AMDP qurultaya hazırlaşır

Məclis üzvləri Tufan Kərimin səlahiyyətlərini dondurdular

Nurəddin İsmayılov: «Bozqurd» olaraq iyirmi üç ildir ki, xalqın yanındayıq və bundan sonra da xalqımızın istəyinə uyğun siyasət yürüdəcəyik»

Aprelin 24-də Azərbaycan Milli Demokrat (“Bozqurd”) Partiyasının (AMDP) Böyük Məclisinin iclası keçirilib. Qeyd edək ki, partiyanın məclisi 2008-ci il qurultaydan sonra çağırılmayıb. Toplantıda 51 məclis üzvündən 31-i iştirak edib. Çağırılan məclis uzun müddətdir mətbuatda AMDP ilə bağlı müzakirə mövzusu olan bir sıra məsələlərə aydınlıq gətirib. Məclis üzvləri partiyanın sədri Tufan Kərimi səlahiyyətlərini qurultaya qədər dondurub. Növbəti qurultayın vaxtının təyin olunması isə yaradılan Təşkilat Komitəsinin səlahiyyətlərinə verilib. Nizamnaməyə görə, növbəti qurultay üç aydan gec olmayaraq çağırılmalıdır. Partiyanın qurultayına hazırlıq məqsədi ilə Təşkilat Komitəsi yaradılıb və səsvermə yolu ilə 9 nəfər üzv seçilib.
Bu barədə məlumatı AMDP Siyasi Şurasının üzvü, partiyanın 7 təsisçisindən biri olan Nurəddin Ismayılov verib. N.Ismayılovun sözlərinə görə, məclisin iclasında bir sıra mühüm məsələlərə toxunulub: “Məclisdə gündəlikdə duran cari məsələlər müzakirə olundu, müxtəlif fikirlər və təkliflər səsləndi. Partiyanın rayon təşkilatları ilə daha çox işləmək təklif olundu. Həmçinin, Ictimai Palatada təmsil olunmaq barədə təkliflər irəli sürüldü. Bundan başqa, partiya sədri Tufan Kərimin səlahiyyətlərinin dondurulması barədə qərar qəbul olundu. Çünki qurultaya qədər bütün səlahiyyətlər Təşkilat Komitəsinə verilir”.
N.Ismayılovun sözlərinə görə, AMDP-nin son məclisinə partiya sədri və ona yaxın məclis üzvləri dəvət olunsalar da tədbirdə iştirak etməyiblər: “Tufan Kərimin partiyanın mövqeyinə zidd istiqamət götürməsi, mövqeyimizi əks etdirməyən bəyanatlar verməsi bizim bu qərara gəlməyimizə səbəb oldu. Biz ”Bozqurd” partiyası olaraq iyirmi üç ildir ki, xalqın yanındayıq və bundan sonra da xalqımızın istəyinə uyğun siyasət yürüdəcəyik”.
Onu da qeyd edək ki, AMDP Böyük Məclisi bəyanatla da çıxış edib. Bəyanatda deyilir ki, partiya sədrinin Böyük Məclisin seçdiyi Siyasi Şuradan və məclis üzvlərinin əksəriyyətindən gizli məclis keçirib bəyanatlar verməsi partiya nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Böyük Məclis öz səlahiyyətləri çərçivəsində Siyasi Şura və MNTK-nin rəylərini nəzərə alaraq Tufan Kərimin səlahiyyətlərini dondurmaq və bunu qurultayın müzakirəsinə çıxarmaq qərarı verib.

Xəyal