Azad mətbuatdan divar qəzetinə…

Azərbaycanda bir qrup yazar var ki, ancaq seksdən, kişi-qadın münasibətlərindən yazır. Düşünürlər, cəmiyyətin dəyişməsinə, stereotiplərdən qurtulmasına ehtiyac var.
Yox, mən də bu yazarların sırasına qoşulmaq niyyətində deyiləm. Onsuz da müğənni olmaq arzusuna düşənlər soyunan kimi, mediada da məşhurlaşmaq istəyən birinci kişi-qadın münasibətlərindən yazıb ağıl öyrədir.
İndi bu yazarların gününə düşmüşəm, az qala ildə 3 dəfə eyni mövzudan yazıram, vəziyyət düzəlmir ki, düzəlmir. Mətbuatı deyirəm. Bu seksdən yazanlar ölkədəki vəziyyəti az qala seksual inqilab həddinə gətirdilər, mən medianın adından yararlanaraq, büdcəni gəmirənlərin könlünə insaf sala bilmədim. Əksinə, yazdıqca, büdcədən yeyilən məbləğ daha da artdı. Məsələn, ötən həftə yenə KİV-ə Dövlət Dəstəyi Fondu 33 qəzetə pul ayırdı. 9 mindən tutmuş 60 minə qədər pul alanlar oldu. Bu müqəddəs Ramazan günlərində and içirəm ki, 60 min alan qəzetlər arasında elələri var ki, heç həftədə 60 nüsxəsi satılmır. Təbii, oxucu nə qəzetsatandı, nə də hansısa media qurumunun rəhbəri ki, gedib statistika aparsın, dediklərimin yalan və ya doğru olduğunu sübut etsin. Amma hər oxucunun özünə görə çevrəsi, işi, sosial həyatı var, ictimai nəqliyyatdan istifadə edir. Hansı biri kiminsə əlində “Mövqe”, “Kaspi”, “Səs”, “Palitra”, “Bakı xəbər”, “Olaylar” qəzetlərini görüb? Bəlkə “Ədalət”, “525-ci qəzet” satışına görə bu məbləği almağı layiqdir? Yaxud “Azad Azərbaycan”, “Paralel” adlı qəzetlər 40 min manat almaqla oxucu sayını artıracaq?
Ümumiyyətlə, KİV-ə pul paylamaqla dəstək olmurlar, onu nökərə çevirirlər. Dəstək şəraitin – reklam mühitinin, azad sahibkarlığın yaradılmasıdı. Bunun qarşısını alıb, divar qəzeti səviyyəsində olan çap mediasına pul paylamağın mənası yoxdu. Bu pulların miqdarının artması baş redaktorların maşınlarının markasını dəyişməkdən başqa heç nəyə yaramayacaq.
Yaxşı, tutaq ki, Vüqar Səfərli təsadüfən alverdən mətbuata gəlmiş adamdı, indi əlinə səlahiyyət veriblər, o da düşünür ki, büdcə rəhmətlik babasından qalmış mirasdı, övladlarının yolunda xərclənməlidir. Bəs bu vergi ödəyiciləri niyə səsini çıxarmır? Niyə heç olmasa bircə nəfər demir ki, ay insafsız, axı “Futbol+qol”u heç qəzetin rəhbəri olan oğlun belə oxumur, niyə ona məsələn, “Futbol+” qəzetindən 10 min çox pul verirsən? Xərcləyirsən, heç olmasa insaf da dinin yarısı olsun də. Nə vaxta qədər vəzifədə olanlar büdcəni basıb talayacaq, büdcəyə pul daşıyanlar isə susub gözünü döyəcək?
Vallah, billah, mən eyni mövzuda dəfələrlə yazdığıma görə oxucumdan utanıram, amma Vüqar Səfərlinin üzü də qızarmır. Çünki ictimai qınağın olmadığı ölkələrdə bütün dəyərlər dəbdən düşür. Nəticədə azad mətbuat boğulur, divar qəzetlərinə yol açılır…