aliyev-kerimli2

Hakimiyyət avropalı deputatların gözü qarşısında özünü biabır etdi

Əliyevin otelində ermənilər görüş keçirə bilər, Əli Kərimli yox?

Bakıda ATƏT Parlament Assambleyasının iclaslarının keçirilidiyi Fairmont otelində siyasi rüsvayçılıq baş verib. Assambleyanın bir neçə deputatı, Peter Juel Jensen, Karsten Lauritzen və xanım Livholm Sorensen iyunun 30-da AXCP sədri Əli Kərimli ilə həmin oteldə görüşmək istəyiblər. Lakin təhlükəsizlik qüvvələri görüşə imkan verməyiblər. Bu barədə AXCP lideri özünün Facebook səhifəsində məlumat paylaşıb.
“Bu gün İlham Əliyev daha bir ilkə imza atdı. Bildiyiniz kimi, ATƏT Parlament Assambleyasının iclasları Bakıda – onun ailəsinə məxsus olan Fairmont otelində (“Alov qüllələri”ndə) keçirilir. Parlament Assambleyasının bir neçə üzvü mənimlə görüşmək istəmişdilər. Bu məqsədlə məni onların tədbirinin keçirildiyi Fairmont otelinə dəvət etmişdilər. Ölkəmizə növbəti utanc gətirəcək hadisə də orada baş verdi.
Təhlükəsizlik qüvvələri 3 nəfər avropalı deputat və ATƏT katibliyinin nümayəndəsinin mənimlə otelin foyesində görüş keçirməsinə imkan vermədilər. Görüşümüzün dayandırılmasını tələb etdilər. Məni belə münasibət təəccübləndirməsə də, avropalı deputatlar qarşılaşdıqları hadisədən şoka düşmüşdülər. Onlar hökumətin mənə son 8 ildə pasport vermədiyini, partiyamızın dəfələrlə qərargahdan çıxarıldığını bilsələr də, görünür, bu qədərini gözləmirdilər. Xeyli mübahisə etdilər. Belə münasibətin qəbuledilməz olduğunu dəfələrlə vurğuladılar, xeyri olmadı. Bu dəfə də avropalı deputatlar bizim “təhlükəsizlik” qüvvələrini təəccübləndirdilər. Mənimlə birlikdə oteli tərk etdilər. Şəhərdə kafelərin birində görüşümüzü davam etdirdik. 2 saat ərzində hər şeydən danışdıq. Amma hiss edirdim ki, görüşümüzün sonuna qədər onlar oteldə üzləşdikləri hadisənin təsiri altındaydılar. Bakıda tez-tez tolerantlıq konfransları keçirən İlham Əliyevin prinspial müxalifətə düşməncəsinə münasibətinin şahidi olmuşdular. Həqiqətən də yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır”, – deyə AXCP sədri yazıb.

Əli Kərimli avropalı deputatlarla kafedə görüşündən onların çəkdiyi fotonu da məlumata əlavə edib.

Xatırladaq ki, ATƏT PA-nın sessiyasında erməni deputatlar da iştirak edirlər və onlar əlbəttə ki, Fairmont otelə sərbəst girib-çıxır, orada görüşlərini keçirirlər. Belə görünür ki, Azərbaycan hakimiyyəti üçün hətta ermənilərin də Bakıda görüş keçirməsinə şərait yaratmaq məqbuldur, amma Əli Kərimlinin görüşlərinə imkan vermək yox.
Şübhəsiz, Fairmont biabırçılığı otel administrasiyasının özfəaliyyəti ola bilməz. Bu, AXCP sədrinə qarşı ən yüksək səviyyədə hakimiyyətin münasibətindən (və bəlkə də verilən sifarişindən) irəli gəlir. Avropalı qonaqların gözləri qarşısında belə bir rüsvayçılığa qol qoymağın səbəbi isə yəqin ki, Əli Kərimlinin beynəlxalq təmaslarından hakimiyyətin keçirdiyi narahatçılıqdır. Ona 8 ildir heç bir səbəb olmadan xarici pasport verməmək də şübhəsiz, bu motivdən irəli gəlir.

İnformasiya şöbəsi