2014 Dünya Çempionatının 1/8 final mərhələsində növbəti qarşılaşma Kosta-Rika və Yunanıstan milliləri arasında olub. Komandalar oyunun birinci hissəsində qapılara yol tapa bilməyiblər. İlk hissə 0:0 hesabı ilə başa çatıb.
İkinci hissənin əvvəllərində Kosta-Rikanın kapitanı Ruiz komandasını sevindirib. 51-ci dəqiqədə dəqiq zərbə ilə hesabı açıb – 1:0.
65-ci dəqiqədə Kosta-Rika oyunçusu Oskar Duarte ikinci sarı kart alaraq komandasını azlıqda buraxıb. Yunanıstan isə bu üstünlükdən yalnız 90+1 dəqiqədə faydalana bilib. Sokratis oyunun əsas vaxtı bithabitdə hesabı bərabərləşdirib.
Əsas vaxta əlavə edilmiş 30 dəqiqəlik artırmada komandalardan heç biri fərqlənə bilməyib. Qalibi penalti zərbələri ilə müəyyənləşdirmək lazım gəlib.
Penalti zərbələrində isə Kosta-Rikanın şansı gətirib. Qapıçı Navas yunanların zərbələrindən dördüncünü qaytara bilib. Kosta-Rikadan Umana isə özündən əvvəlki komanda yoldaşları kimi topu qapıya dəqiq göndərib. Yunanların 5-ci zərbəni sınamalarına isə ehtiyac qalmayıb. Kosta-Rika penallaşmadan 5:3, ümumi isə 6:4 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
Kosta-Rika 1/4-də Hollandiya komandasına qarşı oynayacaq.