Bu nazirliyin qapısından 5 quruş rüşvət girməyəcək
Nemət Əliyev: «Səlim Müslümovun fikirləri qeyri-real görünür və hər gün vətəndaşlar şəxsi təcrübədə rüşvətin şahidi olurlar»
Modern.az saytının məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov işçilərinə xəbərdarlıq edib və rüşvətə qarşı amansız olacağını bildirib: “Söz vermişəm ki, bu nazirliyin qapısından beş quruş da içəri rüşvət girməyəcək. Işçilərimə də bu barədə qəti tapşırıq vermişəm. Bildirmişəm ki, kim vətəndaşlardan rüşvət alsa, işdən çıxarılacaq. Bəzən əlilliyin təyin olunması ilə bağlı şikayətlər gəlir. Ötən şənbə günü mən bu zalda Tibbi Sosial Ekspert Komissiyalarının (TSEK) rəhbərləri ilə görüşdə təkrar onlara bu barədə xəbərdarlıq etdim”.
Nazir bildirib ki, bərbərxanada olarkən ona bildiriblər ki, bir nəfər əlilliyin təyin olunması ilə bağlı get-gələ salınır. Düzdür, məmur birbaşa rüşvət istəməsə də dolayı yolla, vətəndaşı get-gələ salmaqla, süründürməçilik yolu ilə rüşvət istəyib.
S.Müslümov TSEK rəhbərlərinə nazirliyə dəvət olmadan gəlməyin də qadağan edildiyini söyləyib: “Mən zaldan hamını çıxarıb onlarla təkbətək söhbət etdim. Soruşdum ki, bəlkə kimsə bu nazirlikdən sizdən rüşvət istəyir? Cavabları belə oldu ki, əvvəllər istəyirdilər, amma siz bura nazir təyin olunduqdan sonra belə bir hal olmayıb”.
Demək olar ki, əhali arasında ən çox narazılıq məhz ƏƏSMN-lə bağlıdır. Belə ki, ünvanlı sosial yardım alanlar, əlillik dərəcəsi almaq istəyənlər süründürməçiliyin qurbanı olur və rüşvət verməyə məcbur olurlar. Heç kimə sirr deyil ki, ünvanlı sosial yardımın 6 ayı vətəndaşdan rüşvət kimi alınır. Yaxud əlillik dərəcəsini almaq üçün müəyyən məbləğ tələb olunur.
Hətta Səlim Müslümov nazir təyin olunan zaman etiraf etmişdi ki, bu sahədə neqativ hallar, korrupsiya faktları var. Deyilənə görə, yeni nazir təyin olunduqdan sonra bu sahədə müəyyən islahatlar aparılıb. Ancaq rüşvətin kökünün tamam kəsilməsi, tam şəffaflığın təmin olunmasını demək çətindir.
Azərbaycandakı real vəziyyəti nəzərə alsaq, Səlim Müslümovun “Söz vermişəm ki, bu nazirliyin qapısından beş quruş da içəri rüşvət girməyəcək” vədi real görünmür və nazir çox iddialı danışıb.
Iqtisadçı ekspert Nemət Əliyev hesab edir ki, Səlim Müslümovun fikirləri reallıqdan uzaqdır və tabeliyində olan adamlar da bu sözləri gülüşlə qarşılayır: “Hansı dövlət qurumunun rəhbəri etiraf edər ki, bizim nazirlikdə rüşvət, korrupsiya, qeyri-şəffaflıq var? Belə bir nümunə yoxdur. Ancaq sadə vətəndaşdan, beynəlxalq təşkilatlara qədər hər kəs bilir ki, Azərbaycanda bütün sahələr korrupsiyalaşıb və bunu inkar etmək mümkün deyil. Çünki ölkə vətəndaşları hər gün ölkədə baş verənləri sınaqdan çıxarır və şəxsi təcrübədə real vəziyyəti görə bilir. Məsələn, əlillik dərəcəsi almaq istəyən vətəndaş tibbi komissiyadan keçməlidir və komissiyanın nəticəsinə görə dərəcə almalıdır. Ancaq Azərbaycan reallığında həmin vətəndaşın başına o qədər müsibətlər gətirirlər ki, insan intihar həddinə çatır. Yaxud əlillik dərəcəsi almağa haqqı olmayan adam, müəyyən rüşvət qarşılığında istədiyi dərəcəni ala bilir. Ünvanlı sosial yardım alanların statistikası aparılsa məlum olar ki, bu prosesdə külli miqdarda rüşvət alınıb. Ona görə də Səlim Müslümovun fikirləri qeyri-realdı və baş verənlərlə ziddiyyət təşkil edir. Sadəcə olaraq ictimaiyyətin gözünə kül üfürülür”.
Akif


