Təxminən bir il öncə təhsil nazirini tərifləyib göyə qaldıran, TQDK-nı təhsillə bağlı biabırçı statistikanı açıqladığına görə az qala dövlətə xəyanətdə suçlayan Fəzail Ağamalı bu günlərdə təhsilimizi göydən yerə vurub.
“Nəvələrimi dövlət məktəblərinə qoymayacağam”,- ötən şənbə bir çox KIV-lər yazılarını Fəzail Ağamalının bu sözlərini başlığa çıxarmaqla yayıblar. Başqa cür desək, hələ təhsilimizi belə tənqid edən olmamışdı. Məleykə Abbaszadənin tənqidlərini əndazəni aşmaqda qınayan Fəzail Ağamalı TQDK sədrini də ötüb keçib. Bizim təhsil Fəzail Ağamalının nəvələrinə layiq deyilsə, bizim məktəblər Fəzail Ağamalının nəvələrinə yaramırsa, bundan sonra deməyə başqa söz qalırmı?!
Aşağıdakı abzaslarda Fəzail Ağamalının Misir Mərdanovu necə təriflədiyini, TQDK-nı təhsildəki qüsurları açıqladığına görə necə qınadığını xatırladacağam. Öz sözləri ilə. Azərbaycan xalqının varını yeyənlər haqqı elə unudublar ki, bəzən öz dediklərini də undurlar. Indi isə gəlin görək, bu adam niyə öz nəvələrini dövlət məktəblərində oxutmaq istəmir.
Əziz oxucular, Fəzail Ağamalının nəvələri elə indiyədək də dövlət məktəblərində oxumurdular. Təhsil haqqı, deyilənə görə, 10 min manata yaxın olan türk liseylərində oxuyublar. Bu liseylər isə Türkiyənin Ərdoğan və Gülən bölgəsində baş verən zəlzələnin Azərbaycana təsiri nəticəsində bağlanıb. Birdən-birə və gözlənilmədən. Doğrudur, liseyləri verdiyi təhsilin keyfiyyətinə-zadına baxmadan bağlayıblar, amma bəzilərinə bu hadisə o qədər təəccüblü görünür ki, elə bil burada yaşamayıblar, təzəcə Parisdən gəliblər. Bu ölkədə nəyi bağlaya bilmirlər ki, bir neçə liseyi də bağlaya bilməsinlər?!
Fəzail Ağamalı da nəvələrinin oxuduğu liseylər bağlanandan sonra qəzəblənib: “…Bakıda bir-iki orta məktəb yüksək səviyyəli təhsil və tərbiyə verə bilir. Ancaq onların da imkanları məhduddur. Mən Bakıdakı iki özəl təhsil müəssisəsi arasında seçim edəcəyəm. Amma birmənalı olaraq dövlət məktəblərinə qoymayacağam”.
Bir zaman isə deyirdi: “Misir müəllim peşəkar təhsil işçisidir. O, Sovet Ittifaqı zamanında təhsil nazirinin müavini, sonralar isə Bakı Dövlət Universitetinin rektoru və təhsil naziri vəzifələrini daşıyıb. Bu vəzifələrə rəhbərlik edən vaxtlarda hər zaman öz peşəkarlığını nümayiş etdirib. Misir Mərdanov tamamilə çox sadə, öz işçilərinə yuxarıdan aşağı baxmayan, insanlara və mətbuata hər zaman açıq olan adam olub. Azərbaycan təhsilinin inkişafında Misir Mərdanovun çox ciddi xidmətləri var”.
Sonuncu cümlədəki inkişaf sözünə diqqət edin! Bəs hanı o inkişaf? Niyə nəvələrin köməyinə çatmır? Bəs niyə Bakıda cəmi iki-üç məktəbin yaxşı təhsil vermək imkanı var, onların da imkanları məhduddur?
Mən hələ Fəzail Ağamalının ölkəmizin necə sürətli və böyük inkişaf yol keçməsi barədə başqa fikirlərini iqtibas etmirəm. Onsuz da hamınız onu həmişə tərifin öncə cərgəsində görmüsünüz.
Bir müddət öncə TQDK sədri Məleykə Abbaszadə orta məktəblərdəki təhsilin aşağı olmasını göstərəndə isə Fəzail Ağamalı sərt etiraz etmiş, hətta sonuncuya qarşı ağır ittihamlar irəli sürmüşdü. Çıxışın məğzi də bu idi ki, Məleykə Abbaszadə “nöqsanları həddindən artıq şişirdirsə, burada onun Təhsil Nazirliyinə qarşı qərəzli olması görünür. Bu da təəssüf doğurur”.
Fəzail Ağamalı deyirdi ki, komitə sədri tənqidlərində əndazəni aşır. Bəs indi nə oldu? Özü niyə bütün əndazələri aşdı?
Əziz oxucular, mövcud hakimiyyət təhsili çoxdan məhv edib. Liseylərdən öncə, qapısı açıq olan məktəblərin təhsili bağlanıb. Misir Mərdanov dövründə davam edən çökmə indi də davam edir. Mikayıl Cabbarovun gördüyü işlərin də heç bir nəticəsi yoxdur və olacağına da inam yoxdur. Çıxışlarında savadlı, lakin qeyri-intellektual və bacarıqsız bir adam təsiri bağışlayan indiki nazirin gördüyü işlər onsuz da heç nəyi dəyişmir. Ötən il aşkar ifşa olunan qızıl medal alveri isə onun necə işlədiyini göstərdi.
Məleykə Abbaszadəyə gəldikdə, xeyli ümid bəsləmişdik ona. Hər halda TQDK yeganə qurumdur ki, yaradıldığı niyyətə xeyli uyğundur. Amma artıq Məleykə Abbaszadə də qaldırdığı problemlərin başını buraxıb və düşündüyümüz qədər prinsipallığa sahib deyilmiş, yaxud onu danışdıran təhsilin dərdi deyilmiş.
Ümumi nəticə odur ki, gah belə danışan, gah elə danışan Fəzail Ağamalı son çıxışında tam haqlıdır. Adam emosiyaya qapılaraq həqiqəti deyib. Nəvə şirin şeydir axı. Doğru deyir, bizim dövlət məktəbləri onun nəvələrinə layiq deyil. Bizim təhsil o qədər yararsızdır!
Bəs niyə bizim balalara layiqdir? Bəs niyə bizim xalqa layiqdir? Sual budur!