Məryəm surəsi

Yox, nə Qurani-Kərimdəki “Məryəm surəsi”ndən danışmaq fikrim var, nə yeni yazdığım eyni adlı romandan.

17 aprel mitinqindən sonra iki ad gündəmdən düşmür. Biri Atadı, biri “5 yaşlı ”Azadlıq! Istefa!” deyən qızcığaz”. Dünya mediası isə ancaq bu körpədən danışır. Ata onlar üçün maraqlı deyil. Belə Atalarla dünyanı təəccübləndirmək olmaz. Tarix indi bu tip “ata”ların təftişi və invertarlaşdırılması ilə məşğuldu – diktatorlar, onların bu qəbil aşiqləri özünün payız fəslini yaşayır. Çox çəkməz, onlarla yalnız muzeylərdə qarşılaşarıq, onların adları isə arxaizmə çevrilər.

“Azadlıq”ın reportyorları – Vidadiylə Ramin bu qızcığazın ailəsini və onun adını tapandan sonra bir məqam diqqətimi çəkdi. Qızın adının Məryəm olması əslində çox adi bir haldı. Azərbaycanda, ümumiyyətlə, müsəlman dünyasında bu ad çox yayılıb. Ancaq bu tapıntıyla bağlı Atanın da bir özəlliyinin üzə çıxması məni bir balaca düşündürdü.
Məryəm Isanın anası olmasına rəğmən, bizlərə daha çox Quranda keçən bir ad kimi gəlib çatıb. Azərbaycana, heç şübhəsiz, ərəblərin gəlişi ilə qədəm basıb. Ata isə şükürlər olsun ki, adı müqəddəs heç bir kitabda olmayan adamdı, bundan sonra da heç bir kitabda hörmətlə anılacaq yükə malik deyil. Olsa-olsa Ictimai Şura deyilən qaranlıq bir qurumun kitabında ola bilər onun adı. Istintaq işinin materiallarında və gələcəyin lənət kitablarında ola bilər. Sadəcə, iş ondadı ki, adının olmasa da, özünün ərəblərə aidiyyəti var. Bu faciəli şəxs ərəb dilini bilir, deyilənə görə, Ərəb ölkələrindən birində hansısa missiya ilə çalışıb. Bir az bundan qabaq ölkəmizin üstünü toz dumanı bürümüşdü və onun da Ərəbistandan gəldiyini söyləyirdilər. Ərəb inqilablarının yelləri də öz yerində. Sanki hər şey ərəb havasına köklənib. Bu hava nə olur olsun, sonunda bir şey dəqiqdi – son gülən Azadlıq olur. Yəni indi Azərbaycanda iki qüvvənin savaşı gedir – Ata ilə Məryəmin timsalında. Eynən Xeyirlə Şərin savaşı kimi.

Azadlıq uğrunda savaşmaq həmişə müqəddəs sayılıb. Müqəddəs savaşı aparanlar özləri də müqəddəs deyilmi? Ən azı savaş getdiyi çağda. Ən azı bu savaşı aparan körpə, məsum, suçsuz Məryəm isə!

Məryəmi kimsə öyrətməmişdi, kimsə dilləndirməmişdi. Onun içindən o sözlər ilahi vəhy kimi çıxmışdı. Məsum körpənin saf diləyi isə heç vaxt yerdə qala, qoşulduğu savaş heç vaxt məğlub ola bilməz. Əslində, rejim üçün bu, böyüklərin mübarizəsindən daha təhlükəli, daha qorxuludu. Ona görə də enlikürək “polis amcalar” bu qızdan elə qorxdular. Qara yaxan qara yaxdı, çirkab atan çirkab atdı, müxalifətin ünvanına küfrlər söylədilər bu qızcığazı mitinqə çıxardığına görə. Polis onun anasına 50 manat alaraq mitinqə çıxdıqlarını deyib. Polis öz aləmində haqlıdı. Çünki onların gözündə hər şey pulladı.

Birilərinə görə hər şeyi – vicdanı, şərəfi, namusu, əqidəni pulla satmaq və ya satın almaq olar. Aşıq gördüyünü çağırar, polis də bu ölkəni, bu hakimiyyəti belə görüb və onlara elə gəlir ki, mitinqə çıxanlara pul paylayırlar. Onların ilhamverici hakimiyyəti də elə düşünür. Oralarda pulun hər şeyi yapa biləcəyinə inanırlar. Müdriklər “pul hər şeyə qadirdir” deyən bu cür adamların, əslində, özlərinin pul üçün hər şey yapa biləcəklərini söyləyiblər. Başına gələn başmaqçı olar.
Bu hakimiyyətin başında duranlar ağlına belə sığışdıra bilmirlər ki, insan pulsuz nə isə eləyə bilər. Və onlara elə gəlir ki, insana, hətta balaca qızcığaza “Azadlıq” sözünü dedirtmək üçün də rüşvət verilməlidi.

Həmin qızcığaz isə həmin gün oradan keçəndə sadəcə lahmacun yeməyə gedirdi anası ilə. Məsələ bu qədər bəsit idi. Ancaq onu həbs elədilər. Lahmacun yeyə bilmədi, əvəzində Azadlığın “Məryəm surəsi”ni yazdı. Müsəlmanlı, xaçpərəstli dünya bu surəyə inanır. Ataya isə heç özü də inanmır…
Redaksiyadan: Bu yazı Ata Abdullayevin ölüm xəbəri yayılmamışdan əvvəl yazılıb.