İyulun 2-də Bakıda ATƏT PA-nın sessiyasının son iclası keçirilib. İclasda qurumun «Bakı bəyannaməsi» müzakirə və qəbul olunub. Azərbaycan nümayəndə heyətinin üzvü Bahar Muradova sənədin Azərbaycana aid olan 137, 138 və 139-cu bəndlərinə etiraz edib.
Bəyannamənin 138-ci bəndində ATƏT-in Bakıda daimi nümayəndəliyinin açılması istənilir. 139-cu bənddə hazırda həbsdə olan seçki mütəxəsisi Anar Məmmədli və ölkədəki digər siyasi məhbuslarla bağlı məsələ yer alıb.
Anar Məmmədli ilə bağlı məsələnin bəyannaməyə salınmasını Norveç deputatı Geir Joergen Bekkevold təklif edib. “Anar Məmmədli hökümətə qarşı tənqidçi səs idi, seçkilərlə bağlı tənqidi hesabatlarına görə Azərbaycan höküməti tərəfindən təqib olunurdu”, – deyə Bekkevold bildirib.
Bahar Muradovanın etirazlarına baxmayaraq, bəyannamə olduğu kimi qəbul edilib.
Bəyannamə 140 bənddən ibarətdir.
***
Daha sonra ATƏT regionunda gender məsələlərinin müzakirə ediləcəyi gözlənilsə də, Ukrayna böhranı əsas söhbət mövzusu olub.
İtaliya deputatı Sergio Divina Ukraynadakı hakimiyyətin “demokratiya yolu ilə dəyişdiyini” qeyd edib. “Bakı qrupu Ukraynada böhranından azad və sərbəst seçkilər vasitəsilə çıxış yolu tapmalıdır”, – deyə o, bildirib.
Gürcüstandan George Tseretelli Ukrayna ilə bağlı qətnamənin qəbul edilməsini nəzərdə tutaraq, sessiyanı uğurlu adlandırıb: “Ukraynada ilə bağlı qətnaməni qəbul etməsəydik düzgün olmazdı. Biz bilirik Gürcüstan, Azərbaycan, Moldova buna görə hansı qurbanlar verib. Bu problemi həll etmək lazımdır. Sülh yolu ilə olmadıqda, sanksiyalar tətbiq edilməlidir”.
Böyük Britaniyadan deputat Mark Hendrik də Rusiya əleyhinə sərt danışıb: “Viktor Yanukoviç Avropa tərəfdarları tərəfindən seçilmişdi, Rusiyanın təzyiqinə məruz qaldı və məsuliyyəti dərk etməyərək ölkədən qaçdı. Krımda referendum keçiriləndə insanlar ölkədən qaçırdı, ona görə minlərlə Kreml hərbçiləri ölkədə yerləşdirildi. Biz düşünürük ki, Putin Sovet İttifaqını yığmaq istəyir, Putin özü üçüncü dəfə seçilib, bu tarixdə olmayan şeydi. Bu hərəkətlərlə Rusiya daha çox siyasi təcridetməyə məruz qalacaq”.
Rusiya deputatı Lyudimila Kozlova bu çıxışçıları “qeyri-obyektiv” adlandırıb: “Tarixi yada salmaq istəyirəm, 60 il qabaq Ukraynaya Krımı verdilər. Rusiya Krımın federallaşmasının tərəfdarı idi. Bizim prezidentimiz Ukrayna prezidentinin düzgün ağıllı formada hərəkətlərini görməsəydi Ukrayna indi dağılmış olardı”.
Almaniyadan Franz Thoennes isə hər iki tərəfə müraciət edib: “Silahlarınızı yerə qoyun. Mesaj aydındır: atəşkəsə nail olmaq, münaqişəni yatırtmaq üçün danışıqlar aparmaq lazımdır”.