İndi bütün dünya bilir ki…
2014-cü il hakimiyyətə düşmədi. Sanki dünyanın 2-ci nəfəsi açıldı və tənqidlər güllə kimi Azərbaycan hakimiyyətinə yönəldi. Beynəlxalq mətbuatın tənqidi materialları, ABŞ-dakı dinləmlər, yüksək tribunalardan səslənən fikirlər, Ilham Əliyevə ünvanlanmış çətin suallar, ABŞ səfirinin müsahibəsi, ATƏT-in Bakı tədbirində hökumətin pərt vəziyyətə salınması və digər hadisələr eyni vaxtda baş verdi. Hələ proses davam edir.
Baş verənlər həm də onu göstərir ki, hakimiyyətin uzun illər sığınacaq kimi istifadə etdiyi yalanlar sıradan çıxır. Frensis Bekon deyirdi ki, yalan zəiflərin daladalanacağı və sığınacağıdır. Görünür, həqiqət üzə çıxanda, yalan yalançıya sığınacaq verə bilmir.
Belə ki, hakimiyyət uzun illərdir dünyaya və yerli ictimaiyyətə sübut etmək istəyir ki, müxalifətlə dialoqa hazırdır, fərqli fikirə hörmətlə yanaşır və s.
Hətta bu illər ərzində müxalifətə “radikal”, “ənənəvi”, “qaragüruh” epitetləri yapışdırıldı. Və hakimiyyət elə zənn edirdi ki, dünya bu yalanları udub və hamı reallıqdan bixəbərdir.
Ancaq son günlər müşahidə olunan 3 məqam hakimiyyətin “dialoq” arqumentini əlindən aldı.
Öncə ABŞ Helsinki Komissiyasının həmsədri, senator Benjamin Kardin bildirdi ki, seçkilər demokratik keçirilməyib və hakimiyyətin müxalifətlə davranışında çox ciddi problemlər var.
Daha sonra ATƏT PA-nın demokratiya və insan hüquqları komitəsinin qətnaməsinin müəllifi, Serbiya parlamentinin vitse-spikeri Qordana Komiç “Hakimiyyətin öz opponentləri ilə dialoq aparması üçün istəyi, siyasi iradəsi yoxdur”- deyə bildirdi.
Sonuncu zərbəni isə hakimiyyət özü özünə vurdu. Belə ki, iyunun 30-da ATƏT Parlament Assambleyasının iclaslarının keçirilidiyi Fairmont otelində təşkilatın təmsilçiləri ilə AXCP sədri Əli Kərimlinin görüşünə imkan verilmədi və hakimiyyətin “dialoq” sevgisi yenidən gündəmə gəldi.
Çünki hadisədən bir gün sonra Danimarkadan olan deputat Karsten Lauritzen ATƏT PA-nın iclasında baş verənlərə belə qiymət verdi: “Bazar ertəsi nümayəndə heyətimiz Azərbaycan hökumətinin müxalifət liderinə təzyiq etdiyini gördü. Danimarka nümayəndələri olaraq AXCP sədri Əli Kərimlini sessiyanın keçirildiyi hotelə dəvət etdik. Amma onu hotelə buraxmadılar. Biz onunla söhbət etmək istədik. Amma buna imkan verilmədi. Azərbaycan parlamentinin protokolu bizə söylədi ki, o şəxsin hotelə daxil olması çox təhlükəli olar. O, müxalifət partiyasının lideridir, heç bir şeydə günahlandırılmır. Biz sadəcə dialoq aparmaq istəyirdik. Bunun özü də Azərbaycanda böyük problemlərin olduğunu bir daha göstərir. Mən xahiş edirəm ki, ev sahibləri olan ölkələr belə tədbirlərdə QHT, müxalifət nümayəndələri ilə deputatların görüşlərinə icazə versinlər. Əgər bu imkan verilməyəcəksə, onda belə ölkələrdə tədbirlər keçirilməsin”.
Roma filosofu Siseron deyirdi ki, həqiqət özü-özünü asanlıqla müdafiə edir. Həqiqətən də son hadisədə müxalifət lideri həqiqəti sübut etmək üçün əziyyət çəkmədi. Yalnız məlum məkana təşrif buyurmaq kifayət etdi ki, həqiqət yalanı müdafiəsiz qoysun.
Bir sözlə, indi bütün maskalar cırılıb. Cırıq maskanı taxmaq isə, əsl simanı gizlədə bilmir. Hamının əsl simanı görməsindən sonra isə, yeni maska axtarmağın mənası yoxdur.
Indi bütün dünya bilir ki, Azərbycan hakimiyyəti üçün ən yaxşı dialoq, monoloqdur.
İlham