“Belə hökmlər Azərbaycanı fəlakətə sürükləyir”
Əlayif Həsənov: «Sanki bütün savadlı, intellektual narkomanlar yığışıb «facebookda
fəallıq edir, etiraz aksiyası keçirir, «Əsgər ölümlərinə son» deyir…»
“Facebook”dakı tənqidçi “AzTV-dən seçmələr” və “Heydər Əliyev adına” səhifələrin admini olmuş 19 yaşlı blogger Ömər Məmmədovun məhkəməsi yekunlaşır. CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsilə ittiham olunan Ömərin işi üzrə məhkəmə istintaqı başa çatıb, prokuror gənc fəala 6 il həbs cəzası istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən ötən iclasda Ömər Məmmədovun vəkili Xalid Bağırov çıxış edərək, gənc fəalın təqsirsiz olduğunu, onun hökuməti tənqid edən fəaliyyətinə görə şərləndiyini konkret faktlarla ortaya qoymuşdu. Dünənki məhkəmə iclasında digər vəkil Əlayif Həsənov da çıxış edərək, Ömərin həbsinin siyasi xarakter daşıdığını, onun məhz fəallığına görə narkotiklə şərlənərək həbsxanaya göndərildiyi sübut edən faktları bir daha məhkəmənin nəzərinə çatdırıb. Vəkil eyni zamanda, gənc fəalın həbsi və bu iş üzrə ibtidai istintaq zamanı yol verilmiş qanun pozuntularını da sadalayıb.
Qeyd edək ki, ötən məhkəmə iclasında Xalid Bağırov Ömər Məmmədovun hökuməti tənqid etdiyinə görə həbs olunmasından danışarkən hakimlər onun sözünü kəsir, çıxışı başa çatdırmasına imkan vermirdi. Bu səbəbdən dünən Əlayif Həsənov çıxışa başlayarkən məhkəməni xəbərdar edib ki, əgər həmkarı kmi ona da fikrini tamamlamağa imkan verilməsə, buna etiraz olaraq, hətta ağzını tikə bilər.
Əlayif Həsənovun sözlərinə görə, bu məhkəmə prosesi əslində, Ömərin təqsirsizliyini, onun “AzTV-dən seçmələr” və “Heydər Əliyev adına Səhifə”nin fəaliyyətinə görə cəzalandırıldığını ortaya qoydu: “Ömər özü də ilk gündən bəyan edir ki, həbsi sırf ”facebook”dakı fəaliyyətilə bağlıdır. Amma təəssüf ki, məhkəmə bu istiqamətdə araşdırma aparmaqdan imtina etdi. Biz müdafiə tərəfi olaraq, məhkəməyə həmin səhifələrə görə Ömərin özünün və atasının şantaj olunması, şəxsi həyatına, kompüterinə müdaxiləni sübut edən konkret faktlar təqdim etdik. Təəssüf ki, məhkəmə bununla bağlı bizim təklif etdiyimiz şahidləri dindirmədi, telefon zənglərini araşdırmadı”.
Ömər Məmmədova qarşı çoxsaylı prosessual pozuntulardan bəhs edən vəkil bildirib ki, belə bir iş üzrə ittiham hökmünün çıxarılması təkcə Ömərin həyatını deyil, bütövlükdə ölkəni fəlakətə sürükləməkdir: “Işin içində Öməri həbs edən adam – Narkotiklərlə Mübarizə Idarəsinin polkovniki Xəyal Nəsibovun idarənin rəisi Həzi Aslanova raportu var. Göstərilib ki, guya, Ömərin xeyli vaxt narkotik satışı ilə məşğul olması haqda onlara məlum daxil olub. Ömər Kiprdə oxuyurdu və həbsindən cəmi iki gün əvvəl Bakıya tətilə gəlmişdi. Belə olan halda, onun uzun müddətdir narkotik satışı ilə məşğul olması barədə məlumat necə ola bilərdi? Bəlkə bizim əməliyyatçılar onu Kiprdə də izləyirmişlər?!
Ekspertiza rəyində göstərilib ki, Ömər Məmmədovun qanında narkotik aşkarlanmayıb, aludəçiliyi yoxdur. Amma axırda da bir qeyd yazır ki, narkoloji dispanserdə qeydiyyatda olması məsləhətdir. Axı niyə?!
Son 21 ildə ölkədə xeyli siyasi motivli məhkəmələrdə iştirak etmişəm. Acı praktika ondan ibarətdir ki, bu cür məhkəmələrdə müdafiə tərəfinin sübutlarına əhəmiyyət verilmir, hansı sifariş gəlirsə, ona da əməl olunur.
Son dövrlərdə Azərbaycanda bütün gənc fəalların hamısını narkotik ittihamıyla həbsxanaya salıblar. Sanki bütün savadlı, intellektual narkomanlar yığışıb sosial şəbəkələrdə fəallıq edirlər, etiraz aksiyası keçirirlər, “Əsgər ölümlərinə son” deyirlər… Hansı ölkədə bu cür narkomanlar var?
Bu cür yalan ittihamlar üzrə hökmlər Azərbaycanı fəlakətə sürükləməklə yanaşı, həm də ölkənin olan-qalan nüfuzunu da heç edir.
Ömərə narkotik satışı ittihamı verilib. Hansı əsasla? Ondan narkotik alan adam varmı? Belə bir ifadə varmı? Ayıbdır…
Təcrübəyə əsaslanaraq, bilirəm ki, siyasi işlər üzrə ədalətli hökm gözləməyə dəyməz. Amma onu da bilirəm ki, sifarişli hökmlər çıxarmaq hakimlərin özləri üçün də asan olmur. Bir neçə hakim var ki, belə hökmləri oxuyandan sonra kabinetdə canlarını tapşırıblar. Vəkil üçün isə siyasi işlər əməlli-başlı əzaba çevrilib. Söhbət fiziki əziyyətdən getmir, heç bir günahı olmadan tutulmuş adamın gözlərinin içinə baxmaqdan gedir…”
Əlayif Həsənov çıxışının sonunda Ömər Məmmədova bəraət verilməsini istəyib.
Məhkəmə prosesi iyulun 4-də Ömərin özünün son sözü ilə davam edəcək.
Aytən Məmmədova


