Avropa Azərbaycanı necə qarşıladı, Ukraynanı necə?

Bu həftə Avropa Şurasının Parlament Assambleyasında keçirilən sessiya bir çox yeniliklərlə yadda qaldı.
Məsələn, Azərbaycan prezidenti İlham Əliyevin son 10 il ərzində AŞPA-ya ilk səfəri və Azərbaycanın sədrliyi altında keçirilən ilk sessiya oldu. Bu sessiya, həmçinin Rusiya nümayəndə heyətinin iştirakı olmadan keçirilən ilk tədbir idi. Rusiya Krımı ilhaq edəndən sonra AŞPA sanksiya olaraq Rusiyanı bu qurumda səsvermə hüququndan məhrum edib.
Amma mənim üçün ən maraqlısı, İlham Əliyevin çıxışından iki gün sonra Ukrayna prezidenti Petro Poroşenkonun çıxışını izləmək idi.
İlham Əliyevin çıxışından sonra ona yönəldilən sualların əksəriyyəti insan haqları pozuntuları və ya siyasi məhbuslar narahatlıqları barədə idi. Cənab Poroşenkoya edilən müraciətlərin mahiyyəti isə əsasən “dəstək” və “qardaşlıq” idi.
Fərq, təkcə Assambleyanın tərkibində mövcud deyildi.
İlham Əliyevi Strasburqda iki etiraz aksiyası qarşıladı: birini Sərhədsiz Reportyorlar təşkilatı, ikincisini isə Avropada yaşayan azərbaycanlı mühacirlər təşkil etmişdi. Petro Poroşenkonu isə “Ukraynanın Avropalı gələcəyini” dəstəkləyən diaspora üzvləri qarşıladı.
Əliyevi qarşılayanların əynində həbsdə olan fəalların köynəkləri, Poroşenkonu qarşılayanların köynəklərində isə güllər.

İlham Əliyevin qəzəbi

Ola bilsin, iki prezidentin çıxışlarını və onlara reaksiyaları müqayisə etmək, ingilislər demiş, “alma ilə portağalı” müqayisə etmək kimidir.
Amma bu fərqləri birləşdirən cəhət var – Rusiyanın sessiyada iştirak etməməsi.
Rusiya AŞPA-da Azərbaycanı dəstəkləyən ən böyük qüvvələrdən biridir. Bu ölkənin nümayəndə heyətinin bu dəfə Strasbourgda olmaması, həm Poroşenkoya göstərilən dəstəyi, həm də Əliyevə ünvanlanan tənqidlərin çəkisini artırdı.
Poroşenkonun çıxışından əvvəl keçirilən debatda cəmi bir Assambleya üzvünün Rusiyanı müdafiə etməsini eşitdim. Macarıstanlı Marton Gyöngyösinin fikrincə Rusiyaya “işğalçı”, Ukraynaya isə “qurban” kimi baxmaq – “qərəzlidir”; Krım məsələsi böhranın səbəbi deyil, nəticəsidir. Əksəriyyət Ukraynaya “dəstək” barədə danışıb, Rusiya barədə “sərt mövqe” göstərməyin önəmini bildirib.
Güman edirəm ki, Petro Poroşenko Avropa Şurasının binasından çıxarkən özünü daha inamlı və daha nikbin hiss edirdi. İlham Əliyev isə sona yaxın daha da qəzəbli cavablar verməyə başladı, bəzilərinin dediyinə görə “qəzəbdən üzü qızarmışdı”. Bunu təsdiqləyə bilmərəm – ona o qədər yaxın oturmamışdım.
Amma bir şey aydındır: AŞPA-nı “debatlar klubu” adlandırsalar da, o, həmçinin üzv ölkələrə münasibətini də təzahür edir.

Leyla Nəcəfli, BBC Azərbaycanca