Onun yerini Avropa Birliyinin patriarxlarından sayılan lüksemburqlu Jan Klod Yunker tutdu
Ukrayna, Moldova və Gürcüstanın Assosiativ saziş imzaladığı Avropa Birliyinə üzv dövlətlərin liderləri Avropa Komissiyasının prezidenti postuna Lüksemburqun sabiq baş naziri Jan Klod Yunkeri təyin edib. Joze Manuel Barrozunun yerini tutacaq siyasətçinin təyinatının təsdiq olunması üçün iyulun 16-da Avropa Parlamentində səsvermə keçiriləcək. Avropa liderlərindən 26-ı məhz onun bu vəzifəyə gətirilməsini dəstəkləyib, yalnız Britaniya baş naziri Kemeron və Macarıstanın baş naziri Orban onun əleyhinə səs verib.
Qeyd edək ki, Barrozu bir neçə dəfə İlham Əliyev hakimiyyətinə çox zəruri olan dəstəyi göstərib. İlham Əliyevin 3-cü dəfə prezident seçilmək məsələsi gündəmə gələn zaman ən böyük dəstək məhz Barrozudan gəlmişdi. Hazırda isə Əliyev AB-dakı bu dəstəyindən də məhrum oldu.
Ekspertlərin fikrincə, Lüksemburqun keçmiş baş naziri Jan Klod Yunker Avropa Birliyinin patriarxlarından sayılır. O, indiki Avropa Birliyinin formalaşmasında mühüm mərhələlərdən biri olan Mastrixt razılaşmasının əsas müəlliflərindən hesab olunur. Avropa Birliyinin ən müxtəlif sahələr üzrə siyasətinin strateji istiqamətlərinin müəyyənləşməsində bu şəxsin çox böyük rolu olub. Yunker daima Brüsselə maliyyə sahəsində daha böyük səlahiyyətlərin verilməsi təşəbbüsü ilə çıxış edir. Bununla yanaşı o Avropa Birliyinin və birliyə daxil olan ölkələrin sərt büdcə siyasəti yeritməsi uğrunda mübarizə aparır. Qeyd etmək vacibdir ki, onu Avropa Birliyinin komissiyasının prezidenti kimi görmək istəyən ən böyük şəxslərdən biri Almaniyanın kansleri Merkeldir. Avropa Birliyinin lokomativi olan Almaniyanın Yunkeri dəstəkləməsi onu səmərəli fəaliyyət göstərməkdə xeyli kömək edəcək. Yunker Avropa Birliyinin daha da genişlənməsinin tərəfdarı kimi çıxış edir. Təsadüfi deyil ki, o bir müddət öncə Moldovanı Rusiya ilə üzü-zə qalmaqdan xilas etmək üçün bu ölkə ilə mümkün qədər tez assosiasiya müqaviləsinin bağlanmasının zəruri olduğunu bildirmişdi.
Azərbaycana gəldikdə isə qeyd etmək lazımdır ki, Avropa Birliyinin ölkəmizi Avrointeqrasiya yoluna çıxarmaq qərarı faktiki olaraq Yunkerə qədər verilib. Bu barədə Bakıda olarkən Avropa Birliyinin komissiyasının keçmiş prezidenti Barrozu çox açıq mesajlar vermişdi. Azərbaycanla daha yaxından əməkdaşlıq və ölkəmizi assosiasiya müqaviləsinə qoşmaqla bağlı birliyin artıq ümumi qərarı var. Şübhə edilmir ki, yeni prezident də bu qərarın yerinə yetirilməsi istiqamətində əməli addımlar atacaq.
Xəyal


