Və ya sındırılmış iradə qarşılığında verilən azadlıq…
Dünən Sumqayıt məhkəməsində çıxarılan bir qərar ölkədəki iyrənc tendensiyanın növbəti sübutu idi. Bir daha göründü ki, Azərbaycanda hökumət öz vətəndaşına ən elementar azadlıq, yaşamaq haqqını onu sındırmaqla, alçaltmaqla verir. “Regionun lider dövləti”, “dünyada analoqsuz inkişaf”la öyünənlərin 19 yaşlı kənd uşağı ilə bu cür davranışı isə onların özünə qarşı ikrah hissinin dozasını artırır.
Söhbət Sumqayıt Apelyasiya Məhkəməsində Xaçmaz rayonunun Əhmədoba kənd sakini, hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılan 19 yaşlı Elsevər Mürsəlli barəsində çıxarılan qərardan gedir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyilə bu il aprelin 3-də çıxarılan hökmə əsasən, Elsevər 5 il azadlıqdan məhrum edilmişdi. Ötən il oktyabrın 3-də o, ailə üzvlərilə birlikdə alma bağlarından qayıdarkən saxlanılaraq, Xaçmaz Rayon Polis Şöbəsinə aparılıb. Ertəsi gün isə Bakıya – Baş Narkotiklərlə Mübarizə Idarəsinə gətirilib. Ona qarşı CM-nin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik saxlama) ittihamı irəli sürülüb. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsində Elsevər bəyan etmişdi ki, ona qarşı ittiham saxtadır. O, heç vaxt narkotik üzü görməyib. Həbsi də “facebook”dakı fəaliyyətilə bağlıdır. 19 yaşlı gəncin sözlərinə görə, ötənilki prezident seçkisi ərəfəsində o, sosial şəbəkələrdə Milli Şuranın namizədi Cəmil Həsənlini təbliğ edən status və şəkilləri bəyənib, paylaşıb.
Elə apelyasiya şikayəti üzrə iyunun 19-da Sumqayıtda keçirilən ilk məhkəmə iclasında da Elsevər Mürsəlli eyni fikirləri təkrarlamış, günahsız olduğunu həbsinin siyasi olduğunu bəyan etmişdi. Üstündən cəmi 3 gün keçəndən sonra – iyunun 23-də Elsevərin bəyanatı və prezidentə əfv üçün müraciəti yayıldı. O, Azərbaycan Xalq Cəbhəsi Partiyasından istefa verdiyini, həmçinin “NIDA” Vətəndaş Hərəkatından çıxdığını, özünü siyasi məhbus hesab etmədiyini, “tutduğu cinayət əməlinə görə məsuliyyətə cəlb edildiyini” yazırdı. Əlbəttə ki, bu cür ərizələrdə “dövlət başçısının uğurlu xarici və daxili siyasətinin dəstəklənməsi” tezisi olmadan keçinmək mümkünsüzdür: “Gənc olduğum üçün cənab prezident Ilham Əliyevin yürütdüyü uğurlu siyasətin dərinliyinə varmadan, özünü müxalifət adlandıran təşkilata üzv olmuşam. Indi səhvimi başa düşərək cənab prezident Ilham Əliyevin siyasətini dəstəklədiyimi bir daha bəyan edir və siyasi aləmdən çəkilirəm”.
Bu gənclə bağlı ən gülünc məqam isə Elsevər Mürsəllinin heç vaxt üzvü olmadığı AXCP-dən istefa verməsi barədə yazdıqları idi.
Belə bir bəyanat və əfv müraciəti ortaya çıxanda aydın məsələ idi ki, şərlənərək həbs olunmuş gəncin dörd divar arasında köməksiz vəziyyətindən yararlananlar ona yazdıqlarının müqabilində azadlığa buraxılmasını vəd ediblər. Bu baxımdan, Sumqayıt Apelyasiya Məhkəməsindəki prosesin sonunda onun şərti cəza ilə həbsdən buraxılacağı, yaxud da cəzasının azaldılacağı gözlənilirdi. Bu gözlənti də ölkədəki murdar təcrübəyə əsaslanaraq yaranmışdı. Məsələn, ortada Daşqın Məlikov təcrübəsi vardı. Hökumət AXCP üzvü olan, astma xəstəliyindən əziyyət çəkən və ikinci qrup əlil olan 22 yaşlı gənci narkotiklə şərlətdirmişdi. Valideyni xəstə övladının azadlığa buraxılması üçün dövlət başçısı da daxil olmaqla, ən müxtəlif instansiyalara müraciət etsə də, əhəmiyyət verən olmadı. Amma əvəzində bir müddətdən sonra – prezident seçkisi ərəfəsində Daşqına Ilham Əliyevin siyasətini dəstəklədiyi, bu səbəbdən AXCP-dən istefa verdiyi barədə bəyanat yazdırıldı. Daha sonra Daşqını guya, öz xahişi ilə təcridxanadan Heydər Əliyevin məzarı önünə apardılar. Orada baş əyəndən sonra isə azadlığa buraxdılar.
Bənzər olaylar da Elsevər Mürsəlli ətrafında baş verməkdədir. Bəyanatın nəticəsi olaraq, dünən Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Elsevərin 5 illik cəzası 2 ilə endirilib. Məhkəmə ona verilən ittihamı yüngülləşdirərək, 234.1-ci maddə ilə əvəz edib. Əvvəlki ittiham üzrə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulurdusa, 234.1-ci maddədə bu cəzanın müddəti maksimum 3 ilə qədərdir.
Əldə etdiyimiz məlumata görə, Elsevər Mürsəlli 2 illik cəza müddətinin üçdə bir hissəsini çəkdiyi əsası ilə yaxın vaxtlarda azadlığa buraxılacaq.
Əlbəttə, həbsxana günahsız insanın yeri deyil. Bu mənada, Elsevər Mürsəllinin azadlığa çıxa bilməsi sevindiricidir. Amma hakimiyyətin bu azadlığı 19 yaşlı gəncə qürurunun tapdanması, iradəsinin sındırılması bahasına verməsi utancvericidir!
Azad Akifoğlu


