«Azadlıq» qəzeti bu ilin ikinci yarısı üçün də KIV-in Inkişafına Dövlət Dəstəyi Fondunun ayırdığı maliyyə yardımından qıraqda qalıb
Fond “Azadlıq” qəzetinə yardımını 2013-cü ilin sonuncu rübündən dayandırıb. Həmin vaxt buna səbəb kimi məhkəmə iddiaları üzrə cərimələnən qəzetin bank hesabına qoyulan həbslər, hesaba daxil olan vəsaitin cərimələrin ödənməsinə yönəldilməsi göstərilib. Fond bəyan edib ki, onun layihələrin reallaşdırılmasına ayırdığı vəsait məhkəmə cərimələrinin ödənməsinə sərf oluna bilməz. 2013-cü ilin sonlarında “Azadlıq” məhkəmə cərimələrini ödəyib, qəzetin bank hesabından həbs götürülüb. Bundan sonra redaksiya KIV-in Inkişafına Dövlət Dəstəyi Fondunun yardımını almaq üçün müraciət etsə də, qəzetin istəyi təmin olunmayıb.
2014-cü il iyunun 27-də bəlli olub ki, ötən ilin üçüncü rübündən KIV-in Inkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımından məhrum olan “Azadlıq” qəzeti 2014-cü ilin ikinci yarısında da fonddan yardım ala bilməyəcək. Belə ki, iyunun 27-də KIV-in Inkişafına Dövlət Dəstəyi Fondu bu ilin ikinci yarısı üçün 33 qəzetə maliyyə yardımı ayrılması barədə qərar qəbul edib. Həmin qəzetlərin sırasında “Azadlıq” yoxdur.
Iyunun 30-da KIV-in Inkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli “Media forum” saytına deyib ki, “Azadlıq” qəzeti 2014-cü ilin ikinci yarışı üçün maliyyə yadımı almaq məqsədilə fonda müraciət etməyib: “Bunun səbəbləri bizə dəqiq məlum deyil. Amma yəqin ki, dəfələrlə xəbərdarlıq aldıqlarına görə fonda müraciət etməyiblər”.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev isə “Media forum”a bildirib ki, fonda bu qurumun “Azadlıq”la əməkdaşlıq etmək fikrində olmadığını gördükləri üçün müraciət etməyiblər.
Rahim Hacıyev qeyd edib ki, KIV-in Inkişafına Dövlət Dəstəyi Fondu 2013-cü ilin sonlarından “Azadlıq” qəzeti ilə əməkdaşlığı dayandırıb: “2013-cü ilin ikinci yarısı üçün fond bizim qəzetə 60 min manat maliyyə ayrılması barədə qərar qəbul etmişdi. Bu vəsait redaksiyaya hissə-hisə, ayda 10 min manat olmaqla verilir. 2013-cü ilin sonlarına yaxın KIV-in Inkişafına Dövlət Dəstəyi Fondu ”Azadlıq”ın bank hesabına həbs qoyulduğunu, hesaba daxil olan vəsaitin məhkəmə cəriməsinə tutulduğunu bəhanə gətirərək bizimlə əməkdaşlığı dayandırdı. Hətta həmin ilin oktyabr-noyabr aylarında fondun müəyyənləşdirdiyi layihə üzrə işləri reallaşdırsaq da, fond həmin ayların pulunu – 20 min manat vəsaiti bizə ödəməkdən imtina etdi.
Bank hesabımız açılandan, yəni məhkəmə cəriməsini ödəyəndən sonra fonda bir daha müraciət etdik. Müraciətimizi qəbul etmədilər, “Azadlıq” qəzetinin fəaliyyətini araşdırmaq üçün qrup yaratdılar. Bəlli oldu ki, fond artıq “Azadlıq”la əməkdaşlıq etmək fikrində deyil. Çox absurd arqumentlərlə qəzetə 2014-cü ilin birinci rübü üçün vəsait ayırmamaq barədə qərar çıxardılar. Bu addımın açıq-aşkar siyasi sifariş olduğu görünür. “Azadlıq” Azərbaycan hakimiyyətinə qarşı sərt tənqidi mövqedə durduğuna görə maliyyə yardımından məhrum edilib. 2013-cü ilin oktyabr-noyabr aylarında layihəni icra etdiyimiz halda vəsait ödəməkdən imtina edən qurumun bizə yenidən vəsait ayıracağı qənaətinə gəlmək üçün artıq heç bir əsas yox idi. Ona görə də sonuncu müsabiqədə fonda müraciət etmədik”. ÿ
KIV-in Inkişafına Dövlət Dəstəyi Fondu bu ilin ikinci yarısı üçün 33 qəzetə maliyyə yardımı ayrılması barədə qərar qəbul edib. 11 qəzetin hər birinə 60 min, 8 qəzetin hər birinə 40 min, 4 qəzetin hər birinə 30 min, 4 qəzetin hər birinə 20 min, 1 qəzetə 10 min, 5 qəzetin hər birinə 9 min manat məbləğində vəsait ayrılması qərara alınıb.
Bu vəsaitlər redaksiyalara KIV-in Inkişafına Dövlət Dəstəyi Fondunun müəyyənləşdirdiyi istiqamətlər üzrə layihələrin reallaşdırılması məqsədilə verilir.


