1 gündə 1000-dən çox terrorçu öldürüldü
Ölkənin şərqində antiterror əməliyyatı keçirən Ukrayna güc strukturlarının qüvvələri separatçıların əlindəki Luqansk şəhərinə daxil olublar.
Hərbçilər şəhərə bitişik Metallist qəsəbəsini tam təmizləyib. Daha sonra onlar Kamennobrodsk rayonu tərəfdən şəhərə daxil olublar. Hazırda Kamennobrodskda döyüşlər gedir. Separatçılardan bəzilərinin təslim olduğu bildirilir. Şəhərdə hava həyəcanı verilib, sirenaların səsi eşidilir.
Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov parlamentin bu gün səhər başlayan iclasında əməliyyatın gedişi haqda məlumat verib: “Silahlı Qüvvələr və Milli Qvardiya terrorçulara və cinayətkarlara qarşı fəal hücumları davam etdirir. Bizim hərbçilərimizin fəaliyyəti çox effektiv və yüksək səviyyədədir. Əminəm ki, ordumuzun gücü ilə Donetsk və Luqansk terrorçulardan tam azad ediləcək”.
Ukraynada bir gün ərzində 1000-dən çox terrorçu məhv edilib. Bunu isə daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak bəyan edib. O bildirib ki, atəşkəs müddəti bitdikdən sonra Ukrayna ordusu Donbas regionunda genişmiqyaslı əməliyyata başlayıb və uğur əldə edib.
Z.Şkiryakın sözlərinə görə, Donetsk və Luqansk vilayətlərində strateji nöqteyi-nəzərdən əhəmiyyət kəsb edən edən bir neçə şəhər və “Doljanski” sərhəd-keçid məntəqəsi terrorçulardan azad olunub.
“Separatçılar təslim olmağa hazırdırlar. Onlar Rusiyaya getmək üçün dəhlizin yaradılması yaxud da əfv təminatı ilə bağlı razılıq əldə etməyə çalışırlar” – deyə o vurğulayıb.
Xatırladaq ki, Ukrayna prezidenti Petro Poroşenko Donbass probleminin həlli üçün sülh planı irəli sürüb və iyunun 20-də birtərəfli qaydada 1 həftəlik atəşkəs elan edib. Daha sonra atəşkəsin müddəti daha 3 gün uzadılıb. Lakin separatçılar P. Poroşenkonun irəli sürdüyü şərtləri qəbul etməyiblər və Ukrayna prezidenti iyulun 1-nə keçən gecə Silahlı Qüvvələrə və Milli Qvardiyaya hücum əmri verib (apa).


