Abutalıbovu oğlu ilə “vururlar”

Mer postuna göz dikənlər «vəhhabi kartı»ndan yararlanmağa çalışırlar

Bakı Şəhər Icra Hakimiyyətinin (BŞIH) mətbuat xidmətinin rəhbəri vəzifəsinə Nailə Polad qızı Məmmədova təyin olunub. Bu barədə APA-ya Nailə Məmmədova özü məlumat verib. O bildirib ki, BŞIH rəhbəri Hacıbala Abutalıbovun sərəncamına əsasən dünəndən vəzifəsinin icrasına başlayıb.
Xatırladaq ki, qurumun mətbuat xidmətinin keçmiş rəhbəri Nuranə Mərdanova mayın 12-dən təqaüdə göndərilib.

Nailə Məmmədova Hacıbala Abutalıbovun oğlu Israfil Abutalıbovun həbs olunması barədə məlumata da münasibət bildirib. O, deyib ki, bəzi KIV-də Israfil Abutalıbovun Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və şayiədir: “Israfil Abutalıbov hazırda ailəsi ilə birlikdə Londonda yaşayır”.

Qeyd edək ki, yayılan məlumatlarda vəhhabi olduğu iddia edilən Israfil Abutalıbovun “Aşurbəy məscidi”ndə (“Ləzgi məscid”i) MTN tərəfindən keçirilən əməliyyat zamanı həbs olunduğu bildirilirdi.

Israfil Abutalıbovun vəhhabi olması barədə xəbərlər isə bir müddət əvvəl yayılıb. Həmin xəbərlərdə bildirilirdi ki, merin oğlu Londonda olarkən bu təriqətə qoşulub. Onun vəhhabi olduqdan sonra Azərbaycana qayıtdığı və əmlakını sataraq vəhhabi təriqətinə mənsub imkansız şəxslərə yardım etdiyi də gələn xəbərlər sırasında idi. Bu məsələnin yenidən gündəmə gəlməsi isə mer postu uğrunda hakimiyyətdəki qruplar arasında gedən mübarizənin təzahürü kimi qiymətləndirilir.

Uzun müddətdir ki, hakimiyyətdəki oliqarxlar Bakıya nəzarəti ələ keçirmək üçün Hacıbala Abutalıbovun “vurulmasına” çalışırlar. Iddialara görə, hazırda Azərbaycanda vəhhabi təhlükəsinin olması onların işinə yarayıb. Yəni, merin oğlunun vəhhabi olması və hətta Azərbaycan dövlətçiliyinə təhlükə sayılan bu təriqətin radikal üzvləri ilə yaxınlığını gündəmə gətirməklə Hacıbala Abutalıbovu hədəfə gətirməyə çalışırlar.