlamaq səmərəli deyil” mesajı verir və bu siyahıda ölkəmizin adının olacağını da gizlətmir.
Azərbaycan üçün siyasi məhbuslar məsələsi, həqiqətən, bıçağın sümüyə dirəndiyi yerdir. Bunu anlamaq üçün dahi deyil, ağlı başında olmaq lazımdır, sadəcə. Günahsız insanların taleyi ilə bazarlıq, təkcə onları haqsız yerə illərlə içəridə saxlayan rəhbər şəxslərə deyil, ölkəyə də baha başa gələ bilər. Ticarət sövdələşmələrinin bağlanmasından imtina edilməsi bir ölkə üçün qısa zamanda itirilən milyardlar deməkdir. Sizcə, hansı qərar daha doğru olardı: heç bir cinayət işləməmiş insanları azad buraxmaq, yoxsa şəxsi hikkə və iddialar ilə ölkəni çıxılmaz dalana sürükləmək?