İctimaiyyət nümayəndələri Əli Kərimlinin ATƏT PA üzvlərilə görüşünə imkan verməmək cəhdini pislədi
Bakıda ATƏT Parlament Assambleyasının iclaslarının keçirilidiyi Fairmont otelində baş verən siyasi rüsvayçılıq barədə məlumat vermişdik. Xatırladaq ki, Assambleyanın bir neçə deputatı, Peter Juel Jensen, Karsten Lauritzen və Livholm Sorensen iyunun 30-da AXCP sədri Əli Kərimli ilə həmin oteldə görüşmək istəyiblər. Lakin təhlükəsizlik qüvvələri görüşə imkan verməyiblər. Nəticədə situasiyanı belə görə xarici qonaqlar öncə situasiyaya müdaxilə edərək, problemi yoluna qoymağa çalışsalar da bu onlara nəsib olmayıb. Görüş daha sonra avropalı qonaqların təşəbbüsü ilə şəhərdəki kafelərin birində keçirilib.
Hakimiyyyətin ölkədə siyasi azadlıqların təmin edildiyi, siyasi partiyalara fəaliyyət üçün imkanın yaradıldığını bəyan etmələrinə baxmayaraq reallığın tamamilə başqa cür olduğunu ATƏT təmsilçiləri öz gözləri ilə görmüş oldular.
Leyla Yunus: «Təhlükəli terroristlərin» adları olan siyahıdakı şəxslərin fəaliyyəti nəzarətə alınır»
Hüquq müdafiəçisi Leyla Yunus AXCP sədri Əli Kərimli ilə bağlı baş verənlərdə təəccüblü heç nə görmür. Oxşar situasiya ilə onun özünün ötən həftə üzləşdiyini deyən L.Ynusu vurğuladı ki, o, ATƏT PA-nın sessiyasının üzvü kimi qeydiyyatdan keçsə də, adı dəvət olunan qonaqlar siyahısında olsa da, onu tədbirə buraxmayıblar: «Əli Kərimliyə də ATƏT təmsilçiləri ilə görüşə icazə verməyiblər. Heç olmasa o, kənarda görüş keçirə bilib. Belə görünür ki, hakimiyyət nəzarətində olan strukturlara müəyyən siyahı təqdim edib. «Təhlükəli terroristlərin» adları olan siyahıdakı şəxslərin fəaliyyəti nəzarətə alınır. Bu isə insan hüquqlarının, sərbəst toplaşmaz azadlığının, siyasi fəaliyyət hüququnun kobud şəkildə pozulmasıdır. Hakimiyyət təmsilçilərinin Azərbaycan sərbəst toplaşmaq azadlığının təmin edildiyi və siyasi baxışlarına görə heç kimin təqib olunmadığı ilə bağlı söylədikləri reallıqdan uzaqdır. Hakimiyyətin demokratik düşərgəyə qarşı təzyiqləri hər ötən gün daha da artır.
Vidadi Mirkamal: «AXCP sədrinə qarşı insident İlham Əliyevin «Azərbaycanda siyasi məhbus yoxdur, demokratiya var» çıxışın alt-üst edir»
Hüquqşünas Vidadi Mirkamal isə hesab edir ki, hakimiyyət təmsilçilərinin ölkədə demokratiyanın olduğu ilə bağlı açıqlamaları bu dəyərə hörmət edilməsi anlamına gəlmir. Hakimiyyətin həmişə özünü demokratik dəyərələrə hörmət edən siyasi qüvvə kimi təqdim etməyə çalışdığını deyən V.Mirkamal bildirdi ki, amma reallıq tamamilə başqa mətləblərdən xəbər verir: «Biz artıq sərbəst toplaşmaq azadlığının təmin edilməməsinin, siyasi fəaliyyətin məhdudlaşdırılmasının şahidi olmuşuq. Bu reallıqlar bizə tanışdır. Amma AXCP sədri ilə bağlı insident birbaşa beynəlxalq təşkilatların təmsilçilərinin gözü önündə törədilib. Artıq bununla beynəlxalq təşkilatların nümayəndələri öz gözləri ilə gördülər ki, Azərbaycanda nələr baş verir. İlham Əliyevin «Azərbaycanda siyasi məhbus yoxdur, demokratik dyərlər təmin edilir» çıxışının qarşılığında bu cür insident, Əli bəyə pasport verilməməsi, AXCP-nin sonuncu qərargahının partladılması Azərbaycan reallıqlarını dünyaya göstərir. Amma bu mənada Avropa bilməlidir ki, Azərbaycanda nələr baş verir. Azərbaycan reallıqlarının dəqiq bilinməsi hakimiyyətə münasibətin düzgün formalaşmasına da təsin edir».
Xəyal