xin-yeni

Səfirliklərdə “nurçu əməliyyatı”

Prezident Administrasiyasına yaxın qəzetdən sensasion məlumat

Azərbaycanın hüquq-mühafizə orqanları ölkəmizdəki səfirlik və diplomatik nümayəndəliklərində əməliyyatlara başlayır. Bu barədə məlumatı Prezident Administrasiyasına yaxınlığı ilə seçilən “Olaylar” qəzeti yayıb. Məlumata görə, əməliyyatlarda məqsəd səfirlik və diplomatik nümayəndəliklərin nurçulardan təmizlənməsidir.

Iddialara görə, həmin strukturlarda “Gülən camaatı”nın kifayət qədər agentləri var. Qəzet yayzır: “Xarici ölkə səfirliklərində çalışan nurçuların Azərbaycanla bağlı bir sıra məlumatları gizli yollarla lazım olan obyektlərə çatdırılması barədə dəqiq faktlar olmasa da belə bir ehtimal mümkündür. Hələ bir neçə ay bundan qabaq ”Çağ” Öyrətim Işlətmələrinin rəhbəri, türkiyəli iş adamı Ənvər Özərənin “Gülən camaatı”nın lideri Fətullah Gülənə Azərbaycanla bağlı göndərdiyi məxfi məktub təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən üzə çıxarılmışdı. 

Həmin məktubda Özərən Gülənə öz adamlarının Azərbaycanın dövlət strukturlarına yerləşdirilməsi barədə məlumat verib. Müxtəlif yollarla Azərbaycanın daxili siyasətinə sızmış nurçu şəbəkəsinin indi xarici ölkələrin diplomatik nümayəndəliklərində fəaliyyətinin olması iddiası bu halda təsdiq edilə bilər. Istənilən yolla Azərbaycan, Türkiyə və digər türk respublikalarına təxribat yolu ilə hakimiyyəti ələ keçirmək istəyən nurçu şəbəkəsi üçün xarici ölkə səfirlikləri daha məqsədəuyğun yer sayılmalıdır. Çünki bəzi Qərb dövlətlərinin Azərbaycan da daxil olmaqla digər ölkələrdə çevriliş etmək planlarının olduğu bildirilir. Əslində bunlar fakt şəklində də ortadadır. Son Ukrayna hadisələri buna bariz nümunədir. Tez-tez Avropa və Amerika mediasında da bununla bağlı kifayət qədər məlumatlar dərc edilir. Məsələn, həmin ölkələr arasında Fransa, Ingiltərə, ABŞ və digər dövlətlərin adlarını çəkmək mümkündür. Nurçuların Qərb tərəfindən bu məqsədlə maliyyələşdirildiyi sirr deyil…  

…Hüquq mühafizə orqanlarının başladacağı əməliyyatlardan sonra məsələlərə aydınlıq gətiriləcək. Yaxın gələcəkdə əməliyyatın üçüncü dalğasına start veriləcək. Çox güman ki, bundan sonra fəaliyyətlərində Azərbaycan üçün təhlükəli impulslar olan səfirliklər ictimaiyyət qarşısında ifşa olunacaqlar. Indidən dəqiq proqnoz vermək çətin məsələdir, amma ilkin iddialara əsasən, şəbəkənin səfirliklərə yerləşdirdiyi agentləri arasında strukturlarda yüksək vəzifə tutan şəxslərin olduğu deyilir. Məsələn onların arasında 1-ci, 2-ci katib, attaşe səviyyəsində vəzifə tutanların olması iddia olunur”.